Prezident İlham Əliyev: “Azərbaycan dünyada ilk dəfə - XIX əsrin ortalarında neftin hasil edildiyi ölkə kimi tanınır”
Cari ilin 2 oktyabr tarixi Prezident İlham Əliyevin 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində iştirakı və çıxışı ilə yadda qaldı.
Prezident İlham Əliyev çıxışı zamanı bildirdi ki, əlli ildən sonra Konqres yenidən Bakıda keçirilir. 1973-cü ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Bakıda 24-cü Beynəlxalq Astronavtika Konqresi keçirilmişdir.
Nüfuzlu beynəlxalq tədbirin əhəmiyyətindən söz açan ölkə başçısı qeyd etdi ki, tədbirdə 100-dən artıq ölkəni təmsil edən 5000-dən çox iştirakçı var.
Dövlət başçısı bildirdi ki, Azərbaycan on ildən artıq müddət əvvəl beynəlxalq kosmik ailənin üzvü olub. Bu gün ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peykinə malik olaraq kosmik sənayenin inkişafı davam etdirilir.
Azərbaycan mütəxəssisləri tərəfindən idarə olunan peyklərdən söz açan ölkə rəhbəri vurğuladı ki, üç peyk azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və onlar təkcə Azərbaycana deyil, 45-dən artıq ölkəyə xidmət göstərirlər.
Strateji prioritetə gəlincə ölkə başçısı qeyd etdi ki, müasirləşdirilmə sözü bizim gələcəklə bağlı baxışımızı, gündəliyimizi və planlarımızı səciyyələndirir.
Dövlət başçısı vurğuladı ki, müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Bizim siyasətimiz hər zaman aydın, şəffaf və birmənalı olub və dostlar qazanılmasına və əməkdaşlığın gücləndirilməsinə yönəlib. Beynəlxalq ictimaiyyətin fəal üzvü kimi Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edir. Dördüncü ildir ki, Azərbaycan BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisata – Qoşulmama Hərəkatına sədrlik edir. Belə bir təşkilata sədrlik etmək şərəfinə Azərbaycan 120 dövlətin yekdil qərarı ilə layiq görülmüşdür.
Ölkə rəhbəri söylədi ki, Azərbaycanın Avropa institutları ilə əməkdaşlığı uğurla inkişaf edir. Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb. Bu, bizim xarici siyasət gündəliyimizi nümayiş etdirir.
Ölkə başçısı bildirdi ki, Azərbaycan iki mühüm beynəlxalq təsisatın – İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvüdür. Azərbaycan eyni vaxtda hər iki təşkilata üzv olan azsaylı ölkələrdəndir və bu iki təşkilatın yüzdən artıq üzvü var. Bu, yalnız bizim coğrafiyamız və mədəniyyətimizin deyil, həm də siyasi niyyətlərimizin göstəricisidir.
Əməkdaşlıq körpüsündən danışan ölkə rəhbəri qeyd etdi ki, Azərbaycanın Avropa ilə Asiya arasında yerləşməsi və iki qitəni birləşdirən mədəni, nəqliyyat və hazırda iqtisadi körpü rolunu oynaması ölkəmizə regionumuzda geniş beynəlxalq əməkdaşlıq qurmaq imkanı verir.
Ölkə başçısı bildirdi ki, bizim üçün coğrafiya fürsət deməkdir. Əsrlər boyu birgə yaşayış və tərəfdaşlıq tarixinə malik qonşularımız ilə yaxşı münasibətlər sayəsində biz coğrafi yerləşməmizi müsbət ssenariyə çevirə bilmişik. Bu gün biz üfüqlərimizi genişləndiririk.
Qitələrarası körpü olmağımız cəmiyyətimizin inkişafında mühüm rol oynamışdır. Azərbaycan əsrlər boyu çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyətə malik olub. Biz bunu sabitliyin, proqnozlaşdırmanın və Azərbaycanda yaşayan bütün etnik qrupların və bütün dini konfessiyaların dinc birgə yaşayışı üçün əhəmiyyətli faktor hesab edirik.
BMT Azərbaycanın multikulturalizmin təşviqi sahəsindəki səylərini tam dəstəkləyir. Ölkəmizin təşəbbüsü ilə mütəmadi olaraq keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif sivilizasiyaların nümayəndələri arasında təmasların daha nəticəyönümlü olması üçün unikal platformadır.
Azərbaycan on ildən çoxdur ki, Bakı Prosesinin təşəbbüskarıdır. Tarixdə ilk dəfə idi ki, Avropa Şurası və İslam Əməkdaşlığı Təşkilatı vahid platforma çərçivəsində bir araya gətirildi və burada qlobal siyasət, mədəniyyətlərarası dialoq və dinc inkişafa dair vacib məsələlər müzakirə edildi.
Prezident İlham Əliyev qeyd etdi ki. Azərbaycan dünyada ilk dəfə - XIX əsrin ortalarında neftin hasil edildiyi ölkə kimi tanınır. O zaman dünyada neft hasilatının yarısı Azərbaycanın payına düşürdü. XX əsrin ortalarında dünyada ilk dəfə dənizdə neft məhz Azərbaycanda - Xəzər dənizində azərbaycanlı neftçilər tərəfindən hasil edilib.
Dövlət başçısı onu da bildirdi ki, müstəqil ölkə olaraq, təbii sərvətlərimiz xalqımızın mənafeyinə xidmət edir. Müstəqillik illərinin sürətli transformasiyası bizim təbii sərvətlərimizin düzgün istifadəsinin təzahürüdür. Neftlə zəngin olmaq bizim üçün inkişaf etmək, müstəqilliyimizi gücləndirmək, milli kimliyimizi qorumaq və güclü iqtisadiyyat qurmaq üçün vasitədir. Bu gün enerji və nəqliyyat marşrutlarının, o cümlədən boru kəmərlərinin xəritəsində Azərbaycan müstəsna əhəmiyyətə malikdir. Bizim təşəbbüskarı olduğumuz, qonşularımız və tərəfdaşlarımızla uğurla həyata keçirdiyimiz layihələr təkcə bizim regionun enerji təhlükəsizliyinə töhfə vermir.
Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin tərkib hissəsidir. Bu gün Azərbaycan beynəlxalq bazarlarda enerji ehtiyatlarının etibarlı təchizatçısıdır və Avropa İttifaqı tərəfindən etibarlı pan-Avropa təchizatçısı hesab edilir.
Dövlət başçısı bildirdi ki, üç il əvvəl 30 il ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdik. Biz təcavüzdən, işğaldan və etnik təmizləmədən əziyyət çəkdik və bu, millətimiz üçün böyük faciə, böyük humanitar fəlakət idi. 1990-cı illərin əvvəlində torpaqlarımız işğal olunanda, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü və o vaxt əhalimizin sayı 8 milyon idi. Bu rəqəm hər hansı ölkə ilə müqayisədə, bəlkə də adambaşına olan ən yüksək qaçqın sayı idi. Həmin vaxt, biz çox yoxsul idik. Biz öz təbii sərvətlərimizin istismarına hələ başlamamışdıq. Açıq dənizə çıxışı olmayan ölkəmizdə hərc-mərclik hökm sürürdü və gələcək üçün perspektivlər o qədər də aydın görünmürdü. Azərbaycan uzun illər münaqişənin sülh yolu ilə həllini tapmağa və işğala dinc yolla son qoymağa çalışırdı. 28 il ərzində biz danışıqlar prosesinə qəti surətdə sadiq qaldıq. Biz BMT Nizamnaməsinin hər bir ölkəyə verdiyi hüquqdan, özünümüdafiə hüququndan istifadə etdik və üç il əvvəl öz ərazilərimizi azad edərək işğala son qoyduq. Bir aydan da az müddət əvvəl biz ölkəmizin suverenliyini tam bərpa etdik.
İşğala son qoymaq öhdəliyini üzərinə götürmüş beynəlxalq təşkilatlar hər hansı nəticəyə nail olmadı. BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdi. Lakin həmin qətnamələr 27 il icra olunmadı. Ərazi bütövlüyünün və suverenliyin bərpasında əldə etdiyimiz təcrübə unikal oldu. Zorakılıqla üzləşdiyimiz münaqişəyə son qoyduq. Biz ədaləti və beynəlxalq hüququ bərpa etdik.
Qafqazda sülh üçün vaxt yetişib. Bu, bizim gündəliyimizdir. Gündəliyimiz Qafqazda, regionda sülhün, əməkdaşlığın qurulmasıdır və hamı üçün faydanın gətirilməsidir.
Həqiqətən müstəqil ölkə olmaq üçün güclü iqtisadiyyat lazımdır. Bütün əsas səylərimiz özünü təmin edən iqtisadiyyatın qurulmasına yönəlmişdir. Biz hər hansı qlobal güc mərkəzindən və ya hər hansı maliyyə təsisatından asılı deyilik.
Azərbaycanda son zamanlarda əldə olunmuş nailiyyətləri aydın şəkildə nümayiş etdirən rəqəmlərdən danışan ölkə başçısı bildirdi ki, son 20 il ərzində, ümumi daxili məhsul dörd dəfə artıb, büdcə gəlirləri 30 dəfədən çox artıb, xarici ticarət dövriyyəsi on dəfədən çox artıb. Birbaşa xarici borc ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Azərbaycanın xarici valyuta ehtiyatları birbaşa xarici borcumuzu on dəfə üstələyir. Son 20 il ərzindəki sərmayələrin ümumi həcmi 300 milyard ABŞ dollarından çoxdur və onlardan 190 milyard dolları qeyri-enerji sektoruna yatırılmışdır.
Müstəqilliyimizin əvvəlində üzləşdiyimiz böyük çağırışlardan biri məlum olan yoxsulluq idi. 20 il əvvəl yoxsulluq şəraitində yaşayan insanların sayı 50 faizə yaxın idi. Hazırda isə yoxsulluq 5,5 faiz təşkil edir və onu göstərir ki, hasil etdiyimiz və beynəlxalq bazarlara çıxardığımız təbii sərvətlər lazımi qaydada idarə olunub.
Sabitlik amilindən danışan ölkə rəhbəri qeyd etdi ki, siyasi, iqtisadi və sosial sabitlik inkişafımızın mühüm meyarıdır, çünki əgər vəziyyət sabit və proqnozlaşdırılan olmasa, investorların gələrək öz kapitalını risk altına atmasını gözləmək olmaz.
Ölkə başçısı bildirdi ki, müstəqil ölkə kimi Azərbaycan çox gəncdir, cəmi 32 yaşı var.
Facebook-da paylaş