Prezident İlham Əliyev: “Əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır”
Cari ilin 13 iyun tarixi qardaş ölkənin - Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və hər iki ölkə başçısının Bəyanatı ilə yadda qaldı. Ölkə Prezidenti İlham Əliyev bildirdi ki seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır.
Ölkə başçısı qeyd etdi ki, Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Bəyannamənin Şuşada imzalanması rəmzi xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur.
Dövlətimizin başçısı vurğuladı ki, əməkdaşlığımız bütün sahələrdə konkret proqramlar əsasında inkişaf edir. Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər. Bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir.
Ölkə rəhbəri vurğuladı ki, Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək. Müdafiə və müdafiə sənayesi sahələrində gələcək əməkdaşlıq planları olduqca genişdir. Cari il 16 birgə hərbi təlim keçiriləcəkdir, onlardan 6-sı artıq keçirilmişdir.
Dövlət başçısı qeyd etdi ki, bugünkü dünyada güc amili ön plana çıxır. Beynəlxalq hüquq çalışmır. Biz bunu 30 illik işğal dönəmində görmüşdük və aparılan müzakirələr, danışıqlar heç bir nəticəyə gətirib çıxarmadı, nəticəyə gətirib çıxaran bizim gücümüz oldu.
Ölkə rəhbəri söylədi ki, ticarət dövriyyəsi sürətlə artır və artıq 6 milyard dollara yaxınlaşıbdır və gələcəkdə daha da artacaq. Birgə həyata keçirəcəyimiz layihələr bunu təmin edəcək, xüsusilə enerji sahəsində. Azərbaycandan Türkiyəyə təbii qazın ixracı artmaqdadır, ildən-ilə artır və bu gün biz razılığa gəldik ki, bundan sonra da artacaq
Türkiyə ərazisindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracı artmaqdadır. Enerji sahəsində bizim işimiz təbii qaz məsələsi ilə məhdudlaşmır. Bərpaolunan enerji növləri üzrə əməkdaşlığın böyük perspektivləri var. Bu gün həm qaz, həm neft, həm neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi sahələrində də fəal əməkdaşlıq əlaqələri mövcuddur. İndiki geosiyasi şəraitdə Orta Dəhlizin önəmi daha da artır. Azərbaycan ərazisindən, yəni, Xəzər dənizi ilə daşınan yüklərin həcmi ildən-ilə artmaqdadır və daha da artacaq. Ona görə Azərbaycanda nəqliyyat və logistika imkanları genişlənir. Bakı Dəniz Limanının imkanları 25 milyon tona qədər genişlənir. Dəmir yolu, gəmiqayırma zavodu və digər nəqliyyat infrastrukturu ən müasir səviyyəyə gətirilir.
Ölkə başçısının söylədiyi kimi, Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Bu istiqamətdə birgə səylərin sayı artıracaqdır. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək.
Dövlət başçısı vurğuladı ki, Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması istiqamətində danışıqların son mərhələsi aparılır. Yaxın aylarda bu məsələ də öz həllini tapacaq və bizim qardaşlıq münasibətlərimizə daha bir töhfə veriləcəkdir.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın önəmli mesajları da bütün dünyaya iki qardaş ölkə arasında olan münasibəti bir daha nümayiş etdirdi.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Azərbaycan qardaşlığının bütün dünyada qibtə ilə izlənildiyini bildirdi. Qeyd etdi ki, Azərbaycan hökuməti və xalqı dərdimizi öz dərdi kimi bölüşdü. Bildirdi ki, Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəltdiyimiz əlaqələrimizi bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq. Şuşa Bəyannaməsinin müddəalarını bundan sonra da uğurla həyata keçirməkdə qərarlıyıq və bu məsələdə güzəştə getməyəcəyik. Şuşadakı baş konsulluğunun açılması başda Ermənistan olmaqla bütün dünyaya ayrı bir mesaj olacaqdır.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın söylədiyi kimi, Türkiyə və Azərbaycan iki qardaş ölkədir. “Bir millət, iki dövlət” düşüncəsi ilə bu günə qədər addımladıq. İndiyə qədər addımladığımız bu yolda bundan sonra da qərarlı şəkildə yolumuza davam edəcəyik. Hazırda Azərbaycanın, xüsusilə müharibələrdən sonra infrastrukturla bağlı böyük həssaslıq göstərdiyi ən əhəmiyyətli məsələ yollardır. Əgər yolunuz varsa, mədənisiniz. Yolunuz varsa, mədəniyyətə çatmısınız. Əgər yol yoxdursa, heç bir şey yoxdur.
Facebook-da paylaş