• Təqvim

  • Maraq



Prezident İlham Əliyev: “Zəngilan Hava Limanının açılışı Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli hadisədir”


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi 44 gün davam etdi və sonda əldə etdiyimiz nailiyyət, qazanılan böyük Qələbə hərb tariximizə şanlı səhifə kimi yazıldı. 44 günlük savaşda əldə etdiyimiz şanlı Zəfərlə Azərbaycanı bütün dünyaya qalib ölkə kimi tanıtdıq. Bu gün Azərbaycan təkcə qalib ölkə kimi deyil, eyni zamanda işğaldan azad etdiyi torpaqlarda qurub yaratdıqları, inşa etdikləri ilə bütün dünya dövlətlərinə öz gücünü, qüdrətini bir daha nümayiş etdirir. Qalib ölkənin rəhbəri kimi Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərlər etməsi, həmin səfərlər zamanı abadlaşan torpaqlarımızı, rayonlarımızı görmək xalqımızın ürəyini dağa döndərir, böyük qürur hissi yaşadır. Cari ilin 20 oktyabr tarixi Prezident İlham Əliyevin Cəbrayıl şəhərində mətbuata verdiyi bəyanat ilə yadda qaldı.

Oktyabrın 20-si təkcə xalqımız üçün deyil, zəngilanlılar üçün də unudulmaz bir tarixə çevrildi. Bu gün qürurla deyə bilərik ki, ölkə Prezidentinin də qeyd etdiyi kimi, Zəngilan Hava Limanının açılışı ölkəmizin həyatında çox əlamətdar hadisədir. Hava limanının açılışı Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli hadisədir. Qürurverici anlardan biri də odur ki, Azərbaycan Ordusu 2 il bundan əvvəl Zəngilan şəhərini azad etdi və məhz belə bir gündə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır.

Şanlı ordumuzun qazandığı inamlı Qələbədən söz açan ölkə başçısı bildirdi ki, Zəngilanın azad olunmasından bir neçə gün sonra Qubadlı erməni işğalından azad edildi və Azərbaycan Ordusunun bir qruplaşması Laçın istiqamətində irəliləməyə başlamışdı, digər qruplaşma isə Şuşaya istiqamət götürmüşdü. Alınmaz qala sayılan Şuşa noyabrın 8-də erməni işğalından azad edilmişdir, Azərbaycan Bayrağı qaldırılmışdır və ondan sonra Ermənistan təslim oldu.

Qazanılan tarixi Qələbədən danışan dövlət başçısı vurğuladı ki, şanlı tarix bizim müştərək tariximizdir. İkinci Qarabağ savaşının ilk saatlarından Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə etdi. Bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam edirdi.

Ölkə rəhbəri çıxışında bu gün bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyinin göründüyünü qeyd etdi. Bildirdi ki, genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, o cümlədən bölgənin birinci özəl sərmayəsi olan “Dost Aqropark” da qeyd olunmalıdır. Həmçinin, qeyd etdi ki, inşaat, yol çəkilişi işlərində Türkiyə şirkətləri bizimlə bərabər çalışır. Türkiyə şirkətləri qısa müddət ərzində böyük işlər görüb. Avtomobil və dəmir yollarının, habelə 33 tunelin inşası nəzərdə tutulmuşdur. Tunellərin ümumi uzunluğu 50 kilometrdən çoxdur, 84 körpü tikiləcək, onların bir qismi inşa edilmişdir. Körpülərin ümumi uzunluğu 12 kilometrdir. Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək və biz bunu edəcəyik.

Çıxışı zamanı erməni vandalizmindən danışan ölkə rəhbəri qeyd etdi ki, işğal dövründə ermənilər bizim bütün şəhərlərimizi, kəndlərimizi yerləbir etmişlər. Yalnız dağılmış binalar qalıb. Bu dağıntılar Birinci Qarabağ savaşında deyil, məhz işğal dövründə ermənilər tərəfindən törədilmişdir. Azərbaycan xalqına qarşı nə qədər nifrət var idi ki, bütün binaları yerlə-yeksan etdilər. Bunun əsas məqsədi ondan ibarət idi ki, azərbaycanlılar heç vaxt bu torpaqlara qayıtmasınlar, qayıtmağa yer olmasın.

Lakin düşmənin istədiyi olmadı. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu döyüş meydanında əsl qəhrəmanlıq göstərərək torpaqlarımızı azad etdi. Bu gün isə həmin torpaqlarda həyat yenidən qaynayır. Azad edilən şəhər və rayonlarımıza Böyük Qayıdış üçün genişmiqyaslı quruculuq işləri aparılır. Çünki ölkə başçısının da vurğuladığı kimi, bütün keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdacaqlar. Vətən çəkir və hamımız qayıdacağıq. Keçmiş qaçqınların qayıdışı üçün əlimizdən gələni edirik, gecə-gündüz çalışırıq və bu bərpa-quruculuq işlərində türk qardaşlarımız bizimlə bir yerdədirlər.


Bir millət, iki dövlət olan Azərbaycan-Türkiyə qardaşlığı bundan sonra da daimi olacaq. İki qardaş ölkənin birliyi bütün dünya dövlətlərinə, o cümlədən də mənfur düşmənə göz dağıdır. Dövlətimizin başçısının da söylədiyi kimi, Türkiyə-Azərbaycan birliyi bəzi qüvvələrin müdaxiləsinin qabağını aldı. Bu gün Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsidir. Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu, bizim üçün böyük xoşbəxtlikdir. İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi. Ölkə başçısının da qeyd etdiyi kimi, ötən il Şuşada imzalanan Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycanı rəsmən müttəfiq etdi. Bütün sahələrdə müttəfiq olduq. Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir.

Ölkə Prezidenti bildirdi ki, Türkiyə son illər böyük uğurlu yol keçib, dünya çapında güc mərkəzinə çevrilib. Türkiyədəki sabitlik, inkişaf göz qabağındadır. Bu gün dünyanın bir çox ölkələrində böhran yaşanır, ölkələr idarəolunmaz vəziyyətə düşür, iqtisadi çətinliklər, sıxıntılar insanların haqlı etirazına səbəb olur. Türkiyə isə inamla irəliləyir, nəhəng layihələr gerçəkləşdirir, bölgədə söz sahibidir, dünyada önəmli güc mərkəzidir. Hər kəs bununla hesablaşmalıdır.

Bu gün onu da əminliklə deyə bilərik ki, dövlət başçısının da söylədiyi kimi, İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb. Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, ürəkdən gələn duyğulardır, bu, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir və bu, zəmanəmizin tələbidir. Bəli, qürurla deyə bilərik ki, Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır. 

GOYEZEN.AZ



Facebook-da paylaş