• Təqvim

  • Unutma

  • Maraq



1 dekabr tarixini laçınlılar bu gün də fəxr və qürur hissi ilə xatırlayırlar


2020-ci il illər keçsə, qərinələr ötsə belə hər zaman hərb tariximizdə və Azərbaycan xalqının yaddaşında Qələbənin, Zəfərin yazıldığı bir il kimi xatırlanacaq. Çünki həmin ildə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-də başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsində xalqımıza böyük Zəfər, unudulmaz tarixi Qələbə bəxş etdi. Yaddaşlara qızıl hərflərlə həkk olunan həmin möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə yaşayır. Ən əsası isə qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə, qazilərimizə bir ömür boyu minnətdar olacağıq. 

2020-ci ilin 1 dekabr günü həm xalqımızın, həm də laçınlıların yaddaşına əbədi həkk olunan bir gündür. Çünki dekabrın 1-i  Laçın Ermənistan silahlı qüvvələrinin işğalından azad edildiyi gündür. O gündən artıq 2 il ötür. Həmin tarixi günü laçınlılar bu gün də fəxr və qürur hissi ilə xatırlayırlar. Çünki 28 il davam etmiş işğala son qoyulub. Artıq laçınlılar rayonun 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi günü deyil, azad olunduğu tarixi - 1 dekabrı qeyd edirlər.

Tarixə nəzər yetirsək görərik ki, Laçın rayonu 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Ümumi sahəsi 1835 kvadrat kilometri olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir.

Nə xalqımız, nə də laçınlılar Laçının işğal tarixini heç vaxt unutmayacaq. Laçın rayonunun 18 may 1992-ci ildə işğal olunduğu günü bu gün də ürək ağrısı ilə xatırlayırlar. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olub. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. İşğalın fəsadlarına gəlincə 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.

Rəsmi İrəvanın hərbi cinayətləri isə bu gün də öz hüquqi qiymətini almayıb. Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub. Bu cür əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş vermişdir.

Laçının doğma sahiblərinə qayıtması Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.

44 günlük haqq savaşında, eləcə də Laçın uğrunda döyüşlərdə iştirak edənlərin vətənpərvərliyi, igidliyi dövlət tərəfindən də yüksək qiymətləndirildi. 2020-ci il noyabrın 26-da “Laçının azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8397 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Bu gün Laçın rayonunun yeni inkişaf dövrü.başlayıb. Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.

Rayonun yol-nəqliyyat infrastrukturu da yenidən qurulur. Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər və körpü inşa olunacaq. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq.

2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi də planlaşdırılır. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. Burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur.

Laçınlıların birinci qrupu öz doğma şəhərinə gələn ilin sonuna qədər qayıda bilərlər. “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq Laçın rayonu və bütün başqa rayonlar bərpa olunacaqdır.

Laçın rayonunda heyvandarlığın inkişafı üçün də böyük imkanlar var. Artıq ikinci ildir ki, çobanlar ilə qoyun sürüləri oraya göndərilib. Laçın rayonunda yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür.

2021-2022-ci illər həm də Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Laçına səfərləri ilə yaddaşlara yazıldı. 14.02.2021-ci il tarixi Güləbird kəndində Azərbaycan Bayrağının ucaldılması və Su elektrik stansiyasının açılış mərasimi ilə yadda qaldı. 16.08.2021-ci il Laçın Beynəlxalq Hava Limanının təməlqoyma mərasimi ilə əlamətdar hadisə kimi xalqımızın və laçınlıların yaddaşına əbədi həkk olundu. 26.06.2022-ci il tarixdə olan səfər də yaddaqalan oldu. Həmin gün Kəlbəcər-Laçın avtomobil yolunun inşası prosesi, “Qorçu” elektrik yarımstansiyasında görülən işlər, “Həkəriçay” su anbarının layihəsi, Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə tanışlıq oldu. 21.09.2022-ci il tarixi də Kəlbəcər-Laçın avtomobil yolunda yeni inşa edilən tunellə, Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması, Laçın şəhərində inşa ediləcək “Laçın” qovşaq yarımstansiyasının təməlqoyma mərasimi ilə əlamətdar oldu.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə etdiyi səfərlər, həmin torpaqlarda dayanaraq xalqa etdiyi müraciətlər bir daha onu söyləməyə əsas verir ki, Qarabağa “Böyük Qayıdış” elə də uzaqda deyil.

GOYEZEN.AZ



Facebook-da paylaş