Şəhidlərimiz bizim iftixar yerimizdir
Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------- Şəhidlər – həmişə vətənpərvər olan, yadelli işğalçılara
qarşı qəhrəmancasına mübarizə aparan, Vətənini düşməndən azad etmək üçün ölümün
gözünə dik baxan Azərbaycanın igid, cəsur oğul və qeyrətli qızları. Vətən
naminə canlarını qurban verməkdən çəkinməyən, bu yolda öz qanları ilə adlarını
Şəhidlik adlı uca bir zirvəyə yazanlar isə hər zaman qəlblərdə yaşayırlar. Onların keçdiyi döyüş yolunu gənclərə çatdırmaq,
onlarda vətənpərvərlik hissini formalaşdırmaq, Şəhidlik zirvəsinə ucalanların
xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər bir Azərbaycan
vətəndaşının ən müqəddəs borcu olmalıdır. Bizim üçün canlarını qurban etdiklərinə görə
ömür boyu şəhidlərimizin ruhu qarşısında baş əyməliyik. Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi
tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Vətənimizin müdafiəsi
uğrunda döyüşə atılan igid oğullarımız minlərlədir. Qazaxlılar da hər
zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi,
döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə
olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan, Bağanıs Ayrım,
Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı
Əskipara kimi 7 kəndi mənfur düşmənin işğalına məruz qalan Qazax rayonu
Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda xeyli sayda şəhid verib. 7 nəfər
igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə
döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah
da olacaq... Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından
keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur.
Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir.
Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə
daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların
xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların
abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir.
Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri,
ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu
istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı
dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs
məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli
əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər.
Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı
Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə
yaradılıb ki, bu, şəhidlərimizə olan hörmət və etiramın daha bir bariz
nümunəsidir. Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş
şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının
Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz
xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq
bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və
anım günü olan şəhidlərimizdən – baş çavuş Səməd Hacıyevin, Gündüz
Sadıqovun, Şiddət Məmmədovun, Məhəmməd Əsgərovun, Məhəmməd
Alisgəndərovun, Şahin Mustafayevin, İslam Nəsibovun, Mərdan Nuruyevin,
Nüsrəddin Pirvəliyevin, çavuş Kamil Kərimovun, Elşad
Sanıyevin əziz xatirəsini
ehtiramla yad edirik. Baş çavuş Hacıyev Səməd Məmməd oğlu Hacıyev
Səməd Məmməd oğlu 28 iyun 1972-ci ildə Qazax rayonunun Orta Salahlı kəndində
anadan olmuşdur. 1980-ci ildə Orta Salahlı kənd tam orta məktəbin birinci
sinfinə daxil olmuş, 1989-cu ildə həmin məktəbin onuncu sinfini bitirmişdir.
1990-cı ildə həqiqi hərbi xidmətə getmişdir. Baş çavuş Səməd Hacıyev 13 aprel
1993-cü ildə Ağdam rayonunun Xocavənd kəndi uğrunda gedən döyüşlərdə şəhid
olmuşdur. 1994-cü il mart ayının 1-dən Orta Salahlı kənd tam orta məktəbi şəhid
Səməd Hacıyevin adını daşıyır. 1996-cı ildə dostu Qınnayev Nazim Camal oğlu tərəfindən
xatirəsini əbədiləşdirən bulaq tikilib. 2019-cu ildə qardaşı Hacıyev Ramin Məmməd
oğlu tərəfindən bulaqda yenidənqurma işləri aparılıb. Sadıqov Gündüz Əhəd oğlu Sadıqov Gündüz Əhəd oğlu 29 iyun 1962-ci ildə Qazax
rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1969-cu ildə Aşağı Əskipara
kənd orta məktəbin birinci sinfinə getmişdir. 1979-cu ildə həmin məktəbin onuncu
sinfini bitirmişdir. Keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin
müdafiəsində ermənilərlə döyüşlərdə iştirak etmişdir. 5
yanvar 1994-cü ildə şəhid olmuşdur. Məmmədov Şiddət Məmməd oğlu Məmmədov
Şiddət Məmməd oğlu 5 yanvar 1972-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində
anadan olmuşdur. 1979-cu ildə Quşçu Ayrım kənd məktəbin birinci sinfinə daxil
olmuş, 1989-cu ildə həmin məktəbi bitirmişdir. Məmmədov Şiddət Məmməd oğlu 30
iyun 2000-ci ildə Quşçu Ayrım kəndi ərazisində ot gətirən zaman düşmənin açdığı
atəş nəticəsində şəhid olmuşdur. Subay idi. Əsgərov Məhəmməd İsmayıl oğlu Əsgərov
Məhəmməd İsmayıl oğlu 30 iyun 1941-ci ildə Qazax rayonunun Kəmərli kəndində
anadan olmuşdur. 1965-ci ildə Ermənistanın Ayrım stansiya Konserv Zavodu
yaşayış məntəqəsinə köçərək orda yaşamışdır. 1988-ci ildə yenidən Kəmərliyə
qayıtmış, kənddə müxtəlif işlərdə fəhlə işləmişdir. 1994-cü ildə avqustun 3-də
minaya düşərək şəhid olmuşdur. Alisgəndərov Məhəmməd Mahmud oğlu Alisgəndərov Məhəmməd Mahmud oğlu 1 iyul 1933-cü
ildə Qazax rayonunun Əli Bayramlı
(hazırki Aslanbəyli) kəndində anadan olmuşdur. Aslanbəyli kəndində yaşamışdır.
15 iyun 1994-cü ildə Qazax rayonunun Aslanbəyli kəndi ilə Ermənistan Respublikasının sərhədində ermənilər tərəfindən
atılan atəş nəticəsində şəhid olmuşdur. Aslanbəyli
kənd qəbiristanlığında dəfn olunmuşdur. Mustafayev Şahin Cəmşid oğlu Mustafayev Şahin Cəmşid oğlu 1 iyul 1975-ci ildə
İcevan rayonunun Mirteyl kəndində anadan olmuşdur. 1993-cü ildə Milli Ordu
sıralarına çağrılan Şahin 888-ci briqadada hərbi xidmətə başlamışdır. 703 saylı
hərbi hissənin tərkibində Tərtər su anbarı və "Qlobus” yüksəkliyi uğrunda gedən
döyüşlərdə daha inamla döyüşərək yoldaşları ilə birlikdə məkrli niyyətləri olan
erməniləri torpaqlarımızdan uzaqlaşdırmağa can atır. İgid əsgər 1994-cü il
aprel ayının 25-də Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olaraq əbədiyyətə
qovuşur. Nəsibov İslam Yusif oğlu Nəsibov
İslam Yusif oğlu 1 iyul 1957-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində
anadan olmuşdur. 1964-cü ildə Aşağı Əskipara kənd tam orta məktəbin birinci
sinfinə getmişdir. 1974-cü ildə həmin məktəbin onuncu sinfini bitirmişdir.
1975-ci ildə keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin
müdafiəsində ermənilərlə döyüşlərdə iştirak etmişdir. 5 noyabr 1991-ci ildə şəhid olmuşdur. Aşağı
Əskipara kənd tam orta məktəb şəhid İslam Nəsibovun adını daşıyır. Nuruyev Mərdan Məmməd oğlu Nuruyev
Mərdan Məmməd oğlu 1 iyul 1970-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində
anadan olmuşdur. 1977-ci ildə Yavər Mirzəyev adına Quşçu Ayrım kənd orta məktəbin
1-ci sinfinə daxil olmuş, 1988-ci ildə həmin məktəbi bitirərək sovet ordusu
sıralarına çağrılmışdır. Mərdan Nuruyev daha sonra Milli Ordu sıralarında xidmət
etmişdir. 8 mart 1992-ci ildə Məzəm kəndində düşmən tərəfin açdığı atəş nəticəsində
şəhid olmuşdur. Pirvəliyev Nüsrəddin Hüseyn oğlu Pirvəliyev
Nüsrəddin Hüseyn oğlu 1 iyul 1957-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində
anadan olmuşdur. 1964-cü ildə Quşçu Ayrım kənd tam orta məktəbin birinci sinfinə
daxil olmuşdur. 1975-ci ildə məktəbi bitirmiş və sovet ordusu sıralarına
yollanmışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra M.Ə.Sabir adına sovxozda işləmişdir. Pirvəliyev Nüsrəddin Hüseyn oğlu 17 sentyabr
2010-cu ildə Kəmərli kəndində hərbi hissə tikintisində çalışan zaman erməni
silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olmuşdur. Çavuş Kərimov Kamil Ələddin oğlu Şəhid
çavuş Kərimov Kamil Ələddin oğlu 2
iyul 1995-ci ildə Qazax rayonunun Ürkməzli kəndində anadan olmuşdur. 2002-ci
ildə Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbin 1-ci sinfinə daxil
olmuş, 2013-cü ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2013-cü ildə Azərbaycan
Dövlət Dəniz Akademiyasına daxil olmuş, 2017-ci ildə həmin Akademiyanı
bitirmişdir. 2017-cı ilin iyul ayından 2018-ci ilin iyul ayına qədər həqiqi hərbi
xidmətdə olmuşdur. Ürəyində hərbi sahəyə böyük istək olduğu üçün həyatını bu
peşəyə həsr etmək qərarına gəlmişdi. 2020-ci ilin avqust ayında Azərbaycan
Respublikası Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində kəşfiyyat
bölüyündə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi
xidmətə başlamışdır. Kamil Kərimov çavuş rütbəsində manqa komandiri kimi xidmət
etmişdir. O, qətiyyətli, təcrübəli və cəsur kəşfiyyatçı idi, verilən
tapşırıqları peşəkarlıqla yerinə yetirirdi. İkinci
Qarabağ müharibəsi başlayanda Toğana kəndində hərbi xidmətdə idi Kamil.
Sentyabrın 27-də düşmənə qarşı həmin istiqamətdən ilk döyüşə girib. Murovdağ
yüksəkliyinin düşməndən azad edilməsində iştirak edib. Sentyabrın 29-da isə
Kamil Kərimovun sonuncu döyüşü olub. Snayper silahından atılan güllə ilə düz ürəyindən
vurulan Kamil Kərimov döyüş meydanında qəhrəmancasına şəhid olub. İgid Vətən
oğlu 17 dekabr 2020-ci il tarixdə Ürkməzli kənd qəbiristanlığında dəfn
edilmişdir. Subay idi. Vətən
torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda qəhrəmancasına vuruşan
çavuş Kamil Kərimovun döyüş meydanında göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbəri
tərəfindən də yüksək qiymətləndirildi. Şəhidimiz ölümündən sonra cənab
Prezident İlham Əliyevin 24 iyun 2021-ci il tarixli
Sərəncamlarına əsasən "Vətən uğrunda” və "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Sanıyev Elşad Şərif oğlu Sanıyev Elşad Şərif oğlu 3 iyul 1973-cü ildə Qazax
rayonunun Çaylı kəndində anadan olmuşdur. 1980-ci ildə Vidadi Göşşüyev adına Çaylı
kənd 1 nömrəli orta məktəbin 1-ci sinfinə daxil olmuş və 1990-cı ildə orta məktəbi
bitirmişdir. SSRİ-nin silahlı qüvvələrində hərbi xidmət etmişdir. Sanıyev Elşad
Şərif oğlu 17 mart 1993-cü ildə Naxçıvan şəhərində Sədərək rayonunda xidməti vəzifə
borcunu yerinə yetirərkən şəhid olmuşdur.
Facebook-da paylaş