Qazaxda keçən il 30 min ton kartof tədarük olunub
Son illər Qazax rayonunda kartofçuluğun inkişafı ilə bağlı mühüm tədbirlər görülür. Nəticədə bu vacib məhsulun istehsalı getdikcə artır. Adamların kartofçuluğa marağının artması bol məhsul yetişdirməyə imkan yaratmaqla yanaşı, yeni iş yerlərinin açılması baxımından da mühüm əhəmiyyət kəsb edir. Belə bir fakt maraq doğurur ki, əgər üç il qabaq, yəni 2016-cı ildə rayonda cəmi 10 min 205 ton kartof tədarük olunmuşdusa, artıq keçən il bu rəqəm 30 min tonu keçmişdir.
İldən-ilə kartof
sahələrini genişləndirən qazaxlı sahibkarlar, sadə kəndlilər bu il də kartof
sahələrini genişləndirmək əzmindədirlər. Belə ki, 2019-cu ildə ötən ilə
nisbətən əkin sahəsinin daha 82 hektar artırılaraq 1200 hektara çatdırılması
nəzərdə tutulub.
Artıq bir aydır ki, kartof əkininə başlanılıb. Hazırlıq işləri vaxtında və tam
başa çatdırılıb. Sahələrdə hələ ötən ilin payızında lazımi dərinlikdə şum
qaldırılıb, üzvi gübrələr vurulub Əkin kampaniyasını optimal müddətdə başa
çatdırmaq üçün əvvəlcədən həyata keçirilən tədbirlər belə deməyə əsas verir ki,
bu il də bol və keyfiyyətli məhsul yetişdiriləcək. Əkində yüksək məhsuldar
toxum sortlarından istifadə olunur, əkinçilərə hərtərəfli kömək göstərilir.
Bugünədək 800 hektara yaxın ərazidə yazlıq kartof əkini aparılıb.
Hamlet QASIMOV,
"Xalq qəzeti”nin bölgə müxbiri
5 aprel 2019-cu il
Facebook-da paylaş