Vətən sizinlə qürur duyur
Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------
Vətən! Mən, sən, o, biz, hər birimiz olan Vətən! Uğrunda canlar fəda edilən, qanlar axıdılan Vətən! Hər bir insanın qəlb evində ana kimi müqəddəs, ülvi və şirin bir hisslə yaşatdığı Vətən! Vətən uca Yaradanın bizlərə bəxş etdiyi elə bir nemətdir ki, onun bir qarış torpağı üçün yolunda candan, qandan keçməyə dəyər. Azərbaycanın neçə-neçə oğul və qızı da məhz bu amal uğrunda ölümün gözünə dik baxaraq canından keçib. Vətənə olan sevgi hissi, doğma torpağa olan məhəbbət duyğusu onları uca bir mərtəbədə - şəhidlik adlı zirvədə birləşdirib. Göstərdikləri şücaətlə, qəhrəmanlıqla müqəddəs zirvəni fəth edən oğullarımız hər zaman sübut ediblər ki, Vətən və torpaq şəhidləri ilə ucalır. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalanları unutsaq bu torpağın nə havası, nə də suyu bizlərə halal olmaz. Hər birimiz şəhidlərimizin canları, qanları bahasına bizlərə miras qoyduqları Vətən torpağına onların əmanəti kimi sahib çıxmalı, göz bəbəyi kimi qorumalıyıq. Şəhidlərimizi də daim qəlbimizdə yaşatmalı, gələcək nəsillərə tanıtmalıyıq. Bu, hər kəsin vətəndaşlıq borcu olmalıdır.
Şəhidlik adlı müqəddəs amal uğrunda döyüşə atılan qeyrətli Qazax övladları da çoxdur. Bu rayon da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 287 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Bu gün düşmənlə 168 km məsafədə sərhədi olan rayonun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır. Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli kimi 5 kəndi isə daim düşmən gülləsinin atəşinə məruz qalır.
Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin daha bir əyani sübutudur.
Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar kədər və qürur yerimiz olan bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Rayonumuzda keçirilən tədbirlər öncə bu müqəddəs məkanı ziyarətlə başlayır. Məktəblilər mütəmadi olaraq xiyabanda olur, rayonunun şəhidləri haqqında ətraflı məlumatlar alır, onlarla bir daha qürur duyurlar. Çünki gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında bu cür ziyarətlərin böyük rolu vardır.
Qazax rayonunda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günlərinin qeyd olunması da artıq bir ənənə halını alıb. Hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunur, göstərdikləri igidliklərdən söz açılır, əziz xatirələri dərin ehtiramla yad olunur. Bütün bunlar bir daha onu göstərir ki, şəhidlərimiz hər zaman qəlblərdə yaşayır.
GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı silsilə yazılar dərc etməsi isə artıq bir ənənəyə çevrilib. Bu həftə də ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – Gündüz Sadıqovun, Şiddət Məmmədovun, Məhəmməd Əsgərovun, Şahin Mustafayevin, Mərdan Nuruyevin, Nüsrəddin Pirvəliyevin, İslam Nəsibovun, Məhəmməd Alisgəndərovun, Elşad Sanıyevin, İslam Xəlilovun əziz xatirəsini yad edirik.
Sadıqov Gündüz Əhəd oğlu
Sadıqov Gündüz Əhəd oğlu 29 iyun 1962-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1969-cu ildə Aşağı Əskipara kənd orta məktəbinin birinci sinfinə getmişdir. 1979-cu ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin müdafiəsində ermənilərlə döyüşlərdə iştirak etmişdir. 5 yanvar 1994-cü ildə şəhid olmuşdur.
Məmmədov Şiddət Məmməd oğlu
Məmmədov Şiddət Məmməd oğlu 5 yanvar 1972-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1979-cu ildə Quşçu Ayrım kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1989-cu ildə həmin məktəbi bitirmişdir. Məmmədov Şiddət Məmməd oğlu 30 iyun 2000-ci ildə Quşçu Ayrım kəndi ərazisində ot gətirən zaman düşmənin açdığı atəş nəticəsində şəhid olmuşdur. Subay idi.
Əsgərov Məhəmməd İsmayıl oğlu
Əsgərov Məhəmməd İsmayıl oğlu 30 iyun 1941-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1965-ci ildə Ermənistanın Ayrım stansiya Konserv Zavodu yaşayış məntəqəsinə köçərək orda yaşamışdır. 1988-ci ildə yenidən Kəmərliyə qayıtmış, kənddə müxtəlif işlərdə fəhlə işləmişdir. 1994-cü ildə avqustun 3-də minaya düşərək şəhid olmuşdur.
Mustafayev Şahin Cəmşid oğlu
Mustafayev Şahin Cəmşid oğlu 1 iyul 1975-ci ildə İcevan rayonunun Mirteyl kəndində anadan olmuşdur. 1993-cü ildə Milli Ordu sıralarına çağırılan Şahin 888-ci briqadada hərbi xidmətə başlamışdır. 703 saylı hərbi hissənin tərkibində Tərtər su anbarı və "Qlobus” yüksəkliyi uğrunda gedən döyüşlərdə daha inamla döyüşərək yoldaşları ilə birlikdə məkrli niyyətləri olan erməniləri torpaqlarımızdan uzaqlaşdırmağa can atır. İgid əsgər 1994-cü il aprel ayının 25-də Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olaraq əbədiyyətə qovuşur.
Nuruyev Mərdan Məmməd oğlu
Nuruyev Mərdan Məmməd oğlu 1 iyul 1970-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1977-ci ildə Quşçu Ayrım kənd orta məktəbin birinci sinfinə daxil olmuş, 1988-ci ildə həmin məktəbi bitirərək sovet ordusu sıralarına çağırılmışdır. Mərdan Nuruyev daha sonra Milli Ordu sıralarında xidmət etmişdir. 8 mart 1992-ci ildə Məzəm kəndində düşmən tərəfin açdığı atəş nəticəsində şəhid olmuşdur.
Pirvəliyev Nüsrəddin Hüseyn oğlu
Pirvəliyev Nüsrəddin Hüseyn oğlu 1 iyul 1957-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1964-cü ildə Quşçu Ayrım kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuşdur. 1975-ci ildə məktəbi bitirmiş və sovet ordusu sıralarına yollanmışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra M.Ə.Sabir adına sovxozda işləmişdir. Pirvəliyev Nüsrəddin Hüseyn oğlu 17 sentyabr 2010-cu ildə Kəmərli kəndində hərbi hissə tikintisində çalışan zaman erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olmuşdur.
Nəsibov İslam Yusif oğlu
Nəsibov İslam Yusif oğlu 1 iyul 1957-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1964-cü ildə Aşağı Əskipara kənd tam orta məktəbinin birinci sinfinə getmişdir. 1974-cü ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1975-ci ildə keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin müdafiəsində ermənilərlə döyüşlərdə iştirak etmişdir. 5 noyabr 1991-ci ildə şəhid olmuşdur.
Alisgəndərov Məhəmməd Mahmud oğlu
Alisgəndərov Məhəmməd Mahmud oğlu 1 iyul 1933-cü ildə Qazax rayonunun Əlibayramlı (hazırki Aslanbəyli) kəndində anadan olmuşdur. Aslanbəyli kəndində yaşamışdır. 15 iyun 1994-cü ildə Qazax rayonunun Aslanbəyli kəndi ilə Ermənistan Respublikasının sərhədində ermənilər tərəfindən atılan atəş nəticəsində şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur.
Sanıyev Elşad Şərif oğlu
Sanıyev Elşad Şərif oğlu 3 iyul 1973-cü ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1980-ci il ildə Çaylı kənd 1 nömrəli orta məktəbin birinci sinfinə daxil olmuş və 1990-cı ildə orta məktəbi bitirmişdir. SSRİ-nin silahlı qüvvələrində hərbi xidmət etmişdir. Sanıyev Elşad Şərif oğlu 17 mart 1993-cü ildə Naxçıvan şəhərində Sədərək rayonunda xidməti vəzifə borcunu yerinə yetirərkən şəhid olmuşdur.
Xəlilov İslam Mahmud oğlu
Xəlilov İslam Mahmud oğlu 5 iyul 1939-cu ildə Qazax rayonunun Əlibayramlı (indiki Aslanbəyli) kəndində anadan olmuşdur. 1949–cu ildə Əlibayramlı kənd məktəbinin birinci sinfinə getmiş, 1957-ci ildə məktəbin səkkizinci sinfini bitirmişdir. Sovet ordusu sıralarında xidmət etmişdir. Xidmətdən qayıtdıqdan sonra Aslanbəyli kəndində fəhlə işləmişdir. 2 avqust 1994-cü ildə Qazax rayonunun Aslanbəyli kəndi ilə Ermənistan Respublikasının sərhədində ermənilər tərəfindən atılan atəş nəticəsində şəhid olmuşdur.
Facebook-da paylaş