Qazaxda Vətən müharibəsi şəhidi kapitan Rövşən Pənahovun ailəsi ziyarət olunub
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi - İkinci Qarabağ müharibəsi şanlı Azərbaycan Ordusunun tarixi Zəfəri ilə başa çatdı. Cəmi 44 gündə 30 il davam edən işğala son qoyuldu. Bəli, 2020-ci ilin 27 sentyabrı! Bu, o tarixdir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulması və ölkəmizin zəfər qazanması üçün məhz həmin gün haqq savaşına çıxdıq və tarixi ədaləti bərpa etdik. 44 günlük Vətən müharibəsi Azərbaycan dövlətinin qüdrətini bütün dünyaya göstərdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarını əldə rəhbər tutan şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri Vətən torpaqlarının ərazi bütövlüyü naminə bir yumruq kimi birləşdilər və qəhrəmancasına vuruşdular. Göstərdikləri şücaətlərlə, qəhrəmanlıqlarla Azərbaycan Ordusunun gücünü, qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdilər. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şəhidlərimizin qisasını aldı, onların qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xankəndi və Xocalı şəhəri separatçılardan təmizləndi. Qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində bu gün Azərbaycan dövləti suverenliyini tam bərpa edib, doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər.
Bu gün xalq olaraq bizə qalib ölkənin vətəndaşı olmaq sevincini bəxş edən Azərbaycanın qorxmaz Vətən övladlarına borcluyuq. Tarixi Qələbəni yaşadan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və Azərbaycan Ordusuna, torpaqlarımız uğrunda canlarından keçən qəhrəman oğullarımıza, sağlamlığını itirən qazilərimizə minnətdarıq. Onlar heç zaman unudulmayacaq. Vətən uğrunda canlarından keçən şəhidlərimizin adlarını yaşatmaq, gələcək nəsillərə ötürmək, şəhidlərimizin ailələrinə sahib çıxmaq, onları daim yad etmək bizim mənəvi borcumuzdur.
Ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” imzaladığı 2 dekabr 2020-ci il tarixli Sərəncamla xalqımızın 30 illik yurd həsrətinə son qoyan Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixi artıq 4 ildir ki, ölkəmizdə Anım Günü kimi qeyd olunur.
Qazaxda bütün şəhidlərimizin, Vətən yolunda canlarından keçərək adlarını hərb tariximizə qızıl hərflərlə yazdıran igid oğullarımızın xatirəsi əziz tutulur. Vətən uğrunda canından keçən oğullarımız, onların ailələri daim yad olunur. Fəaliyyətə başladığı ilk gündən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğını əldə rəhbər tutan rayon rəhbərliyi hər il olduğu kimi, bu il də şəhidlərimizi yad edib. Həmişə olduğu kimi, bu il də 27 Sentyabr - Anım Günü tədbirlərinə Vətən müharibəsi şəhidlərinin məzarlarının və ailələrinin ziyarət olunması ilə start verilib.
İkinci Qarabağ müharibəsində qəhrəmancasına döyüşən və Şəhidlik zirvəsinə ucalan igid Vətən oğlu kapitan Pənahov Rövşən Mahmud oğlunun xatirəsi də daim əziz tutulur, ailəsi diqqətdə saxlanılır.
Sentyabrın 24-də Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli Vətən müharibəsi əlili, 3-cü dərəcəli “Rəşadət” ordeni və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmiş, ehtiyatda olan kapitan Samir Çobanov, icra aparatının digər məsul işçiləri, Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurasının üzvləri olan gənclər rayonun Birinci Şıxlı kəndində olub, Vətən müharibəsi şəhidi kapitan Rövşən Pənahovun ailəsini ziyarət ediblər.
Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax “Cümə” məscidinin imamı İlham Süleymanov torpaqlarımız uğrunda canlarından keçərək Şəhidlik zirvəsinə ucalan Vətən oğullarının ruhlarına Quran oxuyub, qəhrəmanlarımızın əziz xatirəsi yad edilib. Şəhidimizin otağında şəxsi əşyalarından, şəkillərindən ibarət guşə ilə tanış olan gənclərə Rövşən kimi qəhrəman oğullarımızın keçdiyi döyüş yolunun, döyüş meydanında göstərdiyi qəhrəmanlığın nümunə olduğu, igid Vətən oğullarının daim qəlblərdə yaşayacaqları söylənilib. Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Rövşən Pənahovun xatirəsinin daim əziz tutulacağı bildirilib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova şəhidin ailəsinə rayon rəhbərliyinin səmimi ürək sözlərini çatdırıb. Müavin G.Həsənova ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə göstərilən qayğının Qazaxda hər zaman örnək götürüldüyünü, rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən bu amili əldə rəhbər tutaraq şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşdığını söyləyib. Bugünkü ziyarətin də məhz həmin qayğının davamı olduğunu bildirib.
Qazax RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli Vətən müharibəsi əlili, 3-cü dərəcəli “Rəşadət” ordeni və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmiş, ehtiyatda olan kapitan Samir Çobanov gənclərin diqqətinə çatdırıb ki, bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonundan Qarabağ müharibəsində ümumilikdə 348 nəfər Şəhidlik zirvəsinə yüksəlib. Onlardan 282 nəfəri Birinci Qarabağ müharibəsində, 3 nəfəri Aprel döyüşlərində, 3 nəfəri Birinci Qarabağ müharibəsindən sonrakı dövrlərdə xidməti vəzifələrini yerinə yetirərkən, 1 nəfəri Tovuz döyüşlərində, 49 nəfəri Vətən müharibəsində, 1 nəfəri Vətən müharibəsindən sonrakı dövrdə xidməti vəzifəsini yerinə yetirərkən, 1 nəfər mülki şəxs minaya düşərək, 3 nəfəri 2022-ci ilin sentyabr ayının 13-də erməni təxribatı nəticəsində, 5 nəfəri isə 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalıb. S.Çobanov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində, Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şanlı tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə bu gün hər kəsin fəxr etdiyini, qürur duyduğunu bildirib. Müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca bütün şəhidlərimizin qəlblərdə əbədi yaşayacağını qeyd edib. Şəhidlərimizin adlarını yaşatmağın, gələcək nəsillərə örnək və nümunə göstərməyin hər birimizin üzərinə düşən ən əsas iş olduğunu vurğulayıb. Kapitan Rövşən Pənahovun həyatından, döyüş yolundan, qəhrəmanlığından bəhs edən S.Çobanov qeyd edib ki, bugünkü ziyarətin əsas məqsədi igid Vətən oğlunu siz gənclərə daha yaxından tanıtmaq və örnək göstərməkdir.
Şəhid ailəsi hər zaman onlara göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Övladının doğum və anım günlərində, əlamətdar günlərdə, bayramlarda yad olunmasını razılıq hissi ilə qarşılayan şəhid ailəsi igid Vətən oğullarının adlarının yaşadılması istiqamətində görülmüş işləri dövlətin, ölkə başçısının və rayon rəhbərliyinin şəhidlərimizə, onların ailələrinə göstərilən qayğının əyani sübutu kimi qiymətləndirib.
Şəhid Rövşən Pənahov 2 oktyabr 1989-cu ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 1995-ci ildə Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1996-2004-cü illərdə Birinci Şıxlı kənd ümumi orta məktəbin 9-cu sinifini bitirmişdir. 2004-2006-cı illərdə Birinci Şıxlı kənd tam orta məktəbi bitirmişdir. Həmin ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2010-cu ildə həmin Ali Hərbi Məktəbi bitirmişdir. 2010-2011-ci illərdə təlim keçmək üçün Bakıda müxtəlif hərbi hissələrdə xidmət etmişdir. 2011-ci ildə Naftalan şəhərində yerləşən “N” saylı hərbi hissədə xidmət etmişdir. 2014-2020-ci illərdə müxtəlif “N” saylı hərbi hissələrdə xidmət göstərmişdir.
Rövşən Pənahovun xidməti, tapşırıqları yerinə yetirməsi, ümumiyyətlə, bütün fəaliyyəti nümunəvi idi. Ona gərə də Müdafiə Nazirliyi tərəfindən medallarla təltif olunmuşdur. 24.06.2013-cü ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley, 26.06.2017-ci ildə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli və 26.06.2018-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalları ilə təltif olunmuşdur. Eyni zamanda, bir neçə Fəxri Fərman da almışdır.
Kapitan Pənahov Rövşən Mahmud oğlu 2 oktyabr 2020-ci il tarixdə Göygöl rayonunun Toğanalı kəndi istiqamətində düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhid olduğu gün Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. İki azyaşlı - Nilay adlı qız, Elay adlı oğul övladı yadigar qalıb.
Şəhid kapitanımızın göstərdiyi igidlik cənab Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “İgidliyə görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Kəlbəcərin azad olunmasına görə” medalları, 5 noyabr 2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunmuşdur.
Qazax Rayon İcra Hakimiyyətinin başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 30 noyabr 2021-ci il tarixli 9-21/402 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Rəşadət” ordenli şəhidimizin adı verilib. Doğulub boya-başa çatdığı Birinci Şıxlı kəndində yaşadığı evin önündə barelyefi vurulub.
Facebook-da paylaş