• Təqvim

  • Maraq



İcra başçısı bu günlərdə Qazaxıstanda keçirilmiş “Teatr-ALL” III Beynəlxalq teatr festivalından uğurla qayıtmış Qazax Dövlət Dram Teatrının əməkdaşları ilə görüşüb


Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə mədəniyyət sahəsinə, bu sahədə çalışan insanlara göstərdiyi dövlət qayğısı onu söyləməyə əsas verir ki, bu sahə hər zaman prioritet sahələrdən biri olub. Ölkə başçısının və Birinci vitse-prezidentin mədəniyyət sahəsinə olan qayğısı Qazaxda da hər zaman örnək götürülür. Heç kəsə sirr deyil ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən daim diqqət və qayğı göstərdiyi sahələrdən biri də məhz mədəniyyət sahəsidir. Bunu Qazaxda tarixi şəxsiyyətlərin, şairlərin, yazıçıların, saz-söz adamlarının doğum və anım günlərinin keçirilməsindən, tarixi günlərin yüksək səviyyədə qeyd olunmasından, icra başçısının rayonda fəaliyyət göstərən mədəniyyət ocaqlarının əsaslı şəkildə təmir edilməsi, həmin idarə, müəssisə və təşkilatlarda çalışan işçilərin iş şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən, atdığı addımlardan aydın şəkildə görmək olur. 

Bu gün əminliklə söyləyə bilərik ki, məhz bu qayğının sayəsində Qazax Dövlət Dram Teatrı hazırda özünün inkişaf dövrünü yaşayır. Teatrda aparılan islahatlar, repertuar siyasəti və texniki işlərin yenidən qurulması kollektivi yeni uğurlara səsləyir. Ən əsası da teatr son 2 ildə müxtəlif festivallarda və qastrollarda müvəffəqiyyətlə iştirak edir.

Bu ilin sentyabr ayında Qazaxıstandan Qazax Dövlət Dram Teatrına ünvanlanmış dəvət məktubu da teatrın növbəti uğuru oldu. Məktubda bildirilmişdi ki, 2024-cü ilin oktyabr ayının 28-dən noyabr ayının 3-ə kimi Qazaxıstanın Astana şəhərində tanınmış yazıçı-dramaturq Roza Mukanovanın 60 illiyinə həsr olunmuş “Teatr-ALL” III Beynəlxalq teatr festivalı keçiriləcək və Qazax teatrı da həmin festivala dəvətlidir. Bu dəvəti çox böyük məmnuniyyətlə qəbul edən Qazax Dövlət Dram Teatrı həmin festivala Qazaxıstan və Qırğızıstan Respublikasından qatılmış teatrlarla birgə qatıldı, qalib olmaq uğrunda mübarizə apardı. 

Qeyd edək ki, Qazax Dövlət Dram Teatrının kollektivi bu festivala yazıçının “Bir çətir altında – mən” əsəri ilə qatılmışdır. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Musa Eyyubov, quruluşçu rəssamı isə Aysan Omarovadır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 10 nəfərdən ibarət heyət 2024-cü ilin oktyabr ayının 30-da Astana şəhərinə yola düşmüş, Astana hava limanında kollektiv festivalın təşkilatçıları tərəfindən səmimiyyətlə qarşılanmışdır. Tamaşada Allahverdi Musayev (direktor səlahiyyətlərini müvəqqəti icra edən), Musa Eyyubov (rejissor), Xəzər Gəncəli (aktyor), Minayə İbrahimova (aktrisa), Zəmanə Dərvişova (aktrisa), Aytac Cəfərova (aktrisa), Yusif Həsənov (aktyor), Xaqan Qurbanov (aktyor), Ceyhun Vəlizadə (aktyor), Kamran Yusubov (texniki işçi) iştirak etmişdir. 

2024-cü il oktyabrın 31-də Astana şəhər Musiqili Dram Teatrında yazıçı-dramaturq Roza Mukanovanın 60 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilmişdir. Növbəti günlərdə heyət Astana şəhərinin müxtəlif teatrlarında gündə 2 dəfə festivalda iştirak edən teatrların tamaşalarında və müzakirələrində olmuşdur.


Qazax teatrının tamaşası 2024-cü il noyabr ayının 3-də Astana şəhər Dövlət Akademik Rus Dram Teatrında nümayiş etdirilmişdir. Tamaşada Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səlahiyyətli səfiri Ağalar Atamoğlanov da iştirak etmişdir. Tamaşa çox böyük müvəffəqiyyətlə nümayiş olunmuşdur. 

Müzakirə zamanı tənqidçilər və münsiflər heyəti tərəfindən tamaşaya və aktyorların ifasına çox yüksək qiymət verilmişdir. Həmin gün festivalın bağlanış mərasimində 8 nominasiya üzrə mükafatlandırma olmuşdur. 12 müxtəlif teatr arasında Qazax Dövlət Dram Teatrının rejissoru, Anti-Şrek rolunun ifaçısı, respublikanın Əməkdar artisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Gəncəli “Ən yaxşı kişi rolu” nominasiyasında qalib olaraq 500.000 təngə (Qazaxıstan valyutası) pulla mükafatlandırılmışdır. 

2024-cü ilin noyabr ayının 4-də teatrın 10 nəfərlik heyəti Vətənə qayıtmışdır.

Noyabrın 29-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazaxıstanda keçirilmiş “Teatr-ALL” III Beynəlxalq teatr festivalından uğurla qayıtmış Qazax Dövlət Dram Teatrının əməkdaşları ilə görüşüb.

Qazax Rayon İcra Hakimiyyətində keçirilən görüşdə icra aparatının məsul şəxsləri və teatrın əməkdaşları iştirak ediblər.


İcra başçısı Rəcəb Babaşov iştirakçıları salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Rayon rəhbəri teatrın əməkdaşlarını əldə etdikləri nailiyyətə görə təbrik edərək gələcək fəaliyyətlərində daim uğur qazanmalarını arzulayıb. Rayon rəhbəri paytaxt Bakıdan uzaqda, Qərbin qapısı hesab edilən, sazın, sözün, mədəniyyətin, təhsilin beşiyi sayılan Qazaxda fəaliyyət göstərən teatrın ölkə hüdudlarından kənarda keçirilən festivallarda iştirak etməsini, oradan nailiyyətlə qayıtmalarını, mükafata layiq görülmələrini Qazax Dövlət Dram Teatrının timsalında bütövlükdə mədəniyyətimizin uğuru kimi qiymətləndirib. Qazax Dövlət Dram Teatrının həmin festivalda təkcə rayonumuzu deyil, eyni zamanda, ölkəmizi təmsil etdiyini söyləyib. Bu uğurun təməlində ölkəmizdə Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Mədəniyyət Nazirliyi tərəfindən mədəniyyət müəssisələrinə, bu sahədə çalışan insanlara göstərilən qayğının dayandığını qeyd edib. Rayon rəhbəri həmin qayğının Qazaxda daim nümunə götürüldüyünü bildirib. İlk gündən mədəniyyət sahəsini diqqətdə saxladığını, bu sahədə çalışan insanlara qayğı ilə yanaşdığını söyləyib. Daim qayğı göstərdiyi mədəniyyət müəssisələrindən birinin də məhz Qazax Dövlət Dram Teatrının kollektivi olduğunu diqqətə çatdırıb. Teatrın əməkdaşları ilə səmimi söhbət edən icra başçısı onların fikirlərini, gələcək planlarını, təkliflərini, qarşıda duran vəzifələri, görüləcək işləri dinləyib, hər zaman olduğu kimi, bundan sonra da dəstək olacağını vurğulayıb. 

Qazax Dövlət Dram Teatrının direktor səlahiyyətlərini müvəqqəti icra edən Allahverdi Musayev, Teatrın rejissoru, respublikanın Əməkdar artisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Gəncəli çıxış edərək istər Qazaxıstanda keçirilən festivalda iştirak üçün göstərdiyi dəstəyə, istərsə də bugünkü görüşə görə teatrın kollektivi adından rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Festivalla bağlı təəssüratlarını bölüşən iştirakçılar həmin günlərin yaddaşlarına unudulmaz anlarla həkk olunduğunu qeyd ediblər. Əldə edilən nailiyyətdə əziyyəti olan, dəstək göstərən hər kəsin payı olduğunu söyləyiblər.

Sonda rayon rəhbərliyi teatrın əməkdaşları ilə xatirə şəkli çəkdirib. 




Facebook-da paylaş