• Təqvim

  • Maraq



Qazaxda “Venzana” mebel fabrikində keçirilmiş əmək yarmarkasında iştirak edərək müsahibə mərhələsindən keçmiş şəxslər 2 aylıq peşə hazırlıq kurslarına cəlb ediliblər


Ötən yazılarımızda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialının və “Saloğlu” mebel istehsalı müəssisəsinin birgə təşkilatçılığı ilə Qazaxda yeni istifadəyə verilən “Venzana” mebel fabrikində əmək yarmarkasının keçirilməsi barədə məlumat vermişdik. Eyni zamanda, Dövlət Məşğulluq Agentliyi tərəfindən fabrikdə peşə kurslarının təşkil olunacağı, kursu müvəffəqiyyətlə bitirən əməkdaşlara Sertifikatlar təqdim ediləcəyi və həmin şəxslərin “Venzana” mebel fabrikində müvafiq işlə təmin olunacaqlarını qeyd etmişdik.  

Sözügedən yarmarkada “Venzana” mebel fabrikində işləmək istəyən 288 nəfərin müraciəti qəbul edilmişdi ki, artıq onların ilkin seçim mərhələsi olub. Mebel fabrikinin təsisçisi Tacəddin Mustafayevin, Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Məşğulluq filialının məsul əməkdaşlarının iştirakı ilə müsahibə mərhələsi keçirilib. 288 nəfərdən 198 nəfəri müsahibə mərhələsində iştirak edib. 175 nəfər müsahibə mərhələsini uğurla keçib. 

İlkin olaraq 7 sentyabr 2023-cü il tarixdən ilk müsahibədən keçən 35 nəfər 2 aylıq “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi”, “Mebel ustası”, Təmirçi-çilingər” və “Proqramla idarə olunan dəzgahların operatoru” peşə hazırlıq kurslarına cəlb ediliblər. Həmin şəxslər həm nəzəri, həm də praktiki olaraq işləri öyrənirlər. Tədris “Gəncə Peşə Hazırlıq Mərkəzi” Publik Hüquqi Şəxs tərəfindən keçirilir.

“İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 iyun tarixli 261 nömrəli Qərarı ilə peşə hazırlıq kursunda iştirak edən müdavimlərə minimum əməkhaqqı miqdarında təaqüd ödənilir. 

Növbəti günlərdə ikinci müsahibəni uğurla keçmiş 50 nəfərin peşə hazırlıq kursuna cəlb olunmaları nəzərdə tutulub.


Onu da qeyd edək ki, iştirakçıların fabrikə gediş-gəlişini təmin etmək məqsədilə Qazax Rayon İcra Hakimiyyəti və “Saloğlu” müəssisəsi tərəfindən avtobus da ayrılıb. Hər gün saat 07:25-də Qazax şəhərində Bayraq Meydanının yanından avtovus iştirakçıları götürərək fabrikə çatdırır.

Əlavə olaraq bildirək ki, hazırda “Saloğlu” mebel fabrikində 425 nəfər işçi çalışır. “Venzana” mebel fabrikinin açılışı ilə əlaqədar birinci növbənin tam fəaliyyət göstərməsi üçün 175 nəfər, ikinci növbənin təşkili üçün əlavə olaraq 500 nəfər işçiyə ehtiyac vardır.

“Venzana” mebel fabrikində planlama mütəxəssisi, konstruktor, xammal və material anbarının işçisi, hazır məhsul anbarının işçisi, biçici, dərzi, dərzi usta köməkçisi, karkas sexi usta köməkçisi, döşəmə sexi operator, döşəmə sexi usta köməkçisi, metal sexi qaynaqçı, metal sexi usta köməkçisi, aşbaz köməkçisi, xadimə, PMF kəsim sexi operator, PMF kəsim sexi operator köməkçisi, PMF boya sexi boyaqçı, sifariş sexi mebel ustası, sifariş usta köməkçisi, zımparaçı, montaj sexi usta, montaj sexi usta köməkçisi, mühasib, baş mühasib, satınalma meneceri, satınalma mütəxəssisi, satınalma mütəxəssisi logistika, xarici satınalma meneceri, arxivçi, mühəndis, mühəndis mexanik, hüquqşünas, texniki şöbə rəisi, dizayner, konstruktor, həkim, resepsion, sətəm, santexnik, mühəndis elektrik işləri üzrə vakansiyalar mövcuddur.



Facebook-da paylaş