• Təqvim

  • Maraq



İcra başçısı ötən gün dünyasını dəyişən Birinci Qarabağ müharibəsi iştirakçısı Tahir Heydərovun hüzr mərasimində iştirak edib və ailəsinə başsağlığı verib


Vətənin azadlığını, torpaqlarımızın ərazi bütövlüyünü, ölkəmizin suverenliyini şirin canından üstün tutaraq bu yolda ölümün gözünə dik baxan, "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyərək döyüşə atılan igid oğullarımızın qəhrəmanlığını xalq olaraq heç zaman unutmuruq. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə Qazaxın igid oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla hər zaman şanlı tarix yazıblar. Ən əsası da göstərdikləri şücaətlə bir daha sübut ediblər ki, vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Neçə-neçə igid Vətən oğlu isə torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirərək qazi adını alıb.

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən Birinci Qarabağ döyüşlərində iştirak edən qəhrəman oğullarımızdan biri də Xanlıqlar kəndinin igid oğlu Birinci Qarabağ müharibəsi iştirakçısı Heydərov Tahir Nadir oğludur. Tahir Heydərov 15 oktyabr 1966-cı il tarixdə Gürcüstan Respublikasının Rustavi şəhərində anadan olmuşdur. Xanlıqlar  kəndində yaşamış, hərbçi olub. 1992-1997-ci illərdə Qazax bölgəsində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak edib. Müharibə veteranı  idi. 11 fevral 2025-ci ildə vəfat edib.

Fevralın 13-də igid Vətən oğlunun üç mərasimi olub. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Xanlıqlar kəndində mərhumun evində olub, hüzr mərasimində iştirak edib. İcra başçısı Rəcəb Babaşov mərhum Tahir Heydərovun vəfatından kədərləndiyini bildirib, övladına və yaxınlarına dərin hüznlə başsağlığı verib. “Özümə borc bildim ki, bu gün hüzr mərasimində iştirak edim”, - deyən rayon rəhbəri bütün qazilərimiz, müharibə iştirakçılarımız kimi, Tahir Heydərovun da unudulmayacağını, daim ehtiramla anılacağını söyləyib.

Məlumat üçün onu da qeyd edək ki, mərhumun övladı Adil Heydərov hərbçidir, gizir rütbəsində xidmət edir. O, 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərində iştirak edib. Adil Heydərov 44 günlük Vətən müharibəsində göstərdiyi igidliyə görə Respublika Prezidentinin müvafiq Sərəncamlarına əsasən “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Cəsur döyüşçü”, eləcə də Azərbaycan Respublikası Baş Nazirinin müvafiq Sərəncamına əsasən “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.



Facebook-da paylaş