Yeni il şənliyi keçirilərkən yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalıdır!
Təqvim
ilinin dəyişməsi-Yeni
il bayramı dünyanın müxtəlif xalqları
üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olmuşdur. Hər il dekabr ayının sonu,
yanvar ayının əvvəllərində evlərdə, təhsil ocaqlarında, istirahət parklarında və
digər obyektlərdə yolkalar qurulur, onlar müxtəlif bəzək əşyaları ilə bəzədilərək
işıqlandırılır. İnsanlar, xüsusən uşaqlar yolkanın ətrafında təşkil olunan şənlikdə
iştirak edir, əylənirlər.
İnsanların bir yerə toplaşdıqları bu Yeni il şənliklərində onların təhlükəsizliyinin
qorunması vacibdir. Xüsusən atəşfəşanlıqla müşaiyət edilən belə şənliklərdə yanğın
təhlükəsi ehtimalı çox olduğundan yanğın təhlükəsizliyi qaydalarını bilmək və
ona əməl etmək olduqca vacibdir. Ona görə də Yeni il şənliyi keçirilən obyektlərin
rəhbərləri, şənlik iştirakçıları bilməlidirlər ki, mülkiyyət formasından asılı olmayaraq bütün obyekt
və müəssisələrdə (sahibkarlıq subyektlərində və s.) yanğın təhlükəsizliyinin təmin
edilməsində cavabdehlik onların rəhbərlərinin üzərinə düşür.
Obyektin bütün işçiləri yanğına qarşı təlimatlandırılmalı
və onlar baş verə biləcək yanğın hadisəsi zamanı vəzifələrini dəqiq bilməlidirlər!
Ehtiyat çıxış yollarının qarşısı əşyalarla
tutulmamalı və sərbəst çıxışa mane olan qurğular quraşdırılmamalıdır. Köçürmə
yolları işıqlandırılmalı və birbaşa çıxışa doğru açılması təmin edilməlidir.
Yeni il yolkası binanı tərk etməyə iki sərbəst
çıxış yolu olan və ehtiyat çıxış qapılarının üzərində yaşıl rəngli "ÇIXIŞ” sözü
(elektriklə işıqlandırılmış) yazılmış göstərici lövhə asılan, eləcə də ikinci mərtəbədən
yuxarı olmayan və yanmayan arakəsmələr olan otaqlarda qurulmalıdır!
Yolka ağacı yerə möhkəm bərkidilməli, dayaqlar üzərində
elə quraşdırılmalıdır ki, onun budaqları tavana və divarlara toxunmasın!
Yeni il şənlikləri zamanı tikintinin imkanlarından (normadan)
artıq insanların zala buraxılmasına (toplanmasına) yol verilməməlidir!
Yeni il şənlikləri keçirilən yerlər ilkin
yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir!
Yeni il şənliklərində atəşfəşanlıq məqsədilə
pirotexniki vasitələrdən, həmçinin yanğın təhlükəli işıqlandırıcı maddələrdən
istifadə edilməsi qadağandır!
Yeni il şənlikləri keçirilən obyektlərin pəncərələrində
dəmir barmaqlıqlar olmamalıdır!
Yeni il şənliklərində yolkanın şamla
işıqlandırılmasının yanğın təhlükəsi yaratdığını nəzərə alaraq buna yol verilməməlidir!
Yolka bəzədilərkən pambıqdan, tənzifdən və s.
tezalışan parçalardan istifadə edilməməlidir!
Yeni il şənlikləri keçirilən zaman uşaqların geyindiyi
şənlik paltarları tezalışan materialdan olmamalıdır!
Tədbir keçirilən obyektlərdə giriş və çıxışlarda
insanların toplaşmasına, əşyaların (stol, stul və s. otaqlarından) yığılmasına
yol verilməməlidir!
Otaqlarda işıqlandırma sistemi olmadıqda tədbir
yalnız gündüzlər keçirilməlidir!
Şam ağacının bəzədilməsində istifadə olunan
lampalar ardıcıl qoşulmalı və bu zaman gərginlik 12 voltdan, cərəyan 25 vatdan
artıq olmamalıdır!
Tədbir zamanı qaynaq, rəngləmə və digər yanğıntörədici
partlayış təhlükəli işlərin görülməsi qadağandır!
Oturacaqların ara məsafəsinin azaldılması, əlavə
stul və kreslolar qoyaraq cərgəarası keçidlərin bağlanması yolverilməzdir!
Yanğın təhlükəsizliyinə
cavabdeh olan növbətçilərin və digər məsul şəxslərin olmadığı zaman obyektlərdə
tədbir keçirmək olmaz!
Yanğın zamanı nə etməli?
Tədbir zamanı yanğın baş verdikdə dərhal Fövqəladə
Hallar Nazirliyinin 112 qaynar xəttinə
zəng vuraraq məlumat vermək lazımdır!
İşıqlandırıcı vasitələr dərhal şəbəkədən ayrılmaqla
söndürülməlidir!
Tədbir iştirakçılarının dərhal təxliyə olunmasına
başlanılmalıdır!
Əldə olan vasitələrlə yanğının söndürülməsinə
başlamaq lazımdır!
Yeni il şənlikləri zamanı yanğın təhlükəsizliyinə əməl
edin!
Gəncə Regional Dövlət
Yanğın Nəzarəti İdarəsi
Facebook-da paylaş