• Təqvim

  • Maraq



Qazaxda “Venzana” mebel fabrikində keçirilmiş əmək yarmarkasında iştirak edənlərin ilkin seçim mərhələsi olub


Avqustun 24-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialının və “Saloğlu” mebel istehsalı müəssisəsinin birgə təşkilatçılığı ilə Qazaxda yeni istifadəyə verilən “Venzana” mebel fabrikində əmək yarmarkasının keçirilməsi barədə məlumat vermişdik. Eyni zamanda, Dövlət Məşğulluq Agentliyi tərəfindən fabrikdə peşə kurslarının təşkil olunacağı, kursu müvəffəqiyyətlə bitirən əməkdaşlara Sertifikatlar təqdim ediləcəyi və həmin şəxslərin “Venzana” mebel fabrikində müvafiq işlə təmin olunacaqlarını qeyd etmişdik.  

Sözügedən yarmarkada “Venzana” mebel fabrikində işləmək istəyən 288 nəfərin müraciəti qəbul edilmişdi ki, artıq onların ilkin seçim mərhələsi olub. 288 nəfərdən 163 nəfəri seçim mərhələsində iştirak edib. Qalan iştirakçıların isə seçimi davam edir. 

İştirakçıların fabrikə gediş-gəlişini təmin etmək məqsədilə Qazax Rayon İcra Hakimiyyəti və “Saloğlu” müəssisəsi tərəfindən avtobus da ayrılıb. Hər gün saat 07:25-də Qazax şəhərində Bayraq Meydanının yanından avtovus iştirakçıları götürərək fabrikə çatdırır.

Əlavə olaraq qeyd edək ki, hazırda “Saloğlu” mebel fabrikində 425 nəfər işçi çalışır. “Venzana” mebel fabrikinin açılışı ilə əlaqədar birinci növbənin tam fəaliyyət göstərməsi üçün 175 nəfər, ikinci növbənin təşkili üçün əlavə olaraq 500 nəfər işçiyə ehtiyac vardır.

“Venzana” mebel fabrikində planlama mütəxəssisi, konstruktor, xammal və material anbarının işçisi, hazır məhsul anbarının işçisi, biçici, dərzi, dərzi usta köməkçisi, karkas sexi usta köməkçisi, döşəmə sexi operator, döşəmə sexi usta köməkçisi, metal sexi qaynaqçı, metal sexi usta köməkçisi, aşbaz köməkçisi, xadimə, PMF kəsim sexi operator, PMF kəsim sexi operator köməkçisi, PMF boya sexi boyaqçı, sifariş sexi mebel ustası, sifariş usta köməkçisi, zımparaçı, montaj sexi usta, montaj sexi usta köməkçisi, mühasib, baş mühasib, satınalma meneceri, satınalma mütəxəssisi, satınalma mütəxəssisi logistika, xarici satınalma meneceri, arxivçi, mühəndis, mühəndis mexanik, hüquqşünas, texniki şöbə rəisi, dizayner, konstruktor, həkim, resepsion, sətəm, santexnik, mühəndis elektrik işləri üzrə vakansiyalar mövcuddur.



Facebook-da paylaş