• Təqvim

  • Maraq



Vətən müharibəsi şəhidi Elçin Qurbanov ildönümündə ehtiramla yad edilib


2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsində əldə etdiyimiz Böyük Qələbə təkcə düşməni məhv etmədi, eyni zamanda, bu qələbə bütün dünyaya ölkəmizin gücünü, qüdrətini göstərdi. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla Azərbaycanın hərb tarixinə şanlı Zəfər, yeni bir salnamə yazdılar. Azərbaycanın mərd, qəhrəman övladları 44 gün ərzində işğalçı Ermənistan ordusunu darmadağın edərək düşməni torpaqlarımızdan qovmağa müvəffəq oldular. Müzəffər Ali Baş Komandanın qətiyyəti və rəşadətli ordumuzun şücaəti sayəsində doğma Qarabağımız erməni işğalından azad edildi. Və həmin torpaqlarımızda bu gün üçrəngli Azərbaycan Bayrağı dalğalanır. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şəhidlərimizin qisasını aldı, onların qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində Xankəndi və Xocalı şəhəri separatçılardan təmizləndi, Azərbaycan dövləti suverenliyini tam bərpa etdi. Bu gün doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər.


Vətən uğrunda şəhid olmağı özünə şərəf bilən belə qəhrəmanlarımızdan biri də şəhid əsgər Qurbanov Elçin Məcid oğludur. 

Noyabrın 6-sı 44 günlük savaşda qəhrəmanlığı ilə dastan yazan, döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş qəhrəman şəhidimizin ildönümüdür. İgid Vətən oğlunun şəhadətindən 4 il ötür. Bu gün Elçin Qurbanov kimi qəhrəman oğullarımızla nəinki doğulduğu el-oba, eləcə də bütöv Azərbaycan fəxr edir, hər bir azərbaycanlı qürur duyur. Şəhidlərimizi yad etmək, xatirəsini əziz tutmaq hər birimizin mənəvi borcudur. 

Noyabrın 6-da Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli Vətən müharibəsi əlili, 3-cü dərəcəli “Rəşadət” ordeni və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmiş, ehtiyatda olan kapitan Samir Çobanov, icra aparatının digər məsul işçiləri, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay Balayev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədri Azər Məmmədov və şəhid ailələri qəhrəman şəhidimizin doğulub boya-başa çatdığı Xanlıqlar kəndində olub, igid Vətən oğlunun ildönümündə əziz xatirəsini dərin ehtiramla yad ediblər. 


Şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir dilənilib. Torpaqlarımızın azadlığı uğrunda şirin canlarından keçən, Vətən müharibəsində şanlı tarix yazan şəhidlərimizi yad etməyin hər kəsin mənəvi borcu olduğu bildirilib. Vətən üçün canını fəda edən Elçin Qurbanov  kimi oğulların döyüş meydanında göstərdiyi qəhrəmanlıqlarının hər kəs üçün örnək olduğu, şəhidlərimizin hər an bizim qəlbimizdə yaşayacağı qeyd edilib. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbəyə görə Müzəffər Ali Baş Komandana, Azərbaycan Ordusuna, qəhrəman şəhidlərimizə, qazilərimizə minnətdar olduğumuz dilə gətirilib. Bu gün Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna nümunə olduğu vurğulanıb. Qazaxda ilk gündən rayon rəhbərliyi tərəfindən bu amilin əsas götürüldüyü, şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağı söylənilib. 


Şəhid Elçin Qurbanov 22 yanvar 2002-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. 2008-ci ildə Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2017-ci ildə həmin məktəbin 9-cu sinifini bitirmişdir. 2020-ci ilin 27 yanvarında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmışdır. 

Elçin Qurbanov Füzuli-Cəbrayıl-Xocavənd rayonlarının düşməndən azad olunması uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub. “N” saylı hərbi hissənin 2-ci mexanikləşdirilmiş taborun tank əleyhinə tağımının tank əleyhinə idarə olunan raket manqasının operatoru əsgər Elçin Qurbanov 04.11.2020-ci il tarixdə Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İgid Vətən oğlu 6 noyabr 2020-ci ildə doğulub boya-başa çatdığı Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.

İgid Vətən oğlunun döyüş meydanında göstərdiyi qəhrəmanlıq Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Şəhid Elçin Qurbanov ölümündən sonra cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.




Facebook-da paylaş