• Təqvim

  • Maraq



Azərbaycanın şöhrətini yüksəldən idmançılarımız


Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşılmışdır. Ümummilli Lider Heydər Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildən mühüm mərhələyə qədəm qoydu. Heydər Əliyevin diqqət və qayğısı sayəsində nəhəng idman sağlamlıq, Olimpiya mərkəzləri, idman kompleksləri tikilib istifadəyə verilmişdir. Bədən tərbiyəsi və idmanın kütləviliyi geniş vüsət almışdır. İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycan idmanının həyatında əlamətdar hadisə kimi tarixə yazıldı. Azərbaycanın müxtəlif bölgələrində də müasir tipli olimpiya idman kompleksləri tikilib istifadəyə verilməyə başladı. Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınaraq böyük nüfuz sahibinə çevrilib. Ölkəmizdə idman ənənələri kifayət qədər güclüdür və gənc nəsil bu ənənələri uğurla davam etdirir.

Macarıstanın paytaxtı Budapeştdə Güləş üzrə Avropa çempionatı keçirilmişdir. 8 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edib və görüşü zamanı bildirib ki, Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir daha xalqımızı sevindirmişlər, böyük qələbə ilə Vətənə qayıtmışlar. 16 medal qazanmış idmançılar bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar. Avropada birinci olmaq, istənilən idman növündə birinci olmaq böyük uğur hesab edilə bilər. Avropa çempionatında medalların birini qadın idmançımız, qalanlarını isə sərbəst güləş və yunan-Roma güləşi üzrə komandalarımız qazandı. Beləliklə, həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci oldular.

Bu gün ölkəmizdə vətənpərvər, milli-mənəvi dəyərlərə, Heydər Əliyev ideyalarına sadiq gənc idmançılar formalaşdırılır. Azərbaycan idmançıları fəal iştirakı ilə seçilir.

44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin, idmançılarının vətənpərvərliyini, gücünü, əzmini bütün dünyaya nümayiş etdirdi.


Hər biri öz igidliyi ilə vətənpərvərlik salnaməsi yazdı, zəfər dolu döyüş yolu ilə dillərdə dastana döndü. Onlar necə vətənpərvər olduqlarını bütün dünyaya göstərdilər.

Ölkə başçısı həmçinin qeyd edib ki, cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir. İdmançılarımız yarışa çıxanda unutmamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər. Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq böyük nailiyyətdir və onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir. Əldə olunan uğurlar ölkəmizin və idmanımızın beynəlxalq nüfuzunu artırır. Vətənpərvərliyi gücləndirən amillərdən biri tarixi-hərbi Zəfərimizdir və idman uğurlarımızdır. Gənc nəsil mütləq vətənpərvərlik ruhunda tərbiyə almalıdır, milli dəyərlər əsasında tərbiyə almalıdır və Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir. Azərbaycan vətəndaşları - həm idmansevərlər, həm də idmanla o qədər də maraqlanmayan vətəndaşlar həmişə idman arenalarında əldə edilmiş qələbələrin xəbəri gələndə sevinirlər. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir. Məhz buna görə bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir, müəyyən edir, öz siyasətini müstəqil şəkildə aparır və istər döyüş meydanlarında, istər siyasi arenalarda qələbə qazanır.

Ofeliya SALMANOVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı



Facebook-da paylaş