• Təqvim

  • Maraq



Prezident İlham Əliyev: “44 günlük Vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan xalqı bundan sonra əbədi bu Zəfərlə fəxr edəcək”


2024-cü ilin 10 may tarixi xalqımızın və şuşalıların yaddaşına əbədi həkk olundu. Cari ilin 10 may tarixində Prezident İlham Əliyev Şuşada şəhərə köçmüş ilk sakinlərlə görüşdü və bu, şuşalıların həyatına unudulmaz anlar kimi yazıldı. 

Tarixi hadisədən söz açan ölkə başçısı bildirdi ki, otuz iki ildən sonra şuşalılar doğma Şuşaya qayıtdılar.

Ölkə rəhbərinin söylədiyi kimi, bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri olub. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi.

Ölkə başçısı qeyd etdi ki, mənfur düşmən düzgün hesablamalar aparmamışdır. Özlərini özlərinin uydurduqları miflərə o qədər inandırmışdılar ki, hesab edirdilər bizim torpaqlarımızı əbədi işğal altında saxlaya biləcəklər. 

Dövlət başçısının vurğuladığı kimi, 44 günlük Vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan xalqı bundan sonra əbədi bu Zəfərlə fəxr edəcək. 44 gün ərzində biz hər gün irəli gedirdik. Ermənistan ordusundan fərqli olaraq bir nəfər də olsun hərbçimiz döyüş meydanını tərk etməmişdir. Bizim əsgər və zabitlərimiz hər gün irəli gedirdilər və müharibənin birinci günündə əldə olunmuş qələbə - bir neçə kəndin azad edilməsi sonuncu günə qədər davam etdi və 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi düşmənin belini qırdı.

Dövlət başçısı qeyd etdi ki, Şuşa bizim əyilməz ruhumuzun rəmzidir. Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi.

Ölkə rəhbərinin söylədiyi kimi, antiterror əməliyyatı nəticəsində biz tarixi, əzəli torpaqlarımızı işğalçılardan azad etdik. Dövlətimizin gücünü və siyasi iradəsini göstərdik. Heç kimlə hesablaşmadan, heç nəyə baxmadan, heç kimdən qorxmadan lazım olan əməliyyatı böyük peşəkarlıqla, məharətlə və fədakarlıqla keçirdik.


Dövlət başçısı söylədi ki, Şuşada genişmiqyaslı quruculuq işləri gedir. Ulu Öndərin doğum günündə üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdur. Birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Bütün evlər gözəl memarlıq üslubunda - Şuşanın ənənəvi üslubunda inşa edilmişdir. Şuşada böyük infrastruktur layihələri reallaşdırılır. Füzuli şəhərindən Şuşaya qısa müddət ərzində Zəfər yolu çəkildi. İndi isə daha geniş magistral avtomobil yolu çəkilir. Yeddi tuneli, doqquz viaduku, bir çox körpüləri olan dördzolaqlı gözəl bir yol çəkilir.

Ölkə başçısı vurğuladı ki, Şuşanın tarixi abidələrinin bərpası müharibədən dərhal sonra başlanılmışdır. Vaqifin məqbərəsi yenidən quruldu, onun əzəli görkəmi qaytarıldı. Yuxarı Gövhər Ağa məscidi, Saatlı məscidi bərpa olundu. Mamayı məscidinin bərpadan sonra açılışı oldu. Çöl Qala məscidində bərpa işləri başlanılıb. Mehmandarov məscidi və Mehmandarovun evi bərpa edilib. Artıq dörd mehmanxana fəaliyyət göstərir. Onların içində ən böyük beşulduzlu Şuşa mehmanxanası bu gün Şuşanın müasir görkəmini əks etdirir. Şirinsu hamamı əsaslı təmirdən sonra açılmışdır. Aşağı Gövhər Ağa məscidində təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Üzeyir Hacıbəylinin vəhşi düşmən tərəfindən dağıdılmış abidəsi yenidən öz yerinə qoyuldu. Üzeyir Hacıbəylinin ermənilər tərəfindən dağıdılmış evi yenidən qurulur.

Ölkə rəhbəri bildirdi ki, Şuşanın dirçəldilməsi geniş vüsət alıb. Hər şey çox müfəssəl və dəqiq, ən müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında qurulur. Bu bərpa-yenidənqurma işlərinə dünyanın aparıcı şirkətləri cəlb olunub. Həm Şuşada, həm də artıq inşa edilmiş digər qəsəbə və şəhərlərdə məşğulluq məsələləri də həll olunur, treninqlər keçirilir, buraya qayıdacaq insanların işlə təmin olunması məsələlərinə də çox diqqətlə baxılır və bu işlər öz həllini tapır.

Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, hər bir azərbaycanlı bununla fəxr edəcək.

Ölkə başçısının söylədiyi kimi, Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq. Ona qədər ölkədə hakimiyyətsizlik, özbaşınalıq, xaos hökm sürürdü. Şuşanı müdafiə etməyə söz verən, əks təqdirdə öz başına güllə çaxmağa söz verən o ünsür görəsən indi hansı hisslər yaşayır? Əminəm ki, bu günə sevinmir.


Hakimiyyətə can atan AXC-Müsavat cütlüyünün tör-töküntüləri, onların böyük əksəriyyəti  Zəfərimizə sevinməyiblər. Bizim Qələbəmizə bu günə qədər kölgə salmağa çalışırlar, ermənilərlə əlbir olub Zəfərimizi aşağılamaq, ona kölgə salmağa çalışırlar. Məhz onların hakimiyyətə can atmaları dövründə və ovaxtkı hakimiyyətin satqın, qorxaq olması səbəbindən Şuşa işğal altına düşdü. Şuşa yiyəsiz qalmışdı və Şuşanın düşmənə təhvil verilməsi Xalq Cəbhəsinə hakimiyyətə gəlmək üçün yol açdı.

Azərbaycan xalqının böyüklüyü bir daha 1993-cü ildə özünü göstərdi. Xalq Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət etdi. Çünki Azərbaycan xalqı bilirdi ki, o bəladan onu ancaq Heydər Əliyev qurtara bilər.

Obyektiv amildən söz açan dövlət başçısı bildirdi ki, 1994-cü ildə əldə edilmiş atəşkəs məcburi bir addım idi.

Qələbələrimizin davamıdan danışan ölkə başçısı bildirdi ki, bu gün Qazaxın 1990-cı və 1992-ci illərdə işğal edilmiş torpaqları bir güllə atılmadan bizə qaytarılır. Delimitasiya, demarkasiya bizim şərtlərimiz əsasında həyata keçirilir və bu, bizim növbəti zəfərimizdir.

Ölkə rəhbərinin səsləndirdiyi kimi, biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik. Bizə müharibə lazım deyil, bizə torpaqlarımız lazım idi. Minsk Qrupunun 28 ildəki fəaliyyəti Azərbaycan xalqına qarşı yönəldilmişdir. Onların yalançı vədləri və fəaliyyətsizliyi təsadüfi deyildi. Onlar məsələni həll etmək istəmirdilər. Onlar bu torpaqları ermənilərə vəd vermişdilər. Necə ki, sovet dövründə ermənipərəst Qorbaçov və ondan sonra Yeltsin bu torpaqları ermənilərə vəd vermişdilər və Fransa da, Amerika da, həmçinin.


Dövlət başçısı bir daha vurğuladı ki, Fransa və Amerika bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil. Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir. Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik. Şuşanı nə qədər erməniləşdirməyə çalışsalar da, ona nail ola bilməyiblər. Çünki Şuşa əzəldən Azərbaycan şəhəri olub, işğal dövründə də öz azərbaycançılıq simasını qoruyub saxlayıb. Əgər ermənilər bunu özlərinə doğma şəhər sayırdılarsa Şuşanı quraydılar, yaradaydılar, dağıtmayaydılar. Bir daş daş üstə qoyulmayıb. Biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq.



Facebook-da paylaş