• Təqvim

  • Unutma

  • Maraq



Qazax Rayon Heydər Əliyev Mərkəzində “Xocalını unutmayaq” başlıqlı tədbir keçirilib


Bu gün Qazax Rayon Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 28-ci ildönümünə həsr edilmiş "Xocalını unutmayaq” başlıqlı tədbir keçirilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi Gülnar Quluyeva, Q.Hacımahmudova adına şəhər ümumi orta məktəbin müəllim və şagirdləri, Mərkəzin kollektivi və könüllüləri iştirak ediblər.

Mərkəzin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq bildirib ki, Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalını işğal edərkən etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Azərbaycan xalqı son 200 ildə ermənilərin davamlı olaraq etnik təmizləmə və soyqırım siyasətinə məruz qalmışdır. Bütün bu qırğınlar nəticəsində 10 minlərlə azərbaycanlı ən qəddar surətdə qətlə yetirilimiş, bir milyondan çox əhali öz doğma yurdundan didərgin salınmış, tarixən azərbaycanlılara məxsus olan məktəblər, məscidlər, tarixi və mədəniyyət abidələri məhv edilmiş və ya erməniləşdirilmişdir. Xocalı faciəsi isə tarixi yaddaşlara Katın, Liditsa, Oradur, Holokost, Sonomi, Ruanda, Srebrenitsa kimi dəhşətli faciələrlə eyni dərəcədə müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq yazılmışdır. Bütün dünyanın gözü qarşısında baş verən bu soyqırım yalnız Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra 26 fevral - Xocalı soyqırımı günü kimi siyasi qiymətini almışdır. 25 fevral 1997-ci ildən isə hər il fevralın 26-sı saat 17:00-da Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir. Hazırda soyqırımın tanınması dövlətimizin apardığı siyasətin əsasını təşkil edir. 2008-ci ildən isə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü əsasında "Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər ildən-ilə daha da genişlənir. Xocalı soyqırımının dünya miqyasında tanıdılması sahəsində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 20-dən çox ştatının icra və qanunvericilik orqanı Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyib. Respublika Prezidenti İlham Əliyevin göstərişi ilə hər il Xocalı soyqırımı silsilə tədbirlərlə qeyd edilir. 2017-ci ildə Xocalı soyqırımının 25-ci ildönümü də Bakıda növbəti ümumxalq yürüşü ilə yad edilib. Yürüşdə "Dünya Xocalı soyqırımını tanımalıdır!”, "Xocalıya ədalət!”, "Xocalını unutmayın!”, "Rədd olsun erməni faşizmi!”, "Xocalı - XX əsrin soyqırımı”, "Cinayətkarlar cəzasız qalmayacaqlar!” və s. çağırışlar və şüarlar nümayiş etdirilib.

Sonra Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi Gülnar Quluyeva, Q.Hacımahmudova adına şəhər ümumi orta məktəbin direktoru Yeganə Göyüşlü çıxış edərək faciə haqqında ürək sözlərini çatdırıblar. Bu gün yetişməkdə olan gənc nəslə və yeniyetmələrə öz tarixi keçmişlərini unutmamağı, tarixin yaddaşına qanla yazılmış faciələri hər zaman xatırlamağı tövsiyə ediblər.

Xocalı faciəsinin dəhşətlərini özündə əks etdirən filmin nümayişindən sonra məktəblilər faciəyə həsr olunmuş şeirlər söyləyib, kompozisiyalar nümayiş etdiriblər.



















 

GOYEZEN.AZ



Facebook-da paylaş