Aşağı Əskiparanın işğalından 28 il ötür
Bu gün 168 km məsafədə
düşmənlə sərhəddə yerləşən Qazax rayonunun Bağanıs Ayrım,
Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də
düşmən tapdağı altındadır. Rayonun Məzəm, Quşçu Ayrım, Fərəhli,
Cəfərli və Bala Cəfərli kəndləri
isə mənfur düşmən gülləsinin atəşinə
məruz qalır. 14 iyun tarixi isə
qazaxlıların yaddaşına Aşağı Əskipara kəndinin işğalı günü kimi həkk olunub.
1992-ci ildə ermənilər tərəfindən zəbt edilən kəndin işğalından bu gün 28 il
ötür. Aşağı Əskipara yaşayış məntəqəsi
Coğaz çayının sahilində, Qazançı dağın ətəyindədir. Kəndin tarixinin Albaniya dövlətinin yaranma tarixi ilə üst-üstə
düşdüyü təxmin edilir. Yəni eramızdan əvvəl 3 minilliyi əhatə edir. Bunu kənddə
yerləşən alban kilsəsi də sübut edir. Aşağı Əskipara kəndi işğal olunmazdan əvvəl
kəndin təsərrüfat sayı 328, əhali sayı isə 1065 nəfər (505 nəfər kişi, 560 nəfər
qadın) təşkil etmişdir. Hazırda Qazax Rayon İcra Hakimiyyəti başçısının Aşağı
Əskipara kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 341 təsərrüfat var.
Əhali sayı isə 1447 nəfərdir. Əhali kənd işğal
olunmamışdan əvvəl, əsasən, maldarlıq və əkinçiliklə məşğul
olurdular. Kəndin 13 nəfər şəhidi
var ki, onların əksəriyyəti Aşağı Əskiparanın müdafiəsi zamanı canından keçərək
şəhidlik zirvəsinə ucalıb. ŞəhidlərdənAqil Musayevə Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 1994-cü
il tarixli 215 saylı Fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı"
fəxri adı verilmişdir. Qaratel Hacımahmudova "Azərbaycan Bayrağı" ordeni ilə
təltif olunmuşdur. 22 nəfər Qarabağ müharibəsi
əlili və 97 nəfər Qarabağ müharibəsi veteranı var. 28 ildir ki, Aşağı
Əskiparanın həsrətini çəkən kənd sakinləri əsasən Qazax şəhəri ərazisində, o
cümlədən 120 ailə Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış Yeni qəsəbədə,
bir qismi isə respublikanın müxtəlif şəhər və rayonlarında məskunlaşıblar. "Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun "Yuxarı
Əskipara” filialı ərazisinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2
avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə dövlət qeydiyyatına götürülmüş 14 abidə var ki, onun 2-si Aşağı Əskipara kəndi ərazisindədir
və bu gün həmin abidələrin yerləşdiyi filial düşmən tapdağı altındadır. Dəyirman: inventar№4532. Yerli əhəmiyyətli
memarlıq abidəsidir. Aşağı Əskipara kəndinin ərazisində Coğaz çayının sol
sahilində yerləşir. Ermənilərin işğalınadək fəaliyyət göstərmişdir.
Kilsə: inventar№4533. Aid
olduğu tarixi məlum deyil. Yerli əhəmiyyətli memarlıq abidəsidir. Aşağı
Əskipara kəndinin ərazisindədir. Yaşlı kənd sakinlərinin dediklərinə görə bu
kilsə albanlara məxsusdur. Albanların qəbiristanlığı isə kilsə yalı deyilən təpənin
ətəyində yerləşir. Kilsə həmin təpənin cənub ətəyində tikilmişdir. Bu gün Aşağı Əskiparalılar əsası ulu öndər Heydər
Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycanımızın taleyinin etibarlı əllərdə
olduğuna əmindirlər. Yaxşı bilirlər ki, Heydər Əliyev kürsüsünün
layiqli davamçısı, cənab Prezident İlham Əliyev ölkəmizi gələcəyə, yeni uğurlara
inamla aparır. Kənd sakinləri onu da yaxşı bilirlər ki, ölkə Prezidenti, Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qüdrəti sayəsində işğal
altında olan bütün torpaqlarımız, Qazaxın 7 kəndi, o cümlədən də Aşağı Əskipara
kəndi işğaldan azad olunacaq və həmin gün xalqımızın tarixinə qızıl hərflərlə
yazılacaq. Hər kəsin arzusuna, diləyinə çevrilmiş o gün isə çox da uzaqda deyil. Qeyd: Yazı Qazax
Rayon İcra Hakimiyyəti başçısının Aşağı Əskipara kənd İnzibati Ərazi Dairəsi
üzrə nümayəndəliyinin, "Avey” Dövlət
Tarix-Mədəniyyət qoruğunun məlumatları əsasında hazırlanıb.
GOYEZEN.AZ
Facebook-da paylaş