• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda meliorativ tədbirlər

Respublika mətbuatı Qazax haqqında


Qazax-Tovuz iqtisadi rayonuna daxil olan Qazaxda hazırda əkinəyararlı torpaqlar tamamilə əkin dövriyyəsindədir. Təbii ki, yüksək məhsuldarlığa nail olmaq üçün aqrotexniki qaydalara ciddi əməl etmək vacibdir. Lakin bitki kifayət qədər su ilə təmin olunmazsa, yüksək məhsuldarlıqdan söhbət gedə bilməz. Bu baxımdan melioratorların üzərinə çox böyük məsuliyyət düşür. Cari ildə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov "Rayon ərazisində kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, suvarma suyu ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədilə işçi qrupu yaradılması barədə" müvafiq sərəncam imzalamışdır. Sərəncamdan irəli gələn vəzifələrin icrası uğurla davam etdirilir.

Qeyd etmək lazımdır ki, rayonda ümumrayon iməciliklərinin keçirilməsi zamanı su arxlarının təmizlənməsi təqdirəlayiq bir haldır. Bu iş ənənə halını almışdır. Rayon ərazisində 174,5 kilometr texnika vasitəsilə, 155 kilometr əl əməyi ilə olmaqla 329,6 kilometr məsafədə təmizlik işlərinin aparılması nəzərdə tutulmuşdur.

Artıq təmizlik işlərinə start verilmişdir. Hazıradək 64 kilometr texnika vasitəsilə, 28 kilometr əl əməyi olmaqla 92 kilometr məsafədə təmizlik işləri aparılmışdır. İşlər sürətlə davam etdirilir.

Qazax Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilovla söhbət zamanı bildirdi ki, idarə rayon ərazisində əkilmiş 18911 hektar pay torpaq və həyətyanı sahələrin suvarılmasına xidmət edir. Bu sahələrin suvarılması üçün Ağstafaçay, Coğaz çay, İncəsu çay su anbarları, Kür və Xram çaylarından su götürülür, eləcə də subartezian quyularından istifadə olunur. Suvarılan sahələrin 7103 hektarı mexaniki üsulla, nasos stansiyaları vasitəsilə, 11808 hektarı isə açıq kanallar vasitəsilə öz təbii axını ilə suvarılır.

İdarənin balansında 915,1 kilometr uzunluğunda suvarma şəbəkəsi mövcuddur. Bundan 485,6 kilometr açıq kanallar, 429,5 kilometr isə magistral boru kəmərləri və qapalı şəbəkələrdir.

Qazax Suvarma Sistemləri İdarəsinin balansında 21 ədəd nasos stansiyası mövcuddur. Bundan hazırda 19 ədədi fəaliyyət göstərir. Artıq nasos stansiyalarda cari təmir işləri yekunlaşmaq üzrədir. Nasos stansiyalar suvarma mövsümünə hazır vəziyyətdədir. Bundan başqa, idarənin balansında 205 ədəd subartezian quyusu fəaliyyət göstərir. Subartezian quyuları vasitəsilə 587 hektar həyətyanı və pay torpaq sahələrinin suvarılması həyata keçirilir. Eyni zamanda, məişət suyu kimi də istifadə edilir. 2022-ci ilin istismar planına əsasən 60 ədəd subartezian quyusunda cari təmir işləri aparılmışdır.

İdarə rəisi bildirdi ki, 2023-cü ilin məhsulu üçün rayonda 6700 hektar payızlıq taxıl əkilməsi planlaşdırılır. Bundan 3700 hektar buğda, 3000 hektar arpa bitkisi əkilməsi nəzərdə tutulmuşdur. İndiyədək 6 min hektar sahədə toxum səpini aparılmışdır.

Vəli VƏLİYEV,

"Respublika" qəzetinin bölgə müxbiri

15 dekabr 2022-ci il, səhifə 9




Facebook-da paylaş