Həftə ərzində idarə, müəssisə, təşkilat və xidmət sahələrinə müraciət etmiş vətəndaşların istəkləri baxılıb
Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın bütün sahələrdə vətəndaş amilini, vətəndaş məmnunluğunu əsas götürməsi hər bir dövlət məmuruna nümunədir. Bu, eyni zamanda vətəndaş amilinin dövlət siyasətinin prioritet istiqamətini təşkil etməsi deməkdir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbullar onu deməyə əsas verir ki, vətəndaş məmnunluğuna hər zaman önəm verilir. Vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi bu məqsədə xidmət edir.
Qazaxda ölkə Prezidentinin, eləcə də rayon rəhbərliyinin vətəndaş amilini əsas götürməsi hər bir dövlət məmuruna örnəkdir. Qazax Rayon İcra Hakimiyyəti ilə yanaşı, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri tərəfindən də vətəndaşlar qəbul olunur, müraciətləri dinlənilir. Ölkə Prezidentinin, rayon rəhbərliyinin vətəndaşlara olan münasibətini əldə rəhbər tutan idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri öz işlərində dövlət-vətəndaş münasibətlərinin qorunmasını, dövlətin, ölkə rəhbərinin vətəndaşa olan qayğısını olduğu kimi çatdırmağı əsas götürürlər. Bunu həftə ərzində edilən müraciətlərdən və həlli istiqamətində görülmüş işlərdən də aydın şəkildə görmək olur.
Bu həftə ərzində rayon üzrə 20 idarə və müəssisədən 12-nə müxtəlif mövzularla bağlı vətəndaş müraciəti olub. Ümumilikdə, 293 nəfər vətəndaş qəbul edilib. Onlardan 147 nəfərin müraciəti müsbət həll olunub, 146 nəfərin müraciəti isə qanunamüvafiq qaydada cavablandırılıb.
Qazax Rayon Mərkəzi Xəstəxanasına həftə ərzində 9 nəfər vətəndaş müraciət edib. Onlardan 8 nəfər digər xəstəxanalara göndərişlə, 1 nəfər əllliklə bağlı müraciət etdiyini bildirib. Müraciətlərin 8-i yerində həll edilib, 1-i isə qanunamüvafiq qaydada cavablandırılıb.
Qazax Müalicə Diaqnostika Mərkəzinə həftə ərzində müraciət etmiş 8 nəfərin xəstəliklə bağlı istəyi təmin olunub.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik Hüquqi Şəxsin 1 saylı Qazax-Tovuz Regional Filialının Qazax Rayon Qəbul Şöbəsində həftə ərzində 162 nəfərin müxtəlif səpkili müraciəti dinlənilib. Onlardan 98 nəfərin istəyi müsbət həll edilib, 64 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına həftə ərzində 91 nəfər müxtəlif mövzularla müracət edib ki, onlardan 24 nəfərin istəyi müsbət həll edilib, 67 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib.
"Aztelekom” MMC-nin Qazax Telekommunikasiya Qovşağına həftə ərzində müraciət etmiş 2 nəfər vətəndaşın telefon xəttinin çəkilişi ilə bağlı istəyi müsbət həllini tapıb.
"Azərpoçt” MMC-nin Qazax Poçt filialına həftə ərzində müraciət edən 1 nəfər vətəndaşın saxlanca düşən maneqramla bağlı istəyi müsbət həll olunub.
8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal Sahəsinə müraciət etmiş 5 nəfər vətəndaşın kanalizasiya xəttindəki qəza, su sayğacı və su xəttinin çəkilməsi ilə bağlı istəkləri müsbət həll edilib.
Qazax Suvarma Sistemləri İdarəsində 1 nəfər vətəndaşın suvarma suyu ilə təmin olunması ilə bağlı istəyi təmin edilib.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektoruna həftə ərzində müraciət etmiş 7 nəfər vətəndaşın işlə təmin olunma, dərs yükünün az olması, övladının bağçaya yerləşdirilməsi ilə bağlı müraciəti qanunamüvafiq qaydada cavablandırılıb.
Qazax Elektrik Şəbəkəsində həftə ərzində müraciət etmiş 5 nəfər vətəndaşın işə qəbul, elektrik gərginliyinin zəif olması, SMS sayğacla bağlı istəyinə müvafiq izahat verilib.
Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində 1 nəfər vətəndaşın subsidiyanın köçməməsi ilə bağlı müraciəti dinlənilərək səbəbi ona qanunamüvafiq qaydada izah olunub.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qazax Rayonu üzrə Maliyyə Şöbəsində həftə ərzində müraciət etmiş 1 nəfər vətəndaşın artıq ödənmiş vəsaitin geri qaytarılması ilə bağlı müraciətinə qanunamüvafiq izahat verilib.
Vətəndaşları dinləmək, həlli mümkün olan məsələlərdə dəstək olmaq, müvafiq izahat vermək, lazım yarandığı halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq, bir sözlə, vətəndaş məmnunluğunu təmin etmək hər bir dövlət məmurunun vəzifə borcudur. Bu, Qazaxda həm rayon rəhbərliyi, həm də rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri tərəfindən birmənalı şəkildə yerinə yetirilir. Bütün bunların arxasında isə dövlətin, ölkə rəhbərinin vətəndaşına olan qayğısı dayanır.
GOYEZEN.AZ
Facebook-da paylaş