• Təqvim

  • Unutma

  • Maraq



Qazax Rayon Heydər Əliyev Mərkəzində “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda maarifləndirmə xarakterli tədbir keçirilib


İyunun 9-da Qazax Rayon Heydər Əliyev Mərkəzinin və Qazax Müalicə Diaqnostika Mərkəzinin birgə təşkilatçılığı ilə 26 İyun – "Ümumdünya narkotiklər əleyhinə mübarizə günü” ilə əlaqədar "Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda maarifləndirmə xarakterli tədbir keçirilib.

Tədbirdə Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin müəllim və şagirdləri, Qazax Müalicə Diaqnostika Mərkəzinin həkim-terapevti Elxan Bayramov və tibb işçiləri iştirak ediblər.

 

Tədbiri Mərkəzin direktoru Ceyhunə Hüseynova açaraq iştirakçıları salamlayıb, bu günün mahiyyətindən, tarixindən danışıb. C.Hüseynova bildirib ki, ictimaiyyətin diqqətini daim narkomaniya ilə bağlı problemlərə yönəltmək məqsədilə 26 iyun BMT tərəfindən Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü kimi elan edilib. Azərbaycanda da narkomaniya ilə mübarizə məqsədilə silsilə tədbirlər həyata keçirilir, bu sahədə fəal və ardıcıl mövqe nümayiş etdirilir. İlk dəfə bu problemin dövlət səviyyəsinə qaldırılmasının, milli proqramların qəbul edilməsinin, qanunvericilik bazasının təkmilləşdirilməsinin, dünya birliyinə inteqrasiya proseslərində regional və beynəlxalq layihələrdə iştirak  Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1999-cu ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Qanun qəbul edilib, 2000-ci il 15 iyul tarixli Fərman ilə 2005-2006 ilədək "Narkomanlığın yayılmasına, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə milli proqram” qəbul edilib. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradıldı. Bütün bu işlərin davamı olaraq bu gün Prezident İlham Əliyev bu sahədə mövcud qanunvericiliyin təkmilləşməsində yeni Dövlət Proqramlarının qəbuluna nail olmuşdur. 2007-2012, 2013-2018-ci illərdə müxtəlif dövlət proqramları qəbul edilmiş və bu proqramların hər biri maarifləndirmə işinin təşkilində böyük rol oynayır.

 

Sonra Qazax Müalicə Diaqnostika Mərkəzinin həkim-terapevti Elxan Bayramov yeniyetmələrə müasir dünyamızın ən mühüm problemlərindən biri olan narkomaniyanın dünya əhalisinə mənfi təsirindən, insanlara maddi və mənəvi təsirlərindən danışaraq bildirib ki, narkomaniya millətin həyat tərzi üçün təhlükədir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, orqanizmi zəhərləyir, daxili orqanların sıradan çıxmasına səbəb olur. Narkotik qəbul edən şəxslərin kriminala meyilliyi çoxalır. Narkomaniya iradə zəifliyi yaradır, yalançılığa və riyakarlığa gətirib çıxarır, insanlığı məhv edir, onu şüursuz varlığa çevirir. Sonda həkim-terapevt şagirdlərə sağlam həyat tərzi sürməyi, heç kimin təsiri altına düşməməyi, güclü iradəyə sahib olmalarını, doğru yolu seçmələrini tövsiyə edib. Tədbir iştirakçıları narkotik vasitələrdən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən videoçarx izləyiblər.




GOYEZEN.AZ



Facebook-da paylaş