• Təqvim

  • Maraq



Heydər Əliyevin gələcəyə hesablanmış siyasəti bu gün öz təsdiqini tapmaqdadır


Dünyanın nadir şəxsiyyətlərindən olan dahi insan Heydər Əliyevin Azərbaycanın müstəqilliyi, inkişafı yolunda xidmətləri misilsizdir. Heydər Əliyev təkcə Vətən, xalq, dövlətin deyil, eyni zamanda insanlığın xilaskarı kimi tarixdə qalacaq dühadır. Azərbaycanın böyük oğlu Heydər Əliyev XX əsrdə Azərbaycanımızı bütün dünyada tanıdan, təmsil edən müdrik dövlət başçısı kimi əsl bəşəriyyətə xidmət nümunəsi və gələcək nəsillərə örnək olmuşdur. Xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıdışından sonra Heydər Əliyev müstəqilliyin ilk illərində səriştəsiz "siyasətçi”lərin fəaliyyətsizliyi səbəbindən yığılıb qalmış qalaq-qalaq problemlər, çatışmazlıqlar içərisində müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan dövlətimizi xilas etmək kimi məsuliyyətli missiyanın öhdəsindən şərəflə, ləyaqətlə gəldi. Xaos, tənəzzül mərhələsində olan bir dövləti dirçəldərək məhv olmaqdan qurtardı, milli fəlakətin qarşısını aldı. Ölkədə əsaslı sosial, iqtisadi, mədəni islahatlar aparıldı, dövlətimiz qlobal beynəlxalq siyasətə qoşuldu, dünya birliyinə inteqrasiya etdi. Xalqımızın zəngin tarixi, mədəniyyəti, elmi, incəsənəti öz layiqli qiymətini almağa başladı, bütün sahələrdə bir intibahın əsası qoyuldu. Uzaqgörən siyasətçi kimi hər zaman gələcəyə hesablanmış siyasət həyata keçirən dahi şəxsiyyət Heydər Əliyev müstəqilliyimizin əbədiliyinin, dönməzliyinin və dövlətimizin inkişafının qarantı adlandırdığı gəncliyi də siyasətinin prioritet istiqamətlərindən biri hesab etmiş, bu istiqamətdə misilsiz xidmətlər göstərmişdir. Ölkədə gənclər forumunun keçirilməsi, Gənclər Gününün təsis edilməsi, Gənclər və İdman Nazirliyinin yaradılması gənclərlə görülən işlər sahəsində işlərin nümunəsidir. Bugünkü gəncliyin adı hər zaman Ulu Öndərin adı ilə bağlıdır, gəncliyin bütün uğurları, nailiyyətləri, gənclərlə bağlı bütün qanunvericilik layihələri məhz Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra həyata keçirilmişdir. Azərbaycanda gənclər siyasətinin banisi Heydər Əliyevdir. Əsası Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün qalib lider İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun olaraq daha da inkişafla, tərəqqi ilə davam etdirilir. Ölkəmizə rəhbərlik etdiyi 18 il ərzində cənab Prezidentin gənclərlə bağlı gördüyü genişmiqyaslı işlər, çoxsaylı sərəncamlar, fərmanlar, davamlı şəkildə icra edilən dövlət proqramları gənclərin hərtərəfli inkişafına, ən müasir biliklərə və yeni texnologiyalara yiyələnməsinə, məşğulluğunun təmin edilməsinə, dünyaya inteqrasiyasına, idman uğurlarının artırılmasına, fiziki və mənəvi sağlamlığının möhkəmləndirilməsinə, vətənpərvərlik ruhunun yüksəldilməsinə, müxtəlif sahələrdə istedadlarının üzə çıxarılmasına və dəstəklənməsinə, elmi fəaliyyətinin stimullaşdırılmasına geniş imkanlar açıb. 2005-2009-cu və 2011-2015-ci illəri əhatə edən "Azərbaycan gəncliyi" dövlət proqramları uğurla həyata keçirilib, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılıb, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün Prezident Mükafatı təsis edilib. 2007-ci ilin Azərbaycanda "Gənclər ili” elan edilməsi və bu çərçivədə həyata keçirilən tədbirlər gənclərə dövlət qayğısının bariz təzahürü idi. Gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" təsdiq edilib. Bütün bunlar isə cəmiyyətin fəal hissəsi kimi gənclərin ictimai və vətəndaşlıq mövqeyinin formalaşmasına, dünyaya inteqrasiyasına, sosiallaşmasına və cəmiyyətə yararlı vətəndaş kimi yetişməsinə yönəldilən diqqət və qayğının nümunəsidir. Bundan əlavə,artıq ənənəyə çevrilmiş gənclərlə keçirilən görüşlərdə onların problemləri, qayğıları ilə maraqlanmaq, onların nailiyyətlərinə və uğurlarına sevinmək, onlarla həmsöhbət olmaq gənclərlə işin daim dövlət siyasətinin prioriteti olduğunun göstəricisidir. Prezident İlham Əliyevin 2022-ci il fevralın 2-də Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda ölkə gəncləri ilə növbəti dəfə görüşməsi bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclərin ölkəmizin həyatında çox önəmli rolunun olması deməkdir.

Prezident gənclərlə görüşündə çıxışı zamanı Azərbaycanda Gənclər Gününün iyirmi beş il əvvəl Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə təsis edilməsini bildirmiş və qeyd etmişdir ki, o gündən bu günə qədər fevralın 2-də Gənclər Günü qeyd edilir. Bütün bu müddət ərzində gənclər siyasəti daim dövlətin prioritetləri sırasında idi. O gündən bu günə qədər bir nəsil dəyişdi və Azərbaycan dəyişdi. Müstəqilliyin ilk illərində vəziyyət çox ağır idi. Ölkə qarşısında çox böyük, ciddi, fundamental problemlər dayanmışdı. Böyük ümidlər var idi ki, beynəlxalq aləm, vasitəçilər tezliklə Qarabağ məsələsini həll edəcək, ədaləti bərpa edəcək.

Müstəqilliyin ilk illərində Azərbaycan reallıqları dünya ictimaiyyəti üçün bəlli deyildi. Ölkəmizə qarşı artıq o vaxt və bu günə qədər fəaliyyət göstərən erməni lobbi təşkilatları Azərbaycan haqqında yalan, təhrif edilmiş məlumatlar ötürürdülər. Sovet İttifaqı dağılandan sonra Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri tam bərqərar olmamışdı. Sahibkarlıq çox aşağı səviyyədə idi. Dövlət qurumları yeni idarəetmə üsuluna yiyələnə bilməmişdilər. İqtisadi tənəzzül hər yerdə özünü büruzə verirdi. Neft-qaz kontraktları təzəcə imzalanmışdı. 1994-cü ildə "Əsrin kontraktı” imzalanmışdı. 1996-cı ildə "Şahdəniz” qaz yatağı üzrə kontraktın imzalanması da əlavə ümidlər verdi. Yüz minlərlə məcburi köçkün ağır vəziyyətdə yaşayırdı, öz doğma torpaqlarından qovulmuş insanlar çadırlarda, vaqonların altında, uyğunsuz binalarda yaşayırdı. Nizami ordu yaradılmamışdı və nizami ordunun olmaması Birinci Qarabağ müharibəsindəki məğlubiyyətə gətirib çıxardı. Ulu Öndər hər zaman olduğu kimi, uzaqgörənlik göstərərək məhz gənclərə üz tutdu, onları dəvət etdi, onlara öz tövsiyələrini verdi və gəncləri gələcək inkişaf üçün təşkilatlandırmaq və hazırlamaq üçün əməli-praktiki addımlar atıldı.

Dövlət başçısı həmçinin qeyd etdi ki, bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir. Yeni nəslin vətənpərvərlik ruhunda, dövlətə sədaqət əsasında yetişdirilməsi kimi məsələlərdə Heydər Əliyevin irsi əvəzolunmazdır. İndiki gənclər üçün imkanlar daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Bu gün Azərbaycan inamla irəliyə baxır, ölkə qarşısındakı əsas vəzifələr öz həllini tapmışdır. Azərbaycan gəncləri azad ölkədə yaşayır, sabitlik olan ölkədə yaşayır, özünə güvənən ölkədə yaşayır. Azərbaycan gənci haqlı olaraq fəxr edir ki, bu ölkənin vətəndaşıdır. Gənclər öz gələcək həyatını düzgün müəyyən etmək üçün və dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar.

Prezident gənclərlə görüşdə milli-mənəvi dəyərlərimizin dövlətimizin əsasını təşkil etməsindən danışdı və qeyd etdi ki, müasir müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub. Milli dəyərləri qoruyub saxladıqca, dövlətimiz daha da qüdrətli olacaq, xalqımız da əbədi azad, müstəqil xalq kimi yaşayacaq. Uzun illər, əsrlər boyu Azərbaycan müstəqil deyildi, başqa ölkələrin tərkibində yaşayırdı. Ancaq buna baxmayaraq, öz milli xüsusiyyətlərini itirmədi, onları qorudu. Azərbaycanlılar həmişə dünyaya açıq olublar, amma öz mənəvi kodeksini həmişə hər şeydən üstün tutublar. Azərbaycan xalqı nəsildən-nəslə əsrlər boyu milli ideologiyanı, milli xüsusiyyətləri ötürürdü və özünü assimilyasiyadan qoruyurdu. Azad olmadığımız dövrdə, əsrlər boyu həm müstəmləkə, həm başqa ölkələrin tərkibində yaşadığımız dövrdə əgər biz bu dəyərləri qoruyub saxlamışıqsa, indi, əlbəttə, bu dəyərləri qoruyub saxlamalıyıq. Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur. Azərbaycan müstəqildir və müstəqil siyasət aparır. Heç bir kənar qüvvə ölkənin daxili işinə qarışa bilməz. Belə cəhdlər olub və ola bilər ki, olacaq. Ancaq bu cəhdlər heç bir nəticə verməyib və verməyəcək. Gənclər bundan sonra da mütləq vətənpərvərlik əsasında tərbiyə almalıdır. Bu gün Azərbaycan cəmiyyəti və Azərbaycan iqtidarı birmənalı şəkildə milli maraqların keşiyində dayanır. Zəngin təbii resurslarla özünü təmin etmiş ölkələr və çox strateji coğrafi yerləşməyə malik olan ölkələr hegemonluq uğrunda mübarizə aparan ölkələrin xüsusi diqqətini cəlb edir. Azərbaycan da bütün bu amilləri özündə ehtiva etdiyi üçün müstəqillik illərində dəfələrlə müxtəlif təzyiqlərlə rastlaşıb. Lakin ölkəmiz dünyaya sübut etdi ki, Azərbaycanda xalq və iqtidar birliyi var və bu birlik sayəsində dəmir yumruğa çevrildik, düşməni məhv etdik. "Dəmir yumruq”, sadəcə, güc deyil, bu, birlikdir. Vətən uğrunda, Qarabağ uğrunda, Azərbaycan uğrunda burada yaşayan bütün millətlər vuruşdular. Bu Qələbə və bu müharibə Azərbaycanda yaşayan bütün xalqları daha da birləşdirdi. Azərbaycan hər bir ölkə üçün, multikonfessional və çoxmillətli ölkə üçün nümunə ola bilər. Azərbaycanda yaşayan bütün xalqlar, Azərbaycan vətəndaşları daim sülh şəraitində, əmin-amanlıq, qardaşlıq şəraitində yaşayacaqlar. Ona görə heç bir xarici qüvvə Azərbaycana təsir edə bilməz, təzyiq edə bilməz.

Yaşasın Azərbaycanın birliyi!

Yaşasın xalqımızın həmrəyliyi!

Ceyhunə HÜSEYNOVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru



Facebook-da paylaş