• Təqvim

  • Maraq



Azərbaycan və Bolqarıstan strateji tərəfdaş ölkələrdir


Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlər 1992-ci ilin 5 iyun tarixində qurulmuşdur. Bu il ölkələrimiz arasında əlaqələrin yaradılmasının 30 ili tamam olur və ölkələr arasında qarşılıqlı hörmət və etimad üzərində qurulmuş əlaqələr bu illər ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib. İki ölkə arasında səmərəli əməkdaşlıq formalaşıb. 1995-ci ildə Heydər Əliyevin Sofiyaya rəsmi səfəri zamanı ölkələrimiz arasında dostluq, əməkdaşlıq haqqında saziş imzalanmış və dövlətlərarası münasibətlər yüksələn xətlə inkişaf etmişdir. Bundan sonra Azərbaycan və Bolqarıstan arasında çoxsaylı qarşılıqlı səfərlər baş tutmuş, 1999-cu ildə Bolqarıstanın Bakıda, 2005-ci ildə isə Azərbaycanın Sofiyada səfirliyi fəaliyyətə başlamışdır. Azərbaycan-Bolqarıstan münasibətləri Prezident İlham Əliyevin 2015-ci ildə Bolqarıstana səfəri zamanı imzalanmış strateji tərəfdaşlıq haqqında birgə Bəyannamə ilə keyfiyyətcə daha yeni səciyyə qazanmışdır.

İki ölkə arasında əlaqələrin gücləndirilməsində dövlət başçılarının rolu və qarşılıqlı səfərlər mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstana növbəti səfərinin xüsusi önəmi vardır. Prezident İlham Əliyev cari ilin 30 sentyabr tarixində Bolqarıstana rəsmi səfər etmiş və səfər zamanı çıxış etmişdir. Çıxışı zamanı dövlətimizin başçısı ölkələrimiz arasındakı dostluq, tərəfdaşlıq münasibətlərindən, enerji təhlükəsizliyi məsələlərindən, eyni zamanda yeni geosiyasi vəziyyətdə nəqliyyat təhlükəsizliyi məsələlərindən və yeni əməkdaşlıq imkanlarından danışmışdır. İlham Əliyev bildirmişdir ki, bu gün Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər. 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əməkdaşlığımızın davamlılığını təmin edib. Bəyannamə əlaqələrimizi yüksək səviyyəyə qaldırmışdır və təsbit edilmiş bütün məsələlər həyatda öz əksini tapmışdır. Ölkələrimiz arasındakı siyasi əlaqələr davamlı olaraq inkişaf edir. Nazirlər səviyyəsində çoxsaylı görüşlər keçirilib. Enerji təhlükəsizliyi sahəsində əlavə addımlar atılacaqdır.

Enerji təhlükəsizliyi məsələlərinə toxunan Prezident İlham Əliyev bütün dövrlərdə bu məsələnin mühüm əhəmiyyət kəsb etdiyini, ancaq indiki şəraitdə bu əhəmiyyətin daha da artdığını vurğulamışdır. Dövlət başçısı qeyd etmişdir ki, Azərbaycan qazı artıq Bolqarıstandadır. Bolqarıstana ixrac ediləcək Azərbaycan qazının həcminin artırılması nəzərdə tutulub. Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. Azərbaycan əlindən gələni edir ki, qaz hasilatını artıraraq öz tərəfdaşlarını təbii qazla təmin etsin. Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi tarixi əhəmiyyətə malikdir. Bu interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də çox böyük faydası olacaqdır. Azərbaycanın dövlət başçısı Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandumunun böyük əhəmiyyətindən də danışmış və bildirmişdir ki, Memoranduma əsasən, növbəti bir neçə ildə Azərbaycan Avropaya qaz ixracatını ən azı 2 dəfə artıracaqdır. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu ölkəmizə imkan verir ki, bir çox ölkələri təbii qazla təmin edək. Bu sahədə əldə edilmiş uğurlar gələcək planlar üçün də gözəl zəmindir. SOCAR-ın Bolqarıstandakı ofisinin açılması vaxtı çatıb. Enerji sahəsində təkcə təbii qazın ixracı ilə işimizi bitmiş hesab etməməliyik. Elektrik enerjisinin ixracı və bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq, xam neftin Bolqarıstan istiqamətinə nəqli, habelə Bolqarıstanda enerji infrastrukturunun yenilənməsində SOCAR-ın imkanlarından istifadə olunacaqdır.

Yeni geosiyasi vəziyyəti nəzərə alaraq nəqliyyat təhlükəsizliyin təmin olunmasının önəmli məsələ olduğunu bildirən dövlət başçısı qeyd etmişdir ki, Azərbaycan öz ərazisində çox müasir nəqliyyat infrastrukturu yaratmışdır - dəmir yolları, avtomobil yolları, yeni Beynəlxalq Dəniz Ticarət Limanı. Bütün bu infrastruktur obyektləri bir məqsədi güdür ki, Azərbaycan üzərindən tranzit yüklərin həcmi artsın. Cari ildə tranzit yüklərin həcmi təqribən 50 faizə yaxın artmışdır. Gələcəkdə bu rəqəm daha da böyük olacaq. Ona görə Bolqarıstan və Azərbaycan nəqliyyatçıları indidən bir araya gələrək uzunmüddətli və genişmiqyaslı gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparacaqlar. Yeni əməkdaşlıq imkanları araşdırılacaq. İqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün çox böyük imkanlar mövcuddur. Bolqarıstan şirkətləri Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət olunacaqdır. İşğaldan azad olunmuş ərazilər əməkdaşlıq üçün yeni imkanlar yaradır.

Ceyhunə HÜSEYNOVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru



Facebook-da paylaş