Bu gün Vətən müharibəsi şəhidi Əvəz Məmmədovun cənnətdəki doğum günüdür
Şəhidlərimizi tanıyaq və tanıdaq--------------------------------------
5 il əvvəl 2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında Azərbaycanın parlaq zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsi! Haqq səsimizi bütün dünyaya çatdıran Qarabağ adlı savaşımız illər keçsə də heç zaman unudulmayacaq. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun xalqımıza yaşatdığı böyük tarixi Qələbə! Bu, o qələbədir ki, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasi iradəsi, əzmkarlığı və mərdliyi ilə Azərbaycan dövlətinin gücünü, ordumuzun qüdrətini və şanlı Qələbəmizi bütün dünyaya çatdırdı. 44 günlük müharibədə döyüş meydanında misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şəhidlərimizin qisasını aldı, onların qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində Xankəndi və Xocalı şəhəri separatçılardan təmizləndi, Azərbaycan dövləti suverenliyini tam bərpa etdi. Bu gün doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun bəxş etdiyi bu möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə yaşayır. Bu gün Azərbaycan qalib bir ölkə kimi bütün dünyaya səs salıbsa, şanlı ordumuzun gücü, qüdrəti sayəsində işğaldan azad edilmiş torpaqlarımızda müqəddəs üçrəngli bayrağımız dalğalanırsa, buna görə Ali Baş Komandana, canlarını fəda edən şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə, əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalıyıq. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda aparılan mübarizədə əbədi zirvəyə ucalmış şəhidlərimizi tanıtmaq və yad etmək vətəndaş olaraq hər birimizin borcudur. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün qələbə sevinci yaşadan şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, sağlamlığını itirən qazilərimiz, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaq. Göstərdikləri şücaətlərlə, qəhrəmanlıqlarla dövlətin, xalqın, yaşadıqları rayonun, kəndin, qəsəbənin, bütün Azərbaycanın adını ucaldan igid Vətən oğulları, şəhidlərimiz, qazilərimizlə bu gün hər birimiz fəxr edir, onlarla qürur duyuruq. Hərb tariximizə böyük Qələbəni yazdıran, canlarından keçərək Şəhidlik zirvəsinə yüksələn bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara və ailələrinə bir ömür boyu minnətdarıq.
Qarabağ uğrunda gedən Vətən müharibəsinin qəhrəmanlarından biri də 19 yaşında Şəhidlik zirvəsinə ucalan əsgər Məmmədov Əvəz Elnur oğludur.
Bu gün ölümündən sonra göstərdiyi igidliyə görə "Vətən uğrunda”, "Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid Əvəz Məmmədovun cənnətdəki növbəti doğum günüdür. Yaşasaydı igid Vətən oğlunun bu gün 24 yaşı tamam olacaqdı...
GOYEZEN.AZ saytı olaraq bu gün də öz ənənəmizə sadiq qalıb doğum günü olan igid şəhidimizin əziz xatirəsini ehtiramla yad edirik. Vətən müharibəsində iştirak edərək Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi, Əvəz Məmmədov da hər zaman yad olunacaq. Nə qədər ki, Azərbaycan xalqı var Əvəz kimi oğullarımız daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər hər zaman Əvəz tək oğullardan örnək götürəcək. Məkanın cənnət, ruhun şad olsun igid Vətən oğlu! Ruhun qarşısında baş əyirik Şəhidim!
Şəhid Əvəz Məmmədov 1 iyun 2001-ci ildə Qazax rayonunun Bala Çaylı kəndində anadan olmuşdur. 2007-ci ildə Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2018-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2019-cu ilin 2 iyulunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin 1-ci taborunun, 1-ci bölüyünün atıcı-qumbaraatan köməkçisi əsgər Əvəz Məmmədov 07.10.2020-ci il tarixdə Ağdam rayonu istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən Şəhidlik zirvəsinə yüksəlmişdir. Qəhrəmancasına şəhid olan əsgərimiz 07.10.2020-ci ildə Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Subay idi.
Vətənə olan xidməti borcunu qaytararkən torpaqlarımızın bütövlüyü naminə canından keçən igid əsgərimizin döyüşlərdə göstərdiyi şücaət dövlətimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Facebook-da paylaş