• Təqvim

  • Unutma

  • Maraq



Ümummilli Liderin anım gününə həsr olunmuş “Açıq qapı” günləri bu gün də davam edib


Ulu Öndər Heydər Əliyevin həyatı öz xalqının tərəqqisinə, regionda və bütün dünyada sülhə və sabitliyə xidmətin nümunəsidir. Bu gün Ümummilli Lider Heydər Əliyev aramızda olmasa da, böyük insanın amalları, bütün mənalı ömrünü həsr etdiyi, canından artıq sevdiyi müstəqil Azərbaycan Respublikası yaşayır və inkişaf edir. Qədirbilən xalqımız da dahi insanın ölkəmiz və dövlətimiz üçün etdiklərini heç vaxt unutmur və daim Onun əziz xatirəsini yad edir. Əsrin böyük azərbaycanlısı, xalqın xilaskarı, müstəqil Azərbaycan dövlətinin memarı, Azərbaycanı dünyaya tanıdan Heydər Əliyevin əbədiyyətə qovuşmasından 18 il keçsə də qədirbilən xalqımız  dahi şəxsiyyətin xatirəsini bu gün də böyük hörmət və məhəbbətlə anır.

Dahi şəxsiyyətin anım günü ilə bağlı Qazax Rayon Heydər Əliyev Mərkəzində hər il təşkil edilən "Açıq qapı” günləri bu il də davam etdirilir.

2 dekabrdan start götürən "Açıq qapı” günlərinin təşkil edilməsində məqsəd dahi şəxsiyyətin gələcək nəsillərə örnək olacaq həyatını və siyasi fəaliyyətini təbliğ etmək, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri, göstərdiyi fədakarlıqları bir daha xatırlamaq, Ulu Öndər məfkurəsinin, müəllifi olduğu azərbaycançılıq ideologiyasının və siyasi irsinin təbliğ etdirilməsi ilə yanaşı, həm də dahi şəxsiyyətin xatirəsini böyük hörmət və ehtiramla yad etməkdir.

Bu məqsədlə rayonun idarə, müəssisə və təşkilatların kollektivləri, təhsil, mədəniyyət, səhiyyə sahəsində çalışan işçilər, rayon məktəbliləri, ictimaiyyət nümayəndələri Ulu Öndərin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri düzür, əziz xatirəsini böyük ehtiramla anırlar. 

Dekabrın 12-dək davam edəcək "Açıq qapı” günlərində ziyarətçilər dahi liderin həyat və siyasi fəaliyyətini təbliğ edən muzeyi ekskursiya edərək Heydər Əliyevin keçdiyi ömür yolu, xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətlərindən bəhs edən mühazirələr dinləyib, fenomenal şəxsiyyətə həsr edilmiş kitab sərgisi ilə tanış olub, filmlərə baxacaqlar. 

Bugünkü "Açıq qapı” günündə Qazax Dövlət Dram Teatrının, "Azərpoçt” MMC-nin Qazax Poçt filialının, Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, Qazax şəhər Firuddin Şamoyev adına 4 nömrəli tam orta məktəbin rəhbərləri və əməkdaşları iştirak ediblər.

Ziyarətçilər əvvəlcə dahi rəhbərin abidəsi önünə gül dəstəsi düzüb əziz xatirəsini anıblar. Sonra Ümummilli Liderin həyat və siyasi fəaliyyətini özündə əks etdirən kitablardan ibarət sərgi ilə tanış olublar. Ekspozisiya zalında yerləşdirilmiş monitorda ziyarətçilərə Mərkəzin əməkdaşları tərəfindən hazırlanmış "Dahi şəxsiyyətin ibrətamiz həyat yolu” adlı videoçarx nümayiş etdirilib. 

Ziyarətçilərə Heydər Əliyev fenomeni, Onun şəxsiyyətinin ucalığı, fövqəladə idarəçilik qabiliyyəti, siyasətdə, həyatda, dövlətçilik təcrübəsində qazandığı uğurlar barədə məlumat verilib.









 

GOYEZEN.AZ



Facebook-da paylaş