• Təqvim

  • Maraq



Bu gün Qazax RİH-də növbəti vətəndaş qəbulu olub


Respublika Prezidenti İlham Əliyevin səsləndirdiyi “Hər bir dövlət məmuru xalqa xidmət etməli, bu yüksək məsuliyyəti və etimadı doğrultmalıdır!” fikri bir daha onu sübut edir ki, ölkəmizdə vətəndaş amili dövlət siyasətinin başlıca istiqaməti kimi bütün işlərdə əsas götürülür. Ən əsası da bu, dövlət başçısının, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğıda hər zaman hiss olunur. Eyni zamanda bu, hər bir dövlət məmuruna nümunə olmaqla bərabər, həm də onların iş fəaliyyətinin tərkib hissəsi olması deməkdir. 

Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda da operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqət mərkəzində saxlanılır.

Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, rayon İcra Hakmiyyətinin inzibati binasında fərdi və ümumi şəkildə vətəndaşların qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir.

Qazax şəhərindən, rayonun Abbasbəyli, Xeyrımlı kəndlərindən, Ağstafa rayonunun Qarahəsənli kəndindən müraciət etmiş 8 nəfər vətəndaşın istəyi sentyabrın 13-də idarə, müəssisə, xidmət sahələri rəhbərlərinin iştirakı ilə dinlənilib.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov dövlət başçısının vətəndaş məmnunluğunun təmin olunması ilə bağlı gördüyü işlərin hər bir dövlət məmuruna nümunə olduğunu vurğulayıb. Rayon rəhbəri ölkə başçısının səsləndirdiyi “Siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz. Nəyə gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz – Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti dövlət qurumlarına ki, mövcud problemlər öz həllini tapsın. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq” fikrinin əsasını vətəndaş amilinin, məmnunluğunun təşkil etdiyini bildirib. 


“Hər bir dövlət məmurunun vəzifə borcu vətəndaşı qəbul edib onun müraciətini dinləmək, onlara layiqli xidmət göstərərək vətəndaş məmnunluğunu təmin etməkdir”, - deyən icra başçısı bu günə kimi keçirilən qəbulların məhz bu məqsədi daşıdığını söyləyib. Bu günə kimi, şəhər və kəndlərdə sakinlərlə olan görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılmasının, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsinin, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsinin, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbulların arxasında hər zaman vətəndaş məmnunluğunun dayandığını bildirib. İcra başçısı qəbulda iştirak edən idarə, müəssisə, təşkilat, eləcə də xidmət sahələri rəhbərlərinə dövlət məmuru olaraq vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına, məcburi köçkün ailələrinə, sərhəddə yaşayan sakinlərə qarşı hər zaman qayğı ilə yanaşmalı, daim diqqət ayırmalı, qaldırılan hər bir məsələyə həssaslıqla baxmalı olduqlarını qeyd edib.

Qəbul zamanı vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb.



Facebook-da paylaş