Xocalı faciəsinin qurbanları ehtiramla anıldı
Qazaxda
Xocalı faciəsinin 27–ci ildönümünə həsr olunmuş "Cəzasız cinayət” adlı
ədəbi–bədii kompozisiya və sərgi keçirilmişdir. Gənclər Mərkəzində təşkil
olunan tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatın
məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların
rəhbərləri iştirak etmişlər. Tədbir
iştirakçıları əvvəlcə mərkəzin foyesində məktəblilərin Xocalı faciəsinə həsr
etdikləri 50 rəsm əsərindən ibarət sərgi ilə tanış olmuşlar. Xocalı
soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi
daxil olduğunu qeyd edən Rəcəb Babaşov uşaqların Xocalı faciəsini öz gözləri
ilə görmədiklərinə baxmayaraq çəkdikləri rəsmlərdə faciəni canlandırdıqlarını,
rəsmlərdə düşmənə nifrətin və Xocalıya ədalətin çox canlı şəkildə əks
olunduğunu bildirmişdir. Xocalı
faciəsinə həsr olunmuş film nümayiş olunduqdan sonra faciə qurbanlarının əziz
xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Azərbaycan
Rəssamlar İttifaqının üzvü, gənc rəssam Akif Əmirov çıxış edərək demişdir ki,
Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq,
keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının
şəxsi heyətinin iştirakı ilə gecə şəhərə hücum edərək azərbaycanlılara qarşı
soyqırımı aktını törətmişlər. Bu hərbi təcavüz zamanı Xocalı darmadağın
edilmiş, dinc sakinlərə amansızcasına divan tutulmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək Azərbaycan
xalqının erməni millətçiləri tərəfindən davamlı olaraq etnik təmizləmə,
soyqırım siyasətinə məruz qalmasından, öz tarixi torpaqlarından qovularaq
qaçqın və məcburi köçkünə çevrilməsindən danışmışdır. Qeyd etmişdir ki,
Xocalıda baş verən dəhşətli gecəni Azərbaycan xalqı 27 ildir ki, yaşayır.
Xocalıda törədilən soyqırımının, faciənin misli-bərabəri yoxdur. Bütün dünya
insanlığa qarşı vəhşiliyi fevralın 26-na keçən gecə Xocalıda görüb. İcra Hakimiyyətinin başçısı qeyd etmişdir ki, Xocalı
soyqırımının tanıdılmasında ulu öndər Heydər Əliyevin böyük xidmətləri
olmuşdur. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı
faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı
kimi təsbit olunmuş, əsl həqiqət dünya dövlətlərinə və beynəlxalq təşkilatlara
çatdırılmış, 26 fevralın Xocalı soyqırımı günü kimi qeyd olunması qərara
alınmışdır. Respublika
Prezidenti İlham Əliyev tərəfindən Xocalı soyqırımının beynəlxalq aləmdə bütün
dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən söz açan rayon
rəhbəri məqsədyönlü tədbirlərin həyata keçirildiyini qeyd etmişdir. O, 2008-ci
ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə
"Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasına başlanılmasının
bu istiqamətdə görülən işlərin bariz nümunəsi olduğunu bildirmişdir. İcra Hakimiyyətinin başçısı demişdir ki, bu gün düşmənlə 168
kilometr məsafədə sərhəddi olan, 5 kəndi daim mənfur düşmən atəşinə məruz qalan
Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və
Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altında olan Qazax da
yüzlərlə şəhid verib. Bu gün Qazaxın Vətən uğrunda canından keçən 285 şəhidi
var ki, onların da 7 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülmüşdür. Ölkə
başçısının apardığı məqsədyönlü və düşünülmüş siyasət nəticəsində işğal altında
olan torpaqlarımızın azad ediləcəyi günün uzaqda olmadığını deyən rayon rəhbəri
bunun üçün Azərbaycanın güclü ordusu olduğunu qeyd etmiş, 2016-cı ilin Aprel
döyüşlərini qələbəyə aparan yolun, zəfər salnaməsinin başlanğıcı olduğunu
bildirmişdir. Sonra
şəhər 2 saylı uşaq musiqi məktəbinin müəllim və şagird kollektivinin ifasında
"Cəzasız cinayət” adlı ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur. Uşaq
Gənclər-İnkişaf Mərkəzinin dərnək üzvlərinin Azərbaycanın ilk işğal olunmuş
kəndi Bağanıs Ayrım kəndinə, eləcə də Xocalı faciəsinə həsr etdikləri "Əsgərana
gedən yol” adlı ədəbi-bədii kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla
qarşılanmışdır. 2 saylı
uşaq musiqi məktəbi müəllimlərinin ifasında "Sarı gəlin” kompozisiyası, xor
kollektivinin ifasında səslənən "Xocalım”adlı mahnı, müəllim kollektivinin
ifasında "Qalx ayağa, Azərbaycan!” şeiri də o ağrılı-acılı günləri
canlandırmış, düşmənə nifrət hissini bir daha alovlandırmışdır. Hamlet QASIMOV, "Xalq qəzeti”nin 27 fevral 2019-cu ilRESPUBLİKA MƏTBUATI QAZAX HAQQINDA
bölgə müxbiri
Facebook-da paylaş