Gənclər Vətənin müdafiəsinə hazırdırlar
Respublika mətbuatı Qazax haqqında
Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "İlk çağırışda Vətənin müdafiəsinə qalxan gənclər” mövzusunda onlayn videokonfrans keçirilib.
Videokonfransda Qazax Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, rayonda fəaliyyət göstərən Gənclər və İdman İdarəsinin, "Gənclər evi” Sosial Xidmət Müəssisəsinin əməkdaşları, könüllülər, eləcə də Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Milli Məclisin deputatı Səməd Seyidov iştirak etmişlər.
Videokonfransı giriş sözü ilə RİH başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin məsul işçisi Gülnar Quluyeva açaraq iştirakçıları salamlamış, tədbirin əhəmiyyətindən danışmışdır. Əvvəlcə, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən şəhid olmuş igid Vətən oğullarının xatirəsinə ehtiram göstərilmiş, yaralı hərbçilərimizə tez bir zamanda sağalıb yenidən ordu sıralarına qayıtmaları arzu edilmişdir. Tovuzun sərhəd bölgəsində gedən döyüşlərdə Qazaxın Yuxarı Salahlı kənd sakini, mayor Namiq Əhmədovun da qəhrəmancasına şəhid olması diqqətə çatdırılaraq bütün şəhidlərimizin, eləcə də Namiq Əhmədovun əziz xatirəsinin daim yad olunacağı qeyd edilmişdir.
Tədbirdə şəhid ailələrinə və müharibə əlillərinə göstərilən dövlət qayğısından da söz açılıb. Qeyd edilib ki, iyulun 21-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması həmin qayğının daha bir bariz nümunəsidir. Dövlət tərəfindən təqdim olunan həmin binada şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə mənzil və avtomobillərin verilməsi bir daha onu sübut edir ki, Azərbaycanda şəhid ailələrinə və müharibə əlillərinə diqqət və qayğı hər zaman olub, bundan sonra da olacaq.
Videokonfransda o da vurğulanmışdır ki, bu gün ölkəmiz baxmayaraq ki, gözə görünən və görünməyən iki düşmənlə - koronavirusla (COVID-19) və mənfur düşmənimiz olan ermənilərlə mübarizə aparır, bununla yanaşı, ayaqda durmağı da bacarır və iqtisadiyyatını qoruyur. Bu gün Azərbaycan güclü dövlət olaraq öz sözünü deyə bilirsə, çətinliklərə rəğmən, iqtisadiyyatı inkişaf edirsə, sosial layihələr uğurla icra olunursa, bu, ölkə rəhbərinin yürütdüyü məqsədyönlü siyasətin məntiqi nəticəsidir. Dövlət başçısının söylədiyi kimi, indi Azərbaycan o vaxtkı Azərbaycan deyil, indi Azərbaycan güclü dövlətdir və xalqla iqtidar arasında olan həmrəylik, birlik bu gücü daha da artırır. Tovuz hadisələrindən sonra minlərlə insanın Şəhidlər xiyabanına doğru ordumuza dəstək məqsədilə yürüş etməsi, Vətənin müdafiəsinə qalxması bir daha göstərdi ki, Azərbaycan dövləti istənilən vaxt xalqına arxalana bilər. Ürəyi Vətən eşqi ilə döyünən mərd oğullar bu dəfə də düşmənin məkrli niyyətlərini alt-üst etdilər. Bu bir daha göstərdi ki, Azərbaycanda xalqla-dövlət, xalqla-ordu arasındakı birliyi hər hansı şər qüvvə sarsıda bilməz.
Videokonfrans iştirakçılarına səmimi salamlarını çatdıran Milli Məclisin deputatı Səməd Seyidov qeyd etmişdir ki, Tovuzda baş verənlər bir daha onu göstərdi ki, bu, ermənilərin törətdiyi birinci təxribat deyil. Deputat son hadisələrin ermənilərin düşündüyü kimi getmədiyini diqqətə çatdırmışdır. "Tovuzda baş vermiş hadisələr təkcə Ordumuzun gücünü deyil, dövlət-xalq birliyini, həmrəyliyini də nümayiş etdirdi”, - deyən Səməd Seyidov bu həmrəyliyin tarixi köklərinin olduğunu bildirmişdir. Təkcə paytaxtda yaşayan vətəndaşların deyil, respublikamızın bütün bölgələrində, o cümlədən Qazax, Ağstafa, Tovuz rayonlarında yaşayan sakinlərin də əsl həmrəylik nümayiş etdirdiklərini bir daha diqqətə çatdırmışdır.
Videokonfransda Qazax RİH başçısı Aparatında baş məsləhətçi Teybə Hüseynova da çıxış edərək demişdir ki, Tovuz hadisələri və həmin döyüşlərdə torpaqlarımızın bütövlüyü naminə igid oğullarımızın şəhid olması xəbəri istər Azərbaycanda, istərsə də ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızı da məyus etdi. Lakin bu, bizi sarsıtmadı. Çünki bizim düşünülmüş, uzaqgörən siyasət yürüdən Prezidentimiz, Ali Baş Komandanımız və onun ətrafında sıx birləşməyi bacaran xalqımız və ordumuz var. Dövlət başçısı bütün çıxışlarında bizləri hər zaman ruhlandırırsa, Ordumuzun gücünü və qüdrətini fəxrlə, şərəflə dilə gətirirsə, bizlərin də ruhdan düşməyə haqqımız çatmır. Əksinə, biz sözümüzlə, əməlimizlə, atdığımız addımlarla ölkə rəhbərinin yanında olmalı və onun yürütdüyü siyasəti bir nəfər kimi dəstəkləməliyik.
Sabir ƏLİYEV,
"Azərbaycan” qəzetinin bölgə müxbiri
14 avqust 2020-ci il
Facebook-da paylaş