Əsas Səhifə > Şəhidlər > Aşağı Əskiparanın işğalından 28 il ötür
Aşağı Əskiparanın işğalından 28 il ötür14-06-2020, 11:54 |
Bu gün 168 km məsafədə düşmənlə sərhəddə yerləşən Qazax rayonunun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır. Rayonun Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli kəndləri isə mənfur düşmən gülləsinin atəşinə məruz qalır. 14 iyun tarixi isə qazaxlıların yaddaşına Aşağı Əskipara kəndinin işğalı günü kimi həkk olunub. 1992-ci ildə ermənilər tərəfindən zəbt edilən kəndin işğalından bu gün 28 il ötür. Aşağı Əskipara yaşayış məntəqəsi Coğaz çayının sahilində, Qazançı dağın ətəyindədir. Kəndin tarixinin Albaniya dövlətinin yaranma tarixi ilə üst-üstə düşdüyü təxmin edilir. Yəni eramızdan əvvəl 3 minilliyi əhatə edir. Bunu kənddə yerləşən alban kilsəsi də sübut edir. Aşağı Əskipara kəndi işğal olunmazdan əvvəl kəndin təsərrüfat sayı 328, əhali sayı isə 1065 nəfər (505 nəfər kişi, 560 nəfər qadın) təşkil etmişdir. Hazırda Qazax Rayon İcra Hakimiyyəti başçısının Aşağı Əskipara kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 341 təsərrüfat var. Əhali sayı isə 1447 nəfərdir. Əhali kənd işğal olunmamışdan əvvəl, əsasən, maldarlıq və əkinçiliklə məşğul olurdular. Kəndin 13 nəfər şəhidi var ki, onların əksəriyyəti Aşağı Əskiparanın müdafiəsi zamanı canından keçərək şəhidlik zirvəsinə ucalıb. ŞəhidlərdənAqil Musayevə Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı Fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir. Qaratel Hacımahmudova "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur. 22 nəfər Qarabağ müharibəsi əlili və 97 nəfər Qarabağ müharibəsi veteranı var. 28 ildir ki, Aşağı Əskiparanın həsrətini çəkən kənd sakinləri əsasən Qazax şəhəri ərazisində, o cümlədən 120 ailə Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış Yeni qəsəbədə, bir qismi isə respublikanın müxtəlif şəhər və rayonlarında məskunlaşıblar. "Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun "Yuxarı Əskipara” filialı ərazisinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə dövlət qeydiyyatına götürülmüş 14 abidə var ki, onun 2-si Aşağı Əskipara kəndi ərazisindədir və bu gün həmin abidələrin yerləşdiyi filial düşmən tapdağı altındadır. Dəyirman: inventar№4532. Yerli əhəmiyyətli memarlıq abidəsidir. Aşağı Əskipara kəndinin ərazisində Coğaz çayının sol sahilində yerləşir. Ermənilərin işğalınadək fəaliyyət göstərmişdir.
Kilsə: inventar№4533. Aid olduğu tarixi məlum deyil. Yerli əhəmiyyətli memarlıq abidəsidir. Aşağı Əskipara kəndinin ərazisindədir. Yaşlı kənd sakinlərinin dediklərinə görə bu kilsə albanlara məxsusdur. Albanların qəbiristanlığı isə kilsə yalı deyilən təpənin ətəyində yerləşir. Kilsə həmin təpənin cənub ətəyində tikilmişdir. Bu gün Aşağı Əskiparalılar əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycanımızın taleyinin etibarlı əllərdə olduğuna əmindirlər. Yaxşı bilirlər ki, Heydər Əliyev kürsüsünün layiqli davamçısı, cənab Prezident İlham Əliyev ölkəmizi gələcəyə, yeni uğurlara inamla aparır. Kənd sakinləri onu da yaxşı bilirlər ki, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qüdrəti sayəsində işğal altında olan bütün torpaqlarımız, Qazaxın 7 kəndi, o cümlədən də Aşağı Əskipara kəndi işğaldan azad olunacaq və həmin gün xalqımızın tarixinə qızıl hərflərlə yazılacaq. Hər kəsin arzusuna, diləyinə çevrilmiş o gün isə çox da uzaqda deyil. Qeyd: Yazı Qazax Rayon İcra Hakimiyyəti başçısının Aşağı Əskipara kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin, "Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun məlumatları əsasında hazırlanıb.
GOYEZEN.AZ Geri qayıt |