• Təqvim

  • Maraq



İcra başçısı Vətən müharibəsi iştirakçısı Sənan Kosayevin atasının vəfatı ilə əlaqədar ailəsinə başsağlığı verib


Müstəqil Azərbaycanın hərb tarixinə şanlı səhifə kimi yazılan 2020-ci il illər ötsə də hər zaman qürurla xatırlanacaq. Çünki həmin ildə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında başlayan Vətən müharibəsində 44 günə Qarabağ işğaldan azad edildi, xalqımızın 30 illik yurd həsrətinə son qoyuldu. 27 sentyabrdan başlayan Vətən müharibəsində qazandığımız Qələbə müzəffər ordumuzun əsgər və zabitlərimizin şücaəti, qəhrəmanlığı sayəsində mümkün oldu. 

Bu gün Azərbaycan qalib bir ölkə kimi bütün dünyaya səs salıbsa, şanlı ordumuzun gücü, qüdrəti sayəsində işğaldan azad edilmiş torpaqlarımızda müqəddəs üçrəngli bayrağımız dalğalanırsa, buna görə Ali Baş Komandana, canlarını fəda edən şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə, əsgər və zabitlərimizə, hərbçilərimizə, müharibə iştirakçılarına minnətdar olmalıyıq. 

44 günlük Vətən müharibəsində qazanılan qələbədə payı olan oğullarımızdan biri də döyüş meydanında göstərdiyi qəhrəmanlığa görə ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, Azərbaycan Respublikası Baş nazirinin müvafiq Sərəncamına əsasən “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş Kosayev Sənan Murad oğludur. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci ilin sentyabrında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuş Sənan Kosayev Qubadlı, Cəbrayıl və Laçın rayonu uğrunda gedən döyüşlərdə iştirak edib. 


Avqustun 22-də igid Vətən oğlunun atası Kosayev Murad İsdan oğlu vəfat edib. Bu gün mərhumun yeddi mərasimi olub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə Bala Cəfərli kəndində olub, mərhumun yeddi mərasimində iştirak edib. 

İcra başçısı Rəcəb Babaşov mərhum Murad Kosayevin vəfatından kədərləndiyini bildirib, Sənan Kosayevə və yaxınlarına dərin hüznlə başsağlığı verib. İcra başçısı ölkəmizdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərimizə, müharibə iştirakçılarına, onların ailələrinə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğunu vurğulayıb. Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü, şəhid ailələrinə, qazilərimizə, onların ailələrinə göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini qeyd edib.



Facebook-da paylaş