• Təqvim

  • Unutma

  • Maraq



“Heydər Əliyev dühası” başlıqlı növbəti "Açıq dərs” təşkil olunub


Qazax Rayon İcra Hakimiyyəti, Rayon Heydər Əliyev Mərkəzi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev məktəbi” adlı noyabr-dekabr aylarını əhatə edən layihə çərçivəsində növbəti "Açıq dərs” təşkil olunub. Heydər Əliyev Mərkəzində yuxarı sinif şagirdlərinin iştirakı ilə təşkil edilən "Açıq dərs”lərin əsas məqsədi xalqımızın böyük oğlu Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətini təbliğ etmək, gələcək nəsillərə çatdırmaqdır.

Bugünkü "Açıq dərs” isə Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilib. "Heydər Əliyev dühası” adlı mühazirəni məktəbin tarix müəllimi Araz Vəliyev oxuyub. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixinin əvəzolunmaz şəxsiyyəti olduğunu, onun 80 illik ömrünün tariximizə qızıl hərflərlə yazıldığını qeyd edib. Yarım əsrdən çox xalqına xidmət göstərmiş, ömrünü Azərbaycanın, azərbaycanlıların xoşbəxtliyinə sərf etmiş, XX əsrin sonlarında Azərbaycanı dünya xəritəsindən silinmək təhlükəsindən xilas etmiş ən böyük azərbaycanlı kimi bu gün də qəlblərdə əbədi yaşadığını bildirib. Ona görə də gənc nəslin öz müasir tarixini daha dərindən öyrənməsi və dahi şəxsiyyəti yaxından tanıması üçün bu cür dərslərin keçirilməsinin vacib və labüd məsələ olduğunu vurğulayıb. Heydər Əliyevin siyasi fəaliyyətinin onun adını daşıyan Mərkəzdə çox yüksək səviyyədə təbliğ olunmasını minnətdarlıq hissi ilə qarşıladığını qeyd edib.

Mühazirədən sonra məktəblilər arasında mövzuya uyğun sual-cavab aparılıb. Şagirdlərdən Nurcan Süleymanlı və Zərifə Abdullayeva bu sual-cavabda çox aktiv iştirak ediblər. Dərsdən sonra mühazirədə əhatə olunmuş dövrün xronologiyasını özündə əks etdirən film nümayiş etdirilib. Dərs muzeyin ekskursiyası ilə yekunlaşıb.





GOYEZEN.AZ



Facebook-da paylaş