• Təqvim

  • Maraq



“Yeni Azərbaycan Partiyası və dövlət mədəniyyət siyasəti” mövzusunda videokonfrans keçirilib


Martın 12-də Qazax Rayon Heydər Əliyev Mərkəzi və Qazax Rayon mədəniyyət müəssisələri YAP-sı Ərazi ilk Partiya Təşkilatının təşkilatçılığı ilə "Yeni Azərbaycan Partiyası və dövlət mədəniyyət siyasəti” mövzusunda videokonfrans keçirilib.

Zoom platforması üzərindən keçirilən onlayn görüşdə Qazax Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Qazax Tarix-Diyarşünaslıq Muzeyinin, Qazax şəhər 2 saylı Musiqi Məktəbinin, M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyinin əməkdaşları, Yeni Azərbaycan Partiyasının mədəniyyət müəssisələrində çalışan gənc üzvləri iştirak ediblər.

Videokonfransda Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, zərurətindən, cəmiyyətin bütün sahələri ilə bərabər mədəniyyət sahəsindəki ölçüyəgəlməz xidmətlərindən, bugünkü uğurlarından və s. danışılıb.


Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova videokonfrans iştirakçılarını salamlayıb, Yeni Azərbaycan Partiyası haqqında danışaraq bildirib ki, bu gün müstəqil, azad bir dövlət, qüdrətli, güclü, dünyada özünə layiqli yer tutmuş bir Azərbaycan haqqında danışırıqsa, bu proseslərin kökündə Heydər Əliyev şəxsiyyəti və bu şəxsiyyətin işığından nur alıb Azərbaycanın inkişafı üçün fəaliyyət göstərən YAP-sı dayanır. Partiyanın yaradılmasından 6 ay sonra Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanı tənəzzüldən qurtarması kimi şərəfli bir tarixə sahib olan YAP-sı Azərbaycan dövlətinin qurulması, inkişafı, müstəqilliyimizin dönməzliyi, əbədiliyi, beynəlxalq nüfuzunun artması, regionun lider dövləti olması və onun ideyaları, bu ideyaların uğurla həyata keçirilməsini təmin edən Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin fəaliyyəti nəticəsində daha da inkişaf etdi və genişləndi. Bu gün Partiyanın sıralarında Azərbaycan dövlətinə və xalqına ləyaqətlə, sədaqətlə xidmət edən ziyalılardan ibarət siyasi güc və bütöv Azərbaycan xalqı var. Bu gün YAP-nın  cəmiyyətdəki uğurunu, nüfuzunu şərtləndirən ən başlıca amil İlham Əliyevin dövlət başçısı kimi uğurlu fəaliyyətidir.

Sonra söz videokonfrans iştirakçılarına verilib. Qazax Rayon Mədəniyyət Müəssisələri YAP-sı Ərazi ilk Partiya Təşkilatının sədri Ramil Qurbanov, Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, Qazax MKS-nin direktoru Solmaz Babanlı, Yeni Azərbaycan Partiyasının üzvlərindən şəhər 1 saylı Musiqi Məktəbinin müəllimi Leyla Məmmədova, Qazax MKS-nin kitabxanaçısı Elnarə Məmmədova çıxış edərək Yeni Azərbaycan Partiyasının yaradılması və dahi siyasətçi Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasından sonra cəmiyyətin bütün sahələrində olduğu kimi mədəniyyət sahəsində də islahatlar, yeni-yeni mədəni mübadilələr həyata keçirilməyə başladığını qeyd ediblər. Öz daxili və xarici siyasətini yeni tarixi şəraitə, müasir tələblərə uyğun olaraq xalqımızın tarixi və mədəni ənənələrinə, dilimizə, dinimizə milli-mənəvi dəyərlərimizə istinad edərək həyata keçirməyə başladığını vurğulayıblar. Bu prosesdə mədəniyyətimizdə böyük dəyişikliklər edilmədiyini, əksinə milli-mənəvi dəyərlərimizə xələl gəlmədən mühafizə edildiyini bildiriblər. Mədəniyyət azad və müstəqil sahədir. Mədəniyyət siyasətdən ayrıdır. Lakin mədəniyyət heç vaxt siyasətdən kənar olmayıb, hətta dövlətin beynəlxalq inteqrasiyasında böyük rol oynayıb. Bu mənada Azərbaycan dövlətinin hər zaman milli mədəniyyəti qoruyub saxlamaq qarşısında mühüm vəzifə kimi durub. Ulu Öndər yaxşı bilirdi ki, milli dövlətçilik dəyərlərinin əsasını sağlam düşüncəli mədəniyyət təşkil edir. O, mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Elə ona görə də mədəni-mənəvi dəyərlərin qorunması, təbliği üçün mümkün olan hər şeyi edirdi.

Videokonfrans iştirakçıları qeyd ediblər ki, bizim nəsil xoşbəxtdir ki, Heydər Əliyevlə bir epoxada yaşamaq bizə nəsib oldu və Ulu Öndərin mədəniyyətimizə, incəsənətimizə göstərdiyi böyük qayğının şahidi olduq. Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Heydər Əliyevin mədəniyyət siyasətinin reallaşması işində bu gün Ulu Öndərin adını şərəflə daşıyan Fondun böyük xidmətləri vardır. Milli-mənəvi dəyərlərimizə qayğı, onların qorunması və təbliğində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir. Mədəniyyətimizin bugünkü inkişafı və dünyada tanıdılması  yolunda aparılan uğurlu dövlət mədəniyyəti siyasətinin bundan sonra da davamlı olaraq həyata keçirilməsində dövlətimizə, möhtərəm Prezidentimizə və Mədəniyyətimizin hamisi- Mehriban xanım Əliyevaya bütün mədəniyyət işçiləri adından minnətdarlıq və təşəkkürlər çatdırılıb, bu yolda yeni nailiyyətlər arzu edilib.









 

GOYEZEN.AZ



Facebook-da paylaş