• Təqvim

  • Maraq



Qazaxda icra başçısının fevral ayında vətəndaşlarla keçirilən növbəti səyyar görüşü şəhər sakinləri ilə olub


Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə yürüdülən dövlət siyasətinin əsasında vətəndaş amili dayanır ki, bu, bütün sahələrdə öz real əksini tapır. Ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr onu söyləməyə əsas verir ki, bütün bunlar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. 

Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır.

Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin  birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür.

Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir. 

Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının 2025-ci ilin fevral ayında vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü Qazax şəhəri Səməd Vurğun, Mehdi Hüseyn və Zeynalabdin Tağıyev küçələrində yaşayan sakinlərlə olub. 

Fevralın 13-də Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbdə keçirilən səyyar görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri, əməkdaşları, sakinlər iştirak ediblər. 


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayıb, onlarla 2025-ci ilin ilk səyyar görüşün keçirildiyini qeyd edərək Yeni il münasibətilə səmimi ürək sözlərini bölüşüb.  Ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyənin əsasında vətəndaş amilinin dayandığını söyləyən icra başçısı bunu hər bir dövlət məmurunun öz fəaliyyətində nümunə götürməli olduğunu bildirib. Rayon rəhbəri bugünkü görüşün də bu məqsədə xidmət etdiyini qeyd edib. Hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib. 

Rayon rəhbəri qeyd edib ki, ölkə başçısının vurğuladığı kimi, 2024-cü ildə bir çox önəmli hadisələr baş vermişdir ki, onların arasında ən vacib məsələ Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal altına düşmüş dörd kəndinin işğaldan azad edilməsi idi. İcra başçısı Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılmasını dövlətimizin növbəti qələbəsi kimi qiymətləndirib. İcra başçısı Qarabağda həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində həmin torpaqlarımızda olduğu kimi, Qazaxın kəndlərinin də yenidən qurulacağını, yeni evlərin, infrastrukturların inşa olunacağını, çoxsaylı layihələrin icra ediləcəyini, sakinlərin yaxın zamanda doğma yurdlarına qayıdacaqlarını söyləyib. 

Rayon rəhbəri son illər regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası sayəsində respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da   genişmiqyaslı abadlıq işlərinin aparıldığını, şəhər və rayonun kəndlərində məktəb binalarının əsaslı təmir olunduğunu və ya yenidən inşa edildiyini qeyd edib. Rayon rəhbəri uzun illərdən bəri həlli vacib olan məsələlərdən birinin - su-kanalizasiya sisteminin ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz müsbət həllini tapdığını bildirib. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icra olunduğunu, çəkilişdən sonra şəhərin abadlaşdığını vurğulayıb. Şəhərin Səməd Vurğun, Mehdi Hüseyn və Zeynalabdin Tağıyev küçələrinin də həmin abadlaşan küçələr sırasında dayandığını, küçələrə asfalt örtüyünün vurulduğunu, səkilərə tamet döşəndiyini, müasir işıqlandırma sisteminin quraşdırıldığını, rabitə xəttinin yeniləndiyini, optik internet xəttinin çəkildiyini bildirib.

 

İcra başçısı son illər rayonda aparılan abadlıq işlərinin bu gün də uğurla davam etdirildiyini, xüsusilə də nəqliyyat vasitələrinin hərəkətinin yaxşılaşdırılması, vətəndaşların rahatlığını təmin etmək məqsədilə təqdirəlayiq işlər görüldüyünü diqqətə çatdırıb. Qazax rayonunda daha 4 küçəyə - şəhərin Nəsrəddin Tusi, şəhid Yunis Kazımov (Bakı küçəsindən M.Ə.Rəsulzadə küçəsinin kəsişməsinə kimi), Ağköynək kəndində Çərkəz İsmayılov və Cabir Hüseynov (Mehdi Hüseyn küçəsinin kəsişməsindən magistral yola kimi) küçələrinə, həmçinin, rayonun Bala Cəfərli kəndində yeni asfalt örtüyünün döşəndiyini söyləyib. Şəhərdə görülməsi nəzərdə tutulan işlərdən söz açan icra başçısı hazırda şəhərin Nəriman Nərimanov qəsəbəsində abadlıq işlərinin aparıldığını qeyd edib, bu cür işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

Sakinlərdən Mustafa Mirzəyev onlarla görüşə gəldiyinə, daim qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Son illər rayonda, eləcə də yaşadıqları küçələrdə daim yeniliklərin, aparılan abadlıq işlərinin əyani şahidi olduqlarını qeyd edib. Bu gün dövlət başçısı və rayon rəhbərliyi tərəfindən görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti minnətdarlıqla qarşıladıqlarını söyləyib. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə sakinlər adından təşəkkürünü çatdırıb.



Facebook-da paylaş