• Təqvim

  • Maraq



Birinci Şıxlı kənd İƏD üzrə nümayədəliyin hesabat yığıncağı keçirilib

Birinci Şıxlı kənd İƏD üzrə nümayədəliyin hesabat yığıncağı keçirilib
Bu gün Birinci Şıxlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayədəlikdə 2017-ci ildə görülmüş işlər və 2018-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.

Səsvermə yolu ilə yığıncağın sədri və katibi seçildikdən sonra kənd icra nümayəndəsi Mübariz Abdullayev geniş hesabat məruzəsi ilə çıxış edərək nümayəndəlik tərəfindən 2017-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat vermişdir. Bildirmişdir ki, tarixi qədimdən də qədim olan Qazax mahalının köklü kəndlərindən biri də Birinci Şıxlı kəndidir. XVI əsrin 80-ci illərində əsası qoyulan kənd coğrafi mövqeyinə görə Kür çayının sağ sahilində, Qarayazı meşəsi boyunca 10 km məsafədə yerləşir. Rayon mərkəzindən 26 km şimali-qərbdə magistral İpək yolunun üzərində yerləşən Birinci Şıxlı kəndinin ümumi ərazisi 2727 hektardır. Birinci Şıxlı kənd İƏD üzrə nümayəndəliyi bir kəndi əhatə edir. Kəndin 3609 nəfər əhalisi, 987 təsərrüfatı var. Birinci Şıxlı kəndinin ərazisində 2 məktəb, 1 poçt, 700 yerlik ATS, 3 yanacaq doldurma məntəqəsi, 2 bərbərxana, 1 qarışıq yem dəyirmanı, həkim məntəqəsi, 2 feldşer mama məntəqəsi, 1 Kənd Folklor Evi, 2 kitabxana, 1 inşaat malları mağazası, 10-dan artıq super market mağazaları kənd əhalisinə xidmət edir. 11 illik məktəbdə 333 şagirdin təlim-tərbiyəsi ilə 50-yə yaxın müəllim məşğul olur. 9 illik məktəbdə 99 nəfər şagird təhsil alır, 20 nəfər müəllim çalışır.
Birinci Şıxlı kənd İƏD üzrə nümayədəliyin hesabat yığıncağı keçirilib
Kənd sakinlərinin əsas məşğuliyyəti maldarlıq və əkinçilikdir. 01.01.2018-ci il tarixə əhali və fermer təsərrüfatında1569 baş iribuynuzlu mal-qara, 8960 baş xırdabuynuzlu qoyun-keçi, 10306 baş quş qeydiyyata alınmışdır. Dövlət Başçısının kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyinə dair 13 yanvar 2007-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar 2017-ci ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına buğda əkininin hər hektarına 90 manat, digər əkinlər üçün hər hektara 50 manat ödəməklə, ümumilikdə 310 nəfər kənd sakininə 50126 manat vəsait ödənilmişdir. Pay torpaqlarının və bələdiyyənin istifadəsində olan torpaqların təyinatı üzrə istifadə edilməsi, əkinçilik məhsullarının artırılması, növbəli əkin sisteminin tətbiqinin əhaliyə çatdırılması, yazlıq əkin və yeni bitkilərin əkini üçün aqrotexniki tədbirlərin aparılması daima diqqət mərkəzində olmuşdur. Birinci Şıxli kənd icra nümayəndəliyi əkinçilik və heyvandarlıq sahələrində kənd əhalisinə yaxından köməklik göstərmişdir.

2017-ci ilin məhsulu üçün 588 hektar buğda, 180 hektar arpa, 60 hektar qarğıdalı əkilmişdir. 2018-ci ilin məhsulu üçün Birinci Şıxlı kəndinin pay torpaqlarında 768 hektar səpin olmuşdur ki, ondan 588 hektarında buğda, 180 hektarında arpa əkilmişdir. Hazırda əkin sahələrində işlər davam edir. Bu günə qədər 900 hektarda şumlama işləri aparılmışdır. 2 hektar torpaq sahəsi tütün üçün nəzərdə tutulmuşdur. Əvvəllər kənd əhalisi həyətyanı torpaq sahələrinin suvarılmasında çətinlik çəkirdilər. Artıq 2 ildir ki, bu problem aradan qaldırılmışdır. Belə ki, rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşovun tapşırığına əsasən su itkisinə yol verilməsin deyə kənd ərazisində olan ana kanallar və əkin sahələrinin yuxarı hissələri təmizlənmişdir.

2017-ci ildə kəndimizdə 342 kq barama və 2 ton tütün istehsal olunmuşdur. Bu il bu öhdəliklərin 2 qat artırılması nəzərdə tutulmuşdur.

Hesabat ilində rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşovun tapşırığına əsasən kənd sakinlərinin yerindəcə problemlərinin öyrənilməsi və həlli ilə əlaqədar adiyyəti üzrə məsələlər qaldırılması məqsədilə kənddə 10 nəfər tərkibdən ibarət işçi qrupu yaradılmışdır. Kənd icra nümayəndəliyinin, kənd bələdiyyəsinin, işçi qrupunun üzvlərinin təşəbbüsü, kənd əhalisinin iştirakı ilə kəndarası yolların, mərkəzi yolun ətrafı və kənd qəbiristanlığında təmizlik işləri aparılmışdır. Təmizlənmiş yol kənarında 200-ə yaxın meyvə ağacları əkilmişdir.

2017-ci ildə icra nümayəndəliyinə 14 məktub daxil olmuş, təşkilatlara nümayəndəlik tərəfindən 17 məktub göndərilmişdir. Vətəndaşlara 657 müxtəlif məzmunlu arayışlar verilmişdir. 12 rəsmi müraciət daxil olmuş və müraciətin hamısı öz müsbət həllini tapmışdır. 12 şifahi müraciətə baxılmış və nəticəsi barədə vətəndaşlara məlumat verilmişdir. Birinci Şıxlı kənd icra nümayəndəliyi “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası qanununa uyğun olaraq vətəndaşların qəbulunu həyata keçirmiş, onların ərizə, şikayət və təkliflərinə baxılaraq lazımi tədbirlər görülmüş və nəticəsi barədə vətəndaşlara məlumat verilmişdir. Qazax rayon İcra Hakimiyyəti başçısının bu il Şura iclasında olan müzakirələrindən nəticə çıxararaq bu sahədə buraxılan nöqsanların aradan qaldırılması üçün tədbirlər görülmüşdür. Vətəndaşların qəbulu üçün nümayəndəlikdə hər cür şərait yaradılmış, həftənin 2-ci və 5-ci günləri qəbul günləri olmasına baxmayaraq bütün iş günlərində qəbula gələn vətəndaşların şikayət və müraciətlərinə baxılmışdır. Bir il ərzində nümayəndəlik tərəfindən 22 nigah, 24 ölüm, 55 doğum şəhadətnaməsi verilmişdir. 18 nəfər kəndə qeydiyyata düşmüş, qeydiyyatdan çıxan olmamışdır.

Bu gün çiçəklənən Azərbaycanımızın, sürətlə inkişaf edən Qazaxımızın abadlığının inkinşaf etməsi üçün kənd əhalisi ilə birlikdə əlimizdən gələni əsirgəməyəcəyik.

Sonra məruzə ətrafında çıxışlar olmuşdur. Birinci Şıxlı kənd tam orta məktəbin direktoru Məzahir Qocayev, Birinci Şıxlı kənd əsas məktəbin müəllimi Elman Vəliyev, kənd həkim məntəqəsinin baş həkimi Fuad Daşdəmirov, fermer Natiq Məmmədov, ağsaqqallar şurasının sədri, işçi qrupunun üzvü Şəmşəd İbrahimov, kənd sakini Telman Məmmədov, YAP ərazi ilk partiya təşkilatının sədri Tahir Musayev və başqaları çıxış edərək kəndə, onun sakinlərinə göstərilən böyük diqqət və qayğıya görə Ölkə Prezidenti İlham Əliyev cənablarına və rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildirmişlər.
Birinci Şıxlı kənd İƏD üzrə nümayədəliyin hesabat yığıncağı keçirilib
Hesabat yığıncağında iştirak edən rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək ölkəmizdə 2017-ci ildə sosial-iqtisadi sahədə, ordu quruculuğunda, idmanda, təhsildə, mədəniyyətdə, kənd təsərrüfatında qazanılmış nailiyyətlər və əldə olunmuş uğurlar barədə geniş məlumat vermiş, ötən ilin rayonumuz üçün də uğurlu və tarixi bir il olmasını konkret faktlarla yığıncaq iştirakçılarına çatdırmışdır. Bildirmişdir ki, 2018-ci il respublikamız, eləcə də rayonumuz üçün daha uğurlu il olacaqdır. Bir sıra beynəlxalq layihələr, iqtisadiyyat və kənd təsərrüfatı ilə bağlı dövlət proqramları, yeni investisiya layihələri həyata keçiriləcəkdir. Bu işdə biz hamımız Ölkə Prezidenti İlham Əliyev cənablarına və bütün xalqımıza böyük uğurlar arzulayırıq.

Birinci Şıxlı kənd İƏD üzrə nümayədəliyin hesabat yığıncağı keçirilib
Birinci Şıxlı kənd İƏD üzrə nümayədəliyin hesabat yığıncağı keçirilib
Birinci Şıxlı kənd İƏD üzrə nümayədəliyin hesabat yığıncağı keçirilib
Birinci Şıxlı kənd İƏD üzrə nümayədəliyin hesabat yığıncağı keçirilib
Birinci Şıxlı kənd İƏD üzrə nümayədəliyin hesabat yığıncağı keçirilib
Birinci Şıxlı kənd İƏD üzrə nümayədəliyin hesabat yığıncağı keçirilib
Birinci Şıxlı kənd İƏD üzrə nümayədəliyin hesabat yığıncağı keçirilib
Birinci Şıxlı kənd İƏD üzrə nümayədəliyin hesabat yığıncağı keçirilib
GOYEZEN.AZ




Facebook-da paylaş