• Təqvim

  • Maraq



Bu gün Qazax RİH-də növbəti vətəndaş qəbulu keçirilib


Prezident İlham Əliyevin səsləndirdiyi “Hər bir dövlət məmuru xalqa xidmət etməli, bu yüksək məsuliyyəti və etimadı doğrultmalıdır!” fikri bir daha onu sübut edir ki, ölkəmizdə vətəndaş amili dövlət siyasətinin başlıca istiqaməti kimi bütün işlərdə əsas götürülür. Ən əsası da bu, dövlət başçısının, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğıda hər zaman hiss olunur. Eyni zamanda bu, hər bir dövlət məmuruna nümunə olmaqla bərabər, həm də onların iş fəaliyyətinin tərkib hissəsi olması deməkdir. 

Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda da operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqət mərkəzində saxlanılır.

Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, rayon İcra Hakmiyyətinin inzibati binasında fərdi və ümumi şəkildə vətəndaşların qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir.

Qazax şəhərindən, rayonun Daş Salahlı, Hüseynbəyli, Orta Salahlı, Çaylı kəndlərindən müraciət etmiş 10 nəfər vətəndaşın istəyi sentyabrın 20-də idarə, müəssisə, xidmət sahələri rəhbərlərinin iştirakı ilə dinlənilib.


Əvvəlcə bu gün ildönümləri olan, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə yüksələn Yuxarı Salahlı kəndinin igid oğlu gizir Şəmşiyev İlham Şakir oğlunun, Qarapapaq kəndinin igid oğlu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri Əhmədov Elvin Qələndər oğlunun, Qazax şəhərindən (MAHHXHQ) baş çavuş Hüseynov Ramin Rövşən oğlunun, (MAHHXHQ) əsgər Nəbiyev Fərid Kamran oğlunun, Canalı kəndinin igid oğlu əsgər Nəsibov Akşin Vasif oğlunun əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.  

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qəhrəman şəhidlərimizin yoxluğundan 1 il ötməsinə baxmayaraq onların daim qəlblərdə yaşadıqlarını, Azərbaycan dövləti və xalqı var olduğu müddətcə də hər zaman hörmət və ehtiramla yad olunacaqlarını bildirib. Qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində bu gün Azərbaycanın dövləti suverenliyini tam bərpa etdiyini, doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağının dalğalandığını söyləyib. Bu gün qalib Azərbaycan xalqı olaraq işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd etdiyimizi söyləyib. Artıq xalqımızın ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklərini vurğulayıb. 


Rayon rəhbəri dövlət başçısının vətəndaş məmnunluğunun təmin olunması ilə bağlı gördüyü işlərin hər bir dövlət məmuruna nümunə olduğunu vurğulayıb. Rayon rəhbəri ölkə başçısının səsləndirdiyi “Siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz. Nəyə gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz – Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti dövlət qurumlarına ki, mövcud problemlər öz həllini tapsın. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq” fikrinin əsasını vətəndaş amilinin, məmnunluğunun təşkil etdiyini bildirib. 

“Hər bir dövlət məmurunun vəzifə borcu vətəndaşı qəbul edib onun müraciətini dinləmək, onlara layiqli xidmət göstərərək vətəndaş məmnunluğunu təmin etməkdir”, - deyən icra başçısı bu günə kimi keçirilən qəbulların məhz bu məqsədi daşıdığını söyləyib. Bu günə kimi, şəhər və kəndlərdə sakinlərlə olan görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılmasının, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsinin, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsinin, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbulların arxasında hər zaman vətəndaş məmnunluğunun dayandığını bildirib. İcra başçısı qəbulda iştirak edən idarə, müəssisə, təşkilat, eləcə də xidmət sahələri rəhbərlərinə dövlət məmuru olaraq vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına, məcburi köçkün ailələrinə, sərhəddə yaşayan sakinlərə qarşı hər zaman qayğı ilə yanaşmalı, daim diqqət ayırmalı, qaldırılan hər bir məsələyə həssaslıqla baxmalı olduqlarını qeyd edib.

Qəbul zamanı vətəndaşların işlə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı müraciətlərinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına müraciət etmələri bildirilib. Məşğulluq Mərkəzində olan vakant yerlərə iş təklif olunması üçün aidiyyəti üzrə müvafiq tapşırıq verilib. Eyni zamanda, qəbulda vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb.



Facebook-da paylaş