Qazax rayonunun Bağanıs Ayrım kəndinin işğalının 30 illliyinə həsr olunmuş “İlk şəhid kənd” adlı kitab işıq üzü görüb
Bu gün düşmənlə 168 km sərhədi olan Qazax rayonunun Məzəm,
Quşçu Ayrım, Fərəhli, Cəfərli və Bala
Cəfərli kimi 5 kəndi hələ də daim mənfur
düşmən gülləsinin atəşinə məruz qalır. Rayonunun Bağanıs Ayrım, Xeyrımlı,
Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi
7 kəndi düşmən tapdağı altındadır. Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun ermənilər tərəfindən işğal
olunmuş Bağanıs Ayrım kəndinin işğalının 30 illliyinə həsr olunmuş "İlk şəhid
kənd” adlı kitab işıq üzü görüb. "İlk şəhid kənd” kitabının ön söz müəllifi
akademik Teymur Bünyadov, redaktoru isə professor Rüstəm Kamaldır. Bağanıs Ayrım kəndi 1990-cı il mart ayının
23-dən 24-nə keçən gecə erməni silahlı qüvvələri tərəfindən işğal edilib. Həmin
gün tamamilə silahlanmış mənfur düşmən böyük qüvvə ilə hücuma keçərək kəndin
evlərinə od vurub, 6 nəfər əliyalın və dinc kənd sakinini qətlə yetirib.
Günahsız insanları öldürməklə kifayətlənməyən ermənilər adamları diri-diri
ocaqda yandırıb, Azərbaycan torpaqlarında ilk dəfə misli görünməyən faciə
törədiblər. Qətliamı törədərkən ermənilər qocaya, qadına, hətta körpə uşağa
belə qıyıblar. Yandırılan kənd sakinlərindən böyüyü 75 yaşlı qoca kişi, kiçiyi
isə 39 günlük körpə uşaq olub. Bundan başqa, kəndin müdafiəsinə qalxmış 1 milis
işçisi də düşmənlər tərəfindən öldürülüb. Bu faciə zamanı 17 ev yandırılıb, 11
ev qarət edilib, əhali öz doğma yurd-yuvalarından didərgin düşərək rayonun
müxtəlif yerlərinə səpələnib. Bununla da Bağanıs Ayrım işğal olunmuş və
yandırılmış ilk kənd kimi Azərbaycan tarixinə daxil olub. Qeyd edək ki, Bağanıs Ayrım kəndinin
işğalından bəhs edən "Bu, əsl faciə idi” adlı ilk kitab Qazax Rayon İcra
Hakimiyyətinin orqanı olan "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist
Elçin İsmayılın vətənpərvərlik təşəbbüsü ilə 1999-cu ildə yazılıb. Məhz bu
kitab sayəsində ermənilərin törətdikləri vəhşilik dünya ictimaiyyətinə çatdırılıb.
Tarixi sənədlərin, faciəni özündə əks etdirən şəkillərin köməyi və kənd
sakinlərinin, şahidlərin ifadələri ilə ermənilərin törətdikləri vəhşiliklər
kitabda öz geniş əksini tapıb. Mövzunun aktuallığı, Bağanıs Ayrım kəndinin
hələ də işğal altında olması, qeyd edilən kitabın kiril əlifbası ilə çap
edilməsi nəzərə alınaraq "Bu, əsl faciə idi” kitabı genişləndirilmiş halda təzə
ad altında latın qrafikası ilə yenidən nəşr olunub. "İlk şəhid kənd” kitabına yeni materiallar
əlavə edilib, tarixi-publisist əsər faktlar və hadisələri özündə əks etdirən
fotoşəkillərlə zənginləşdirilib. Kitabda ermənilərin Bağanıs Ayrımda ağacları
da məhv etdiklərindən, evlərin daşlarını belə sökərək apardıqlarından,
qəbiristanlığı dağıtdıqlarından və kəndi özü boyda xarabalığa çevirdiklərindən
bəhs olunub. Yeni tarixi-publisist əsərdə insanlığa sığmayan vəhşiliyin
cəzasını almayan erməni quldurlarının bu qanlı hadisədən sonra Qazaxın daha 6
kəndini - Xeyrımlı, Yuxarı Əskipara, Aşağı Əskipara, Sofulu, Barxudarlı, Qızılhacılı
kəndlərini işğal etdikləri də qeyd olunub. Bu gün Qazaxın 7 kəndinin
terrorçuluğu dövlət səviyyəsində həyata keçirən Ermənistanın işğalı altında
olması da kitabda qeyd olunub. 1990-cı ilin martında Bağanıs Ayrım kəndində
qətliam törədən erməni silahlı qüvvələri cəzasız qaldıqları üçün bu hadisədən 2
il sonra, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda bu faciəni daha
geniş şəkildə təkrar edərək Azərbaycan xalqına qarşı soyqırımı törədiblər. Elçin İsmayılın sayca onuncu olan "İlk şəhid
kənd” kitabında kəndin indiki işğal vəziyyəti, kənd sakinlərinə göstərilən
dövlət qayğısı və onların bugünkü yaşayış şəraiti, Azərbaycan Ordusunun işğal
olunmuş kəndləri hər an azad etməyə hazır olduğu, kənd sakinlərinin öz doğma
yurd-yuvalarına qayıtmaq arzuları barədə məqalələr də yer alıb. GOYEZEN.AZ
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Facebook-da paylaş