Prezident İlham Əliyev: “Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır”
Prezident İlham Əliyev bildirdi ki, Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır. Keçən il Slovakiya və Azərbaycan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalamışlar.Bu, əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran bir sənəddir və o sənədin imzalanmasından sonra biz bütün istiqamətlər üzrə çox fəal əməkdaşlığı görürük. Bütün istiqamətlər üzrə bizim müştərək komandalarımız fəal işləyir. Birgə iqtisadi işçi qrup öz fəaliyyətini genişləndirir. Ənənəvi əməkdaşlıq sahəsi olan energetika üzrə konkret layihələr icra edilir. Keçən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya təchiz edilmişdir və Slovakiyanın ehtiyacları olan səviyyədə, istənilən həcmdə Azərbaycan enerji resurslarını təmin edə bilər. Ölkə başçısı qeyd etdi ki, bizim zəngin qaz yataqlarımız bu gün imkan verir ki, dünyanın bir çox ölkələrinə təbii qazı ixrac edək. Azərbaycan qazını almış ölkələrin sayı 14-ə çatıb. Biz boru kəmərləri ilə ixrac edilən qazın təchizatçı ölkəsi olaraq birinci yerdəyik. Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm də onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır. Hazırda bizim ümumi qaz ixracımız 25 milyard kubmetr səviyyəsindədir, bunun da yarısı Avropa ölkələrinə nəql edilir. Bu gün Avropa İttifaqına üzv 8 ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin etmiş olur. Slovakiya ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanlarımız genişdir. Biz bu sahədə əməkdaşlığı sənayenin inkişafı nöqteyi-nəzərindən görürük. Biz müharibə aparmaq fikrində deyilik. Yəni, bizim üçün müharibələr artıq keçmişdə qalır və sadəcə olaraq, burada bir sinergiyanın yaradılması üçün Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər. Həm də ki, bu, texnoloji inkişafın da bir qolu olaraq bizə böyük faydalar verəcəkdir. Biz bu istiqamətdə konkret layihələr üzərində çalışırıq. Düz bir ay əvvəl - noyabrın 8-də biz azadlıq müharibəsində Qələbənin beşinci ildönümünü qeyd etmişdik və fəxri qonaqlar arasında Slovakiyanın Baş nazirinin müavini və müdafiə nazirini görmək xüsusi məmnunluq yaratmışdır. Buna görə biz Slovakiya dövlətinə və hökumətinə minnətdarıq. Bu kimi jestlər bir daha onu göstərir ki, biz, sözün əsl mənasında, dost ölkələrik. Müvafiq hökumət nümayəndələri bütün istiqamətlər üzrə təlimatları alıb ki, gələcək illərdə əməkdaşlığı daha da yüksək səviyyəyə qaldıraq. Azərbaycan öz xarici siyasət prioritetlərini çoxdan müəyyən edib. Biz, eyni zamanda, bu gün Şərqlə Qərb arasında müəyyən bir körpü rolunu oynayırıq. İnfrastruktura, bağlantılara, nəqliyyat sektoruna qoyduğumuz sərmayə bu gün imkan verir ki, Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli parçasına çevrilsin. Biz Orta Dəhliz layihəsində fəal iştirak edirik. Orta Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir. Gələcək illərdə bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq biz öz imkanlarımızı genişləndirəcəyik. Hesab edirəm ki, biz Slovakiya ilə Azərbaycan arasındakı əlaqələrin inkişafında bu sahəni də diqqətdən kənarda qoymamalıyıq. Çünki bunun çox böyük potensialı vardır. Azərbaycanda kifayət qədər böyük enerji potensialı var. Eyni zamanda, bu gün biz informasiya texnologiyaları, data mərkəzlərinin yaradılması haqqında danışmışıq. Burada Azərbaycanın üstünlüyü ondadır ki, bizdə kifayət qədər böyük enerji potensialı var. Bu gün Azərbaycanda istifadə olunmayan enerji potensialı təxminən 2 giqavata bərabərdir və növbəti beş il ərzində bu, 8 giqavata çatdırılacaq. Təbii ki, süni intellekt və data mərkəzlərinin fəaliyyəti üçün enerji mənbəyi əsas amillərdən biridir. Əlbəttə ki, iqlim də burada önəmli amildir. Baxmayaraq, biz Cənub ölkəsiyik, amma bizim çox soyuq bölgələrimiz də var ki, orada ilin böyük hissəsində şaxtalı hava şəraiti mövcuddur. Ona görə beynəlxalq data mərkəzləri habı kimi biz öz rolumuzu görürük və Slovakiya şirkətləri ilə bu istiqamətdə çalışmaq fikrindəyik. Slovakiya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 1 oktyabr 2019-cu il tarixindən fəaliyyət göstərir. 14 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının Slovakiya Respublikasında Səfirliyi təsis olunmuşdur. 24 aprel 2009-cu il tarixində Azərbaycanın Slovakiyadakı fəxri konsulluğu fəaliyyət göstərir. Azərbaycan Slovakiya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir. Dövlət başçılarının qarşılıqlı səfərlərinə gəlincə Prezident İlham Əliyev18-19 mart 2004-cü il tarixdə işgüzar səfərdə olub. Baş nazirlərin qarşılıqlı səfərlərinə gəlincə Peter Pelleqrini12-14 noyabr 2018-ci il tarixlərdə, Robert Fitso 6-7 may 2024-cü il tarixdə rəsmi səfər edib. Xarici işlər nazirlərinin qarşılıqlı səfərlərinə gəlincə Elmar Məmmədyarov 5-6 dekabr 2019-cu il tarixdə işgüzar səfərdə,Ceyhun Bayramov 6-7 iyun 2023-cü il tarixdə rəsmi səfərdə olub. Miroslav Layçak 4-5 mart 2019 və 27-28 noyabr 2019-cu il tarixlərdə işgüzar səfərdə olub.İvan Korçok 17 mart 2021-ci ildə işgüzar, 19 oktyabr 2021-ci ildə rəsmi səfər edib. Parlamentlərarası əlaqələrə gəlincə AR Milli Məclisində 13 dekabr 2005-ci ildən etibarən Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun sədri Anar Məmmədovdur. Slovakiyanın Parlamentində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu mövcuddur. Slovakiya Parlamentinin sədri Boris Kollar son beş ildə Azərbaycana bir rəsmi (10-13 iyun 2022) və iki işgüzar (15-17 may 2023 və 5-6 sentyabr 2023) səfər etmişdir. AR Milli Məclisinin sədri Sahibə Qafarova 7-9 oktyabr 2021-ci il tarixində Slovakiyaya rəsmi səfər etmişdir. Müqavilə-hüquq bazasına gəlincə Azərbaycan və Slovakiya arasında 13 sənəd imzalanmışdır. İqtisadi sahədə əməkdaşlıq yüksək səviyyədə aparılır. 19 oktyabr 2021-ci il tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”ə əsasən İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Slovakiya Birgə İşçi Qrupu təsis edilmişdir.
2025-ci ilin 8 dekabr tarixi Prezident İlham Əliyevin Slovakiyaya səfəri zamanı mətbuata verdiyi bəyanatla əlamətdar oldu.
Dövlət başçısı vurğuladı ki, Slovakiyanın uğurlu inkişafı bizi çox məmnun edir. Ölkənizdə sabitlik, iqtisadi inkişaf hökm sürür. Slovakiya çox güclü sənaye potensialına malikdir. Xüsusilə Sizə rəğbət qazandıran odur ki, Slovakiya müstəqil xarici siyasət aparır. Bəzi hallarda buna görə müəyyən çətinliklərlə də üzləşirsiniz. Ancaq bu, Sizi yolunuzdan döndərmir və bizim bölgəmizdə Sizin ölkənizə və rəhbərliyə çox böyük hörmət mövcuddur.
Azərbaycan-Slovakiya münasibətlərinə gəlincə Slovakiya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 24 yanvar 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə qurulmuşdur.
Facebook-da paylaş















