• Təqvim

  • Maraq



Prezident İlham Əliyev: “Serbiya-Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir”


Cari ilin 10 dekabr tarixi Prezident İlham Əliyevin Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirakı və çıxışı ilə yadda qaldı.  

Prezident İlham Əliyev qeyd etdi ki, Serbiya-Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir. Dövlət başçılarının qarşılıqlı səfərləri onu göstərir ki, əməkdaşlıq əlaqələri davamlı olaraq inkişaf edir. Prezidentlərin şəxsi dostluq münasibətləri böyük dərəcədə Serbiya-Azərbaycan əlaqələrinin inkişafına xidmət edir.

“Strateji tərəfdaşıq”, - deyən ölkə başçısı bildirdi ki, imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə əməkdaşlıq əlaqələrinin yüksək statusundan xəbər verir.

İqtisadi amildən söz açan dövlət başçısı qeyd etdi ki, interkonnektorun fəaliyyəti ölkələrin sənaye inkişafına böyük töhfə verəcəkdir.

Ölkə Prezidenti vurğuladı ki, Azərbaycan və Bolqarıstanı strateji tərəfdaşlıq Sazişi bağlayır. Münasibətlərimiz çox dinamik, dostluq və strateji tərəfdaşlıq üzərində qurulub.

Ölkə başçısı qeyd etdi ki, Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Hazırda təbii qazımız səkkiz ölkəyə ixrac edilir. Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir.

Ölkə rəhbəri söylədi ki, mühüm layihə olan interkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə önəmli töhfə verəcəkdir.

Ölkə Prezidenti vurğuladı ki, keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu memorandum effektiv şəkildə icra edilir. Bu memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. İnamla hədəfə doğru gedirik. 2021-ci ildə Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu, təxminən 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir.

Genişmiqyaslı planlardan danışan ölkə rəhbəri qeyd etdi ki, Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir. Bizim tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın - Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir.


Strateji əhəmiyyət kəsb edən neft kəmərlərini diqqətə çatdıran ölkə başçısı bildirdi ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi - uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir.

Azərbaycanın enerji potensialının beynəlxalq etirafına gəlincə Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirir. 

Dövlət başçısının söylədiyi kimi, ölkəmizin Bolqarıstana qaz təchizatı iki il bundan əvvəl başlamışdır. 2021-ci ildə 270 milyon kubmetr qaz təchiz edilmişdir. Keçən il 500 milyon kubmetrdən bir qədər çox. Bu il isə bu rəqəm 1 milyard kubmetrə yaxın olacaqdır.

Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır.

Əməkdaşlıq əlaqələrinin perspektivinə xidmət edən istiqamətlərdən danışan dövlət başçısı qeyd etdi ki, Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri - bütün bu istiqamətlər müsbət məcrada inkişaf edir.

Ölkə rəhbəri vurğuladı ki, gələcək planlar qaz təchizatının coğrafiyasını daha da genişləndirməkdir və gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır. Əsas iqtisadi hədəfimiz bərpaolunan enerji növləri ilə bağlıdır. 10 qiqavat bərpaolunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanmışdır.

Səmimi dostluğun təzahürü olaraq həm Serbiya, həm Bolqarıstan, həm Şərqi Avropa qrupuna daxil olan digər ölkələr Azərbaycanın namizədliyini dəstəkləyərək COP29 konfransının Azərbaycanda, Bakıda keçirilməsinə dəstəyini göstərdilər. Bu amil dostluğumuzun nümunəsidir.

Yaşıl enerji istehsalından danışan ölkə başçısı qeyd etdi ki, baxmayaraq, Azərbaycanın zəngin neft və qaz resursları var, biz gələcəyimizi təmiz yaşıl enerjinin istehsalında və ixracında görürük. 


Bolqarıstan Prezidenti Rumen Radevinin çıxışında Azərbaycan ilə əlaqədar səsləndirilmiş vacib mesajlar da diqqət çəkdi. Prezident Rumen Radevi qeyd etdi ki: “Biz bu gün yalnız təbii qaz şəbəkələrini birləşdirmirik. Çünki Bolqarıstan–Serbiya interkonnektoru yalnız infrastruktur layihəsi deyil. O, bizim ölkələrimizin artan texnoloji imkanlarının, həmçinin Serbiya-Bolqarıstan, Bolqarıstan-Serbiya-Azərbaycan arasındakı uğurlu və faydalı əməkdaşlığın rəmzidir”. Bildirdi ki: “Bu gün bizim layihəmiz Avropanın enerji xəritəsini dəyişdirir. Çünki interkonnektor yalnız bizim ölkələr üçün deyil, bütün region üçün şaxələndirməyə və təhlükəsizliyə zəmanət verir”. Vurğuladı ki: “İnterkonnektor sayəsində Bolqarıstan nəhayət ki, Azərbaycan qazını qəbul edə bildi. Bizim on il öncə anlaşmamız var idi. O vaxt biz nə Avropadan, nə də ki, Azərbaycandan fiziki qaz qəbul edə bilmirdik. Mən Prezident Əliyevə təşəkkürümü bildirmək istəyirəm. O sübut etdi ki, Bakı bütün anlaşma və razılıqlara ciddi yanaşır”. Diqqətə çatdırdı ki: “Baxmayaraq ki, on il öncə mühüm dəyişikliklər olmuşdu. Mən avropalı həmkarlarla görüşlərimdə hər dəfə bildirirəm ki, Azərbaycan etibarlı tərəfdaşdır”. “Biz Azərbaycandan Mərkəzi və Şərqi Avropaya qazın ən sürətli və ucuz nəqlinə nail olmaq üçün şəbəkələrimizi birləşdirmə imkanı qazanırıq”.



Facebook-da paylaş