Vətənpərvərlik və şəhidlik zirvəsi
Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından
keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur.
Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir.
Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə
daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların
xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların
abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz
nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan
abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin
vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza
ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu
müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid
oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini
ehtiramla yad edirlər. Qazax rayonunda torpaqlarımızın azadlığı uğrunda
canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də yaddan
çıxarılmır. GOYEZEN.AZ saytının
Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz
xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı silsilə yazılar dərc
etməsi artıq bir ənənəyə çevrilib. Bu həftə də ənənəmizə sadiq
qalıb doğum və anım günü olan şəhidlərimizdən Rəşad Nəsibovun, Əmir İbrahimovun, Xəyyam
Yaqubovun, İlqar Cəfərovun, Məhəmməd Qəhrəmanovun, Vasif Mehtiyevin, Eyvaz Nağıyevin, Yusif Ayvazovun, Şahvələd Qocayevin əziz xatirəsini yad edirik. Nəsibov Rəşad Hümbət oğlu Nəsibov
Rəşad Hümbət oğlu 1 sentyabr 1984-cü ildə Qazax rayonunun Məzəm kəndində anadan
olmuşdur. 1991-ci ildə Məzəm kənd ibtidai məktəbinin birinci sinfinə daxil
olmuşdur. 27 mart 1995-ci ildə Məzəm kəndinin ərazisində quzu otararkən erməni
silahlı qüvvələri tərəfindən açılan atəş nəticəsində şəhid olmuşdur. Məktəbli
idi. İbrahimov Əmir Əsgər oğlu İbrahimov
Əmir Əsgər oğlu 2 sentyabr 1954-cü ildə Qazax rayonunun Daş Salahlı kəndində
anadan olmuşdur. 1961-ci ildə Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam
orta məktəbə getmiş, 1971-ci ildə həmin məktəbi bitirmişdir. Həmin il Bakı Dövlət
Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1977-ci ildə həmin
fakültəni bitirmişdir. Mənfur ermənilər yurdumuza hücuma keçən zaman o, da işlədiyi
Statistika idarəsindən könüllü olaraq Vətənin müdafiəsinə yollanmışdır. 1994-cü
il mayın 23-də Qazax rayonunda yerləşən
"Üçgül” adlanan ərazidə düşmən minasına düşərək şəhid olmuşdur. Yaqubov Xəyyam Şəmistan oğlu Yaqubov
Xəyyam Şəmistan oğlu 27 iyul 1973-cü ildə Qazax rayonunun Qarapapaq kəndində
anadan olmuşdur. 1980-ci ildə İsmət Qayıbov adına Qazax şəhər 3 nömrəli tam orta
məktəbin birinci sinfinə daxil olmuş, 1988-ci ildə həmin məktəbin səkkizinci
sinfini bitirmişdir. Həmin ildən 1990-cı ilə kimi Qazax 117 saylı peşə məktəbində
qaynaqçı ixtisasına yiyələnmişdir. 1991-ci ildə Qazax Hərbi Komissarlığından hərbi
xidmətə çağırılmışdır. Hərbi xidmətini N saylı Hərbi Hissənin 1-ci taborunda
başlamışdır. 3 sentyabr 1994-cü ildə Bala Cəfərlidə gedən döyüşlərdə itkin
düşmüşdür. Subay idi. Cəfərov İlqar Dursun oğlu Cəfərov
İlqar Dursun oğlu 27 fevral 1976-cı ildə Qazax rayonunun Quşçu Ayrım kəndində
anadan olmuşdur. 1983-cü ildə Quşçu Ayrım kənd tam orta məktəbin birinci sinfinə
daxil olmuş, 1994-cü ildə məktəbi bitirərək Vətənin müdafiəsinə yollanmışdır. Cəfərov
İlqar Dursun oğlu 3 sentyabr 1995-ci ildə Ağdam rayonunun Əfətli kəndi ərazisində
gedən döyüş zamanı şəhid olmuşdur. Subay idi. Qəhrəmanov Məhəmməd Maksim
oğlu Qəhrəmanov
Məhəmməd Maksim oğlu 3 sentyabr 1966-cı ildə Qazax rayonunun Kəmərli kəndində
anadan olmuşdur. 1972-ci ildə Kəmərli kənd tam orta məktəbin birinci sinfinə
daxil olmuşdur. 1982-ci ildə məktəbi bitirmiş, 1983-cü ildə SSRİ-nin Xabarovski
şəhərinə hərbi xidmətə yola salınmışdır. 1985-ci ildə hərbi xidmətdən tərxis
olunmuşdur. Hərbidən gəldikdən sonra kənddə
müxtəlif işlərdə işləmişdir. 1991-ci ildə Azərbaycan Milli Ordusuna yola
salınmışdır. 1993-cü ilin 18 iyulunda Kəmərli kəndində torpaqlarımız uğrunda
gedən döyüşdə şəhid olmuşdur. Ailəli idi, bir qızı var. Mehtiyev Vasif Əhməd oğlu Mehtiyev
Vasif Əhməd oğlu 10 aprel 1973-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan
olmuşdur. 1980-1990-ci illərdə Kəmərli kənd Xanbağı orta məktəbində təhsil
almışdır. 1992-ci ildə hərbi xidmətə yola düşmüşdür. 3 sentyabr 1993-cü ildə Kəlbəcərdə
gedən döyüşlərdə şəhid olmuşdur. Nağıyev
Eyvaz Alı oğlu Nağıyev Eyvaz Alı oğlu 3 sentyabr 1960-cı
ildə Gürcüstan Respublikasının Marneuli rayonunun Kürdlər kəndində anadan
olmuşdur. 1968-ci ildə yaşadığı kənddə birinci sinfə daxil olmuş, 1978-ci ildə
həmin orta məktəbi bitirmişdir. 1979-1981-ci illərdə sovet ordusunda hərbi xidmətdə
olmuşdur. 1990-cı ildə Qazax rayonunun Birinci Şıxlı kəndinə gəlmişdir. 1991-ci
ildə könüllü olaraq Milli Orduda gizir kimi xidmət etməyə başlamışdır. 18
avqust 1993-cü ildə döyüş zamanı şəhid olmuşdur. Gürcüstan Respublikasının Marneuli
rayonunun Kürdlər kəndində dəfn olunmuşdur. Ailəlidir. Bir oğlu, bir qızı var.
Hal-hazırda həyat yoldaşı və uşaqları Bakı şəhərində yaşayırlar. Ayvazov Yusif Süleyman oğlu Ayvazov
Yusif Süleyman oğlu 4 sentyabr 1968-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1974-cü ildə Vidadi Göşşüyev
adına Çaylı kənd 1 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1985-ci
ildə həmin orta məktəbi bitirmişdir. 1986-1988-ci illərdə SSRİ-nin silahlı qüvvələrində
hərbi xidmət etmişdir. 825-ci Hərbi Hissənin II batalyonunda Vətən uğrunda gedən
döyüşlərdə iştirak edən Yusif Ayvazov 22 iyul 1993-cü ildə Fərəhli kəndində
minaya düşərək şəhid olmuşdur. Qocayev Şahvələd Məhəmməd oğlu Qocayev
Şahvələd Məhəmməd oğlu 5 sentyabr 1937-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində
andan olmuşdur. Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbində təhsil almışdır. 10 aprel 1993–cü ildə Qazax rayonunun
İkinci Şıxlı kəndində şəhid olmuşdur. Ailəli idi.Şəhidlərimizi tanıyaq və
tanıdaq----------------------------
Şəhidlər
- müstəqilliyimiz, torpaqlarımızın ərazi bütövlüyü uğrunda Vətənin hər qarışı üçün
canlarından keçən, ölümün gözünə dik baxaraq müasir Azərbaycanın qəhrəmanlıq salnaməsini
yazan igid oğullarımızdır. Hərb tariximizin qəhrəmanlıq səhifələrini
dönməzlikləri, bacarıqları ilə yazan həmin igid Vətən oğullarının əziz
xatirələri Azərbaycanın hər bölgəsində böyük ehtiramla yad olunur. Çünki
şəhidlər and yeri kimi müqəddəslik qazanmış Şəhidlər xiyabanlarında əbədi
məskən salmaqla gənclərimizə örnək oldular. Şəhidlərimiz ölümləri ilə bir
həqiqəti təsdiqlədilər ki, Vətənin bölünməzliyini təmin etmək hər birimiz üçün ən
ümdə vəzifədir. Vətənin müdafiəsi kimi müqəddəs amal uğrunda mübarizə apararaq
şəhid olub əbədiyyətə qovuşan igid oğullarımızı yad etmək hər birimizin
borcudur. Döyüşlərdə mənfur düşmənə ağır zərbə vuran, layiqli dərs verən
şəhidlərimizin qəhrəmanlıq salnaməsini bizlər gələcək nəsillərə çatdırmalıyıq.
Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi,
elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər
zaman yüksək səviyyədə olub və bu, bundan sonra da belə olacaq. Bu gün düşmənlə
168 km sərhədi olan, Məzəm, Quşçu
Ayrım, Fərəhli, Cəfərli, Bala
Cəfərli kimi 5 kəndi daim mənfur düşmən
gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı,
Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı
Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altında olan Qazax
rayonu da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 288 şəhid verib. 7 nəfər
igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan
dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən
hücumunun qarşısını alarkən rayonunun Yuxarı Salahlı kənd sakini, mayor Əhmədov
Namiq Hajan oğlu da qəhrəmancasına şəhid olaraq bir
daha sübut etdi ki, Qazaxın igid, mərd oğulları hər zaman olub və bundan sonra
da olacaq...
Facebook-da paylaş