• Təqvim

  • Maraq



Qədimliklə müasirliyin vəhdət təşkil etdiyi Gəncə bu gün Qafqaz bölgəsinin ən gözəl şəhərlərindən birinə çevrilib


Gəncə Azərbaycanın ikinci şəhəridir və bu şəhərə diqqət həmişə yüksək səviyyədə olub. Gəncənin müasir tarixi Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdən başlayır. Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi ilə Gəncənin inkişafı sürətləndi, şəhərin güclü, iqtisadi potensialının təməli qoyuldu, Azərbaycanın ikinci ən böyük sənaye şəhərinə çevrildi. Gəncə şəhərinin sovet dövründə olduğu kimi, müasir dövrdə də sürətli inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Ölkədə siyasi sabitlik yaradan Ulu Öndər hakimiyyətə gəldiyi gündən sənaye müəssisələrinin dirçəldilməsi, xüsusilə əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atdı. Ümummilli Lider Heydər Əliyevin Gəncənin inkişafı və dirçəlişi üçün hazırladığı tədbirlər planı Onun siyasətinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 18 il ərzində Respublika Prezidenti İlham Əliyev 18 dəfə Gəncə şəhərində rəsmi səfərdə olub və şəhərin sosial, iqtisadi, mədəni cəhətdən inkişafı naminə tədbirlərin həyata keçirilməsi sayəsində Gəncə şəhəri əsaslı yüksəlişə səbəb olub. Bir çox layihələr Gəncə şəhərində icra edilib və bu layihələrin icrası davam edir. Gəncə şəhərinin kompleks inkişaf planı həm təsdiqlənib, həm də uğurla icra edilir.

Respublika Prezidenti İlham Əliyevin yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində AZƏRTAC-a müsahibəsində şəhər haqqında səsləndirdiyi dəyərli fikirlər də Gəncənin tarixi əhəmiyyətindən xəbər verir. Müsahibə zamanı dövlət başçısı qeyd edib ki, son illərdə Gəncənin əsas infrastruktur layihələrinin böyük əksəriyyəti öz həllini tapıb. Elektrik enerjisi ilə təchizat tam öz həllini tapmışdır. Gəncədə 10 yarımstansiya həm yenidən tikilib, həm də əsaslı təmir edilib. Onların enerji istehsalı gücü 220 meqavatdır, şəhərin tələbatını tam ödəyir. Qazlaşdırma layihəsi tam icra edilib. İçməli su layihəsi hələ ki, icra edilir. Bu çox maliyyətutumlu layihədir (təqribən 800 milyon manat dəyərində). Bu layihənin icrası nəticəsində Gəncə şəhərinin içməli su və kanalizasiya problemləri birdəfəlik həll olunacaq. Hazırda bu layihənin icrası 42 faiz səviyyəsindədir.


Prezident daha sonra bildirib ki, Gəncəyə gedən yollar tam müasirləşdirilib. Həm Bakı-Gəncə avtomobil yolunun, həm də Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun çəkilişi başa çatıb. Bu yol iki zolaqdan dörd zolağa genişləndirilib. Eyni zamanda, Gəncədən digər şəhərlərə - Göygöl, Daşkəsən şəhərlərinə gedən yollarda da əsaslı təmir işləri aparılmışdır.

Gəncəyə Bakıdan dəmir yolu xətti də tam modernləşdirilib. Bu, əslində, Şərq-Qərb nəqliyyat dəhlizinin bir parçasıdır. Hazırda Bakıdan Gəncəyə və Gəncədən Bakıya yüksək sürətli qatarlar işləyir. Dünyanın aparıcı İsveçrə şirkəti tərəfindən istehsal edilən bu qatarlar həm vaxt baxımından çox əlverişlidir, həm də ki, komfortludur. Bu insanların rahatlığı üçün də çox önəmli bir məsələdir. Gəncədə lokomotiv deposunun yaradılması artıq başa çatıb. Lokomotiv deposuna çox böyük ehtiyac var. Gəncədən Şərq-Qərb nəqliyyat dəhlizi keçir. Həmçinin, Gəncə Beynəlxalq Hava Limanı uzun illər bundan əvvəl yenidən qurulmuşdur.

Gəncənin səhiyyə və təhsil infrastrukturu yenilənib. Gəncədə 245 çarpayılıq şəhər xəstəxanası yenidən tikilib və əlavə 200 çarpayılıq modul tipli xəstəxana quraşdırılıb. Şəhərdə 30-dan çox məktəb tikilib və təmir edilib. Bu problemin böyük hissəsi öz həllini tapıb. Dövlət Aqrar Universitetinin iki yataqxanası istifadəyə verilib. Nəzərə alsaq ki, hazırda ölkə iqtisadiyyatı üçün kənd təsərrüfatı xüsusi önəm daşıyır, bu təhsil mərkəzinin müasirləşdirilməsi çox böyük əhəmiyyətə malik idi.

Dövlət başçısı qeyd edib ki, ölkə qarşısında bir çox problemlər var və bu problemlər təxirəsalınmaz həllini gözləyir, ancaq Gəncənin mədəni həyatına töhfə verə biləcək hər bir təşəbbüs dövlət tərəfindən dəstəklənir. Bir neçə il bundan əvvəl Gəncə Filarmoniyası açıldı. Filarmoniyanın açılması Gəncə şəhərinin mədəni həyatına böyük töhfə veribdir, eyni zamanda, şəhərin ümumi görünüşünə gözəl töhfə olubdur. Çünki memarlıq baxımından çox gözəl bir binadır. Dram Teatrı da çox möhtəşəm binadır və orada artistlər, truppa üzvləri və tamaşaçılar üçün gözəl şərait yaradılıb. Gəncənin mədəni həyatı çox zənginləşir. Gəncənin hərtərəfli inkişafı ilə bağlı işlər görülür, o cümlədən parklar, xiyabanlar, istirahət və əyləncə zonaları yenidən qurulur. Görülən bütün bu işlər düzgün müəyyən edilmiş siyasətin nəticəsidir.

Bu gün ölkənin hər yerində həyata keçirilən sürətli quruculuq-abadlıq işləri, sosial-iqtisadi proqramlar Gəncə şəhərinin inkişafına da böyük zəmin yaradıb. Şəhərin sosial-iqtisadi və mədəni həyatı inkişaf edib, qədimliklə müasirliyin vəhdət təşkil etdiyi Gəncə bu gün Qafqaz bölgəsinin ən gözəl şəhərlərindən birinə çevrilib.

Səidə QOCAYEVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin Baş fond mühafizi



Facebook-da paylaş