Bu gün “Tamstore” marketlər şəbəkəsi Qazaxda ilk mağazasını əhalinin istifadəsinə verib
Müstəqil Azərbaycanın qurucusu və memarı, dünya şöhrətli siyasətçi, Ümummilli Lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə azad sahibkarlığın inkişafına daim diqqət göstərirdi. Çünki o, Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqda, onun tərəqqisində görürdü. Ulu Öndər ölkədə geniş iqtisadi islahatların həyata keçirilməsinə, o cümlədən sahibkarlığın inkişafının sürətləndirməsinə, ölkənin sosial-iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına çalışırdı. Sevindirici haldır ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan iqtisadi islahatlar, o cümlədən sahibkarlığın inkişafına dövlət dəstəyi, bu sahəyə olan qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Sahibkarlıq sahəsində işlərin daha da gücləndirilməsi məqsədilə bölgələrimizdə atılan məqsədyönlü addımlar bu sahənin uğurla davam etdirilməsi deməkdir.
Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə sahibkarlığın inkişafı məqsədilə həyata keçirilən həmin məqsədyönlü tədbirlər respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da uğurla icra olunur. Rayonda sahibkarlığın inkişaf etdirilməsinə verilən dəstəyin, sahibkarlar üçün yaradılan şəraitin və şəffaf mühitin təmin edilməsinin nəticəsidir ki, bu sahə sürətlə inkişaf edir. Bunu rayonda yaradılan yeni-yeni sahibkarlıq obyektlərinin, dükanların, mağazaların, marketlərin, kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin, eləcə də digər xidmət sahələrinin istifadəyə verilməsindən aydın şəkildə görmək olar.
Dekabrın 4-də Qazax şəhəri Əliağa Şıxlinski küçəsində “Tamstore” marketlər şəbəkəsinin Qazaxda ilk mağazasının əhalinin istifadəsinə verilməsi dediklərimizin bariz nümunəsidir. Ərzaq məhsullarının sərgiləndiyi, tam xidmət, tam keyfiyyət, tam təzə və tam qiymət konsepsiyası ilə fasiləsiz olaraq 24 saat qazaxlılara xidmət göstərəcək yeni ticarət mərkəzi rayon sakinləri üçün növbəti töhfədir. “Tamstore” marketlər şəbəkəsinin sayca 49-cu mağazası Qazaxda açıldı ki, burada 55 nəfərə yaxın işçi çalışacaq. Mağazada, ərzaqla yanaşı, təzə ət və ət məhsulları, şirniyyat bölməsində istehsal olunan müxtəlif çeşiddə şirniyyat növləri istehlakçılara təklif olunur.
Filialın açılışı münasibətilə təşkil olunmuş tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, “Tamstore” MMC-nin satış departament müdiri Cəmil Nəsibov, baş icraçı direktor Ceyhun Yusubov, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialının müdiri Elçin Nəsibov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək yeni ticarət mərkəzinin istifadəyə verilməsi münasibətilə rayon sakinlərini və “Tamstore” marketlər şəbəkəsinin rəhbərliyini, filialın əməkdaşlarını səmimi qəlbdən təbrik edib. “Tamstore” marketlər şəbəkəsinin rəhbərliyinə növbəti filialını Qazaxda açdığına görə razılığını bildirən icra başçısı səmimi ürək sözlərini çatdırıb. İcra başçısı son illər ölkə Prezidentinin qayğısı sayəsində rayonun simasının gündən-günə dəyişdiyini, daha abad və yaraşıqlı rayonlardan birinə çevrildiyini bildirib. Rayonda yeni sosial obyektlərin, bankların, ticarət mərkəzlərinin istifadəyə verilməsinin bu istiqamətdə görülən işlərin bariz nümunəsi olduğunu qeyd edib. Rayon rəhbəri vurğulayıb ki, vaxtilə az sayda işçi qüvvəsi olan sahibkarlıq obyektləri istifadəyə verilirdisə, bu gün “Tamstore” kimi yeni ticarət mərkəzi istifadəyə verilir. Rayon rəhbəri Əliağa Şıxlinski küçəsində yerləşən və öz görkəmi ilə seçilən yeni ticarət mərkəzinin istifadəyə verilməsini rayonumuzda sahibkarlığın inkişafına göstərilən dəstəyin daha bir əyani göstəricisi kimi qiymətləndirib. Bunun arxasında dövlətin, ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sahibkarlara göstərdikləri qayğının dayandığını bildirib.
Rəmzi açılışı bildirən qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları marketdə yaradılan şəraitlə, təqdim olunan məhsullarla və vətəndaşlara göstəriləcək xidmətlərlə tanış olublar.
Facebook-da paylaş