“Açıq qapı” günlərinin təşkil edilməsində məqsəd dahi şəxsiyyətin gələcək nəsillərə örnək olan həyatını və siyasi irsini təbliğ etməkdir
XX
əsr dünyasında yaşamış, ömrünün 50 ilini Azərbaycana rəhbərlikdə keçirmiş, daim
siyasi həyatın içində və önündə olmuş Azərbaycan xalqının böyük oğlu Heydər
Əliyev tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdəndir. Bütün ömrünü xalqın firavanlığına həsr etmiş müdrik
siyasətçi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin
dövlətin və xalqının tərəqqisi naminə gördüyü işlər bu gün də unudulmur.
Bu gün Ümummilli Lider Heydər Əliyev aramızda olmasa da, böyük insanın
amalları, bütün mənalı ömrünü həsr etdiyi, canından artıq sevdiyi müstəqil
Azərbaycan Onun arzuladığı kimi yaşayır və inkişaf edir. Qədirbilən xalqımız da
dahi insanın ölkəmiz və dövlətimiz üçün etdiklərini minnətdarlıqla xatırlayır
və daim Onun əziz xatirəsini yad edir. Əsrin böyük azərbaycanlısı, xalqın
xilaskarı, müstəqil Azərbaycan dövlətinin memarı, Azərbaycanı dünyaya tanıdan
Heydər Əliyevin əbədiyyətə qovuşmasından 18 il keçsə də qədirbilən
xalqımız dahi şəxsiyyətin xatirəsini bu gün də eyni hörmət və
ehtiramla anır. Dahi şəxsiyyətin anım günü ilə bağlı Qazax Rayon
Heydər Əliyev Mərkəzində hər il təşkil edilən "Açıq qapı” günləri bu il də
davam etdirilir. 2 dekabrdan start götürən "Açıq qapı” günlərinin
təşkil edilməsində məqsəd dahi şəxsiyyətin
gələcək nəsillərə örnək olacaq həyatını və siyasi fəaliyyətini təbliğ etmək,
Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri,
göstərdiyi fədakarlıqları bir daha xatırlamaq, Ulu Öndər məfkurəsinin, müəllifi olduğu azərbaycançılıq ideologiyasının
və siyasi irsinin təbliğ etdirilməsi ilə yanaşı, həm də dahi şəxsiyyətin
xatirəsini böyük hörmət və ehtiramla yad etməkdir. Bu məqsədlə rayonun idarə, müəssisə və təşkilatların
kollektivləri, təhsil, mədəniyyət, səhiyyə sahəsində çalışan işçilər, rayon
məktəbliləri, ictimaiyyət nümayəndələri Ulu Öndərin adını daşıyan parka gələrək
abidəsi önünə gül dəstələri düzür, əziz xatirəsini böyük ehtiramla
anırlar. Dekabrın 12-dək davam edəcək "Açıq qapı” günlərində ziyarətçilər dahi
liderin həyat və siyasi fəaliyyətini təbliğ edən muzeyi ekskursiya edərək
Heydər Əliyevin keçdiyi ömür yolu, xalqımızın tarixi taleyində, mənəvi, siyasi
və ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətlərindən bəhs edən
mühazirələr dinləyib, fenomenal şəxsiyyətə həsr edilmiş kitab sərgisi ilə tanış
olub, filmlərə baxacaqlar. Bugünkü "Açıq qapı” günündə Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının,
Qazax Rayon Təhsil Şöbəsinin, Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Komitəsinin
Qazax Ərazi Şöbəsinin, "Göyəzən” qəzeti redaksiyasının, Vüqar
Süleymanov adına Qazax Peşə liseyin, Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin, Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin, Qazax rayon İslam Nəsibov adına Aşağı Əskipara kəndtam orta məktəbin rəhbərləri və əməkdaşları,
məktəblilər iştirak ediblər. Ziyarətçilər əvvəlcə dahi rəhbərin abidəsi önünə gül
dəstəsi düzüb əziz xatirəsini anıblar. Sonra
Ümummilli Liderin həyat və siyasi fəaliyyətini özündə əks etdirən kitablardan
ibarət sərgi ilə tanış olublar. Ekspozisiya zalında yerləşdirilmiş monitorda
ziyarətçilərə Mərkəzin əməkdaşları tərəfindən hazırlanmış "Dahi
şəxsiyyətin ibrətamiz həyat yolu” adlı videoçarx nümayiş etdirilib. Ziyarətçilərə mütərəqqi ideyaları, idarəçilik
keyfiyyətləri ilə sabit dövlətçilik ənənələri yaratmış dahi şəxsiyyətin fədakar
xidmətləri, milli məqsədləri önə çəkən siyasətibarədə məlumat verilib.
GOYEZEN.AZ
Facebook-da paylaş