• Təqvim

  • Unutma

  • Maraq



Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbində “Xocalı fəryadı” adlı ədəbi-bədii kompozisiya keçirilib

Hər il olduğu kimi, bu il də respublikamızda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov "Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı”nın hazırlanması haqqında 13 fevral 2020-ci il tarixli Sərəncam imzalayıb. 9-21/18 nömrəli Sərəncama əsasən Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planı hazırlanıb. Həmin tədbirlər planına uyğun olaraq Xocalı soyqırımı qurbanlarının xatirəsi rayonda fəaliyyət göstərən idarə və təşkilatlarda, eləcə də təhsil, səhiyyə və mədəniyyət müəssisələrində anım tədbirləri ilə qeyd edilir.

Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbində də "Xocalı fəryadı” adlı ədəbi-bədii kompozisiya keçirilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri, mədəniyyət işçiləri, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin müəllim və tələbələri, orta məktəb şagirdləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Sonra Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş film nümayiş olunub.



Məktəbin direktoru Ramil Qurbanov giriş sözü ilə çıxış edərək Xocalıda yalnız azərbaycanlı olduqlarına görə soyqırıma məruz qalmış insanların acı taleyindən danışıb. Xocalı faciəsinə beynəlxalq səviyyədə siyasi və hüquqi qiymət verilməsinin zəruriliyini diqqətə çatdırıb.

Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev çıxış edərək bildirib ki, Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır.

 

Tədbirdə iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi Gülnar Quluyeva çıxış edərək Xocalı soyqırımının insanlığa qarşı törədilmiş ən dəhşətli faciələrlə bir sırada dayandığını qeyd edib. Xocalı faciəsinin bəşər mədəniyyətinə, sivilizasiyasına, insan haqlarına qarşı törədilmiş ən qatı cinayət olduğunu bildirib. Şəhidlərə, şəhid ailələrinə, müharibə veteranlarına, əlillərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söz açıb.

 

Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasının Qazax rayonu üzrə koordinatoru Akif Əmirov qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin törətdikləri vəhşiliklər barədə məlumat verib. Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılan "Xocalıya Ədalət” Beynəlxalq Kampaniyasının əhəmiyyətini vurğulayıb. O, gəncləri Xocalı soyqırımı barədə maarifləndirmə işinə öz töhfələrini verməyə, bu kampaniyaya dəstək olmağa çağırıb.

Sonra musiqi məktəbinin müəllim və şagirdlərinin ifasında "Xocalı fəryadı” adlı ədəbi-bədii kompozisiya təqdim olunub, Xocalı soyqırımına yazılmış şeirlər söylənilib. 








 

 

GOYEZEN.AZ



Facebook-da paylaş