• Təqvim

  • Maraq



Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələr üzrə inkişaf edir


Cari ilin 16 aprel tarixi Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana səfəri və səfər zamanı iki ölkə başçısının mətbuata verdikləri bəyanatla yadda qaldı. 

Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələr üzrə inkişaf edir. Əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar. Bu gün də bu, belədir. Dövlətlərarası münasibətlər də yüksək səviyyədədir. Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Təbii olaraq siyasi əlaqələr inkişaf edir. Yüksək səviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir. Bizi birləşdirən bir çox sərmayə layihələri qeyd etdiyim kimi, böyük coğrafiya üçün önəmlidir. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Əgər bu gün biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. İldən-ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır.

Ölkə başçısı qeyd etdi ki, Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülhün təmin edilməsinə,  təhlükəsizliyə öz töhfəsini verir. Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də bizim birgə maraqlarımızda olan məsələdir və burada həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir. Əfsuslar olsun ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir. Ümid edirəm ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq. Gürcüstan-Azərbaycan əlaqələri haqqında çox danışmaq olar. Sadəcə, onu bildirmək istəyirəm ki, bundan sonra da bizim əlaqələrimiz yüksələn xətlə inkişaf edəcək.


Azərbaycan Respublikası və Gürcüstan arasında münasibətlər yüksək səviyyədə inkişaf etdirilir. Qədim tarixi köklərə malik Azərbaycan-Gürcüstan münasibətləri uğurlu inkişaf yolu keçərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Azərbaycan Respublikası Gürcüstanla ikitərəfli əlaqələrinə xüsusi əhəmiyyət verir və ikitərəfli əməkdaşlığı bütün istiqamətlər üzrə dərinləşdirmək və genişləndirməkdə maraqlıdır. İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığımızın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrində əldə olunmuş ciddi nailiyyətlərin əsasını təşkil edir. Bu gün Azərbaycan-Gürcüstan əlaqələrində fəal işbirliyinin müşahidə edilmədiyi hər hansı bir sahə mövcud deyildir. Xüsusilə, Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr nəinki ikitərəfli əməkdaşlığımızın inkişafına xidmət edir, hətta regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Belə ki, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır.


Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin inkişafında XİN-lərarası siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya və parlamentlərarası dostluq qrupu platformaları vacib rol oynayır. Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkərimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər.

Dövlət başçılarının qarşılıqlı səfərlərinə gəlincə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Gürcüstana (1 dövlət, 1 rəsmi, 9 işgüzar) səfər etmişdir. Son rəsmi səfər 05-06 noyabr 2015-ci ildə, işgüzar səfər 08 oktyabr 2023-cü ildə həyata keçmişdir. Gürcüstanın Prezidenti xanım Salome Zurabişvili ölkəmizə 2 (1 rəsmi, 1 işgüzar) səfər etmişdir. Rəsmi səfər 27-28 fevral 2019-cu ildə, işgüzar səfər (IX Qlobal Bakı Forumunda iştirak) isə 16 iyun 2022-ci ildə baş tutmuşdur.

Hökumət başçılarının qarşılıqlı səfərlərinə gəlincə 26 oktyabr 2023-cü ildə AR Baş naziri Əli Əsədov Gürcüstana işgüzar səfər etmişdir. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili 05 may 2021-ci ildə Azərbaycana rəsmi, 29 sentyabr 2022-ci, 07 aprel və 24 noyabr (SPECA-nın Zirvə Görüşü) 2023-cü illərdə isə işgüzar səfərlər etmişdir. Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə 11 noyabrın 2024-cü il tarixində Azərbaycanda işgüzar səfərdə olmuşdur.

Xarici işlər nazirlərinin qarşılıqlı səfərlərinə gəlincə 16 iyul 2022-ci ildə AR xarici işlər naziri Ceyhun Bayramov Tbilisi şəhərində Gürcüstanın Baş naziri cənab İrakli Qaribaşvili ilə görüşmüşdür. 27 iyun 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Gürcüstana rəsmi səfəri baş tutmuşdur.

Parlamentlərarası əlaqələrə gəlincə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Azərbaycan tərəfindən qrupun rəhbəri – Arzu Nağıyev. Gürcüstan Parlamentinin Azərbaycan Respublikasının Milli Məclisi ilə dostluq  qrupu mövcuddur. Gürcüstan tərəfindən qrupun rəhbəri – vitse-spiker Arçil Talakvadze.

Müqavilə-hüquq bazaya gəlincə iki ölkə arasında 119 sənəd imzalanmışdır.



Facebook-da paylaş