• Təqvim

  • Maraq



Qazaxda daha bir məktəb binası tikilir

Respublika mətbuatı Qazax haqqında


Dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın respublikamızın təhsil sahəsinə göstərdikləri qayğı Qazaxda da hiss olunur. Bu, "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında da öz əksini tapıb. Belə ki, həmin proqrama əsasən, Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmiri və tikintisi nəzərdə tutulub. Bundan əlavə,  Heydər Əliyev Fondu da  rayonda məktəblərin yenidən qurulmasında yaxından iştirak edir. Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbi buna misal ola bilər. Məktəb əsaslı şəkildə yenidən qurulub, Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbi üçün 220 şagird yerlik yeni bina inşa olunub. Elm və Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəbi üçün 180 şagird yerlik yeni binanın inşa edilməsi də Qazaxda təhsil sahəsinə olan yüksək dövlət qayğısının daha bir təzahürüdür.

Hazırda rayonda Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseydə son tamamlama işləri görülür. Dövlət başçısının müvafiq sərəncamı ilə yararsız bina sökülərək yerində 700 şagird yerlik yeni bina inşa olunur. Tikinti işləri sürətlə davam etdirilir. Məktəb binası 4 korpusdan ibarətdir. Korpusun biri 4 mərtəbədən, 2-si 3 mərtəbədən, idman zalının yerləşəcəyi korpus isə bir mərtəbədən ibarətdir. Yeni inşa edilən məktəbdə geniş, işıqlı sinif otaqları, kimya, fizika, biologiya laboratoriyaları, eləcə də kompüter otaqları, 172 yerlik yeməkxana və 312 yerlik akt zalı inşa olunub.  

İnşasına keçən ilin noyabr ayının əvvəlində başlanan məktəb-liseyin cari ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulub.

Sabir ƏLİYEV,

"Azərbaycan" qəzetinin bölgə müxbiri

11 sentyabr 2022-ci il




Facebook-da paylaş