• Təqvim

  • Maraq



Bu gün Qazaxın igid oğlu şəhid Əlləz Əlləzovun doğum günüdür


Mənfur düşmənlə 168 km məsafədə sərhədi olan, Qərbin qapısı sayılan Qazax elinin, bu torpağın yetişdirdiyi igid oğullar hər zaman vətənpərvər ruhda böyüyüblər. Zaman-zaman bu yurdun oğulları "Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir” şüarı ilə Şəhidlik adlı müqəddəs amal uğrunda döyüşə atılıblar. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda Qazax rayonu Birinci Qarabağ müharibəsində 288 nəfər, 44 günlük Vətən müharibəsində 51 nəfər şəhid verib. Qazaxın 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb.

Şəhidlik adlı zirvəyə ucalmağı özünə şərəf və qürur yeri sayan Qazaxın igid, cəsur oğullarından biri də 2019-cu il martın 26-da Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən bölmələrimizin mövqelərinin atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, Yuxarı Salahlı kənd sakini Əlləzov Əlləz Ələddin oğludur. O, 6 noyabr 1999-cu ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdu. 2017-ci ildə şəhid Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbi bitirmişdi. 5 yanvar 2018-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılıb. 2019-cu ilin 26 martında şəhadətə qovuşan şəhidimiz bir gün sonra – martın 27-də doğulduğu Yuxarı Salahlı kənd qəbiristanlığında böyük izdihamla dəfn olunub. Vətən uğrunda canından keçərək Şəhidlik zirvəsinə ucalan şəhidimizin bu gün cənnətdəki doğum gününü hər kəs qeyd edir.

GOYEZEN.AZ saytı olaraq Vətən uğrunda şirin canından keçən şəhidimizi ehtiramla anır, ruhu qarşısında baş əyirik. Ruhun şad, məkanın cənnət olsun Şəhidim!




Facebook-da paylaş