• Təqvim

  • Maraq



Qazaxda icra başçısının vətəndaşlarla keçirilən növbəti səyyar görüşü Bala Çaylı kənd sakinləri ilə olub


Prezident İlham Əliyevin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə keçirilən görüşlər zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlərin, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələrin arxasında  vətəndaş amili dayanır. 

Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, vətəndaşların qayğılarına həssaslıqla yanaşılması, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə şəhər və kəndlərdə keçirilən səyyar qəbulların keçirilməsi onu söyləməyə əsas verir ki, vətəndaş amili dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. 

Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının mart ayında vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü rayonun Bala Çaylı kənd sakinləri ilə olub. 

Martın 12-də Qazax Rayon Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta məktəbdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə kənd sakinlərini narahat edən məsələlər dinlənilib.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayıb, Ramazan və Novruz bayramları münasibətilə səmimi ürək sözlərini çatdırıb. İcra başçısı bugünkü görüşün təməlində vətəndaş məmnunluğunun dayandığını, səyyar görüşün əsas məqsədinin sakinləri narahat edən məsələləri özlərinin dilindən öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etməyə, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmağa yönəldiyini bildirib. 

Rayon rəhbəri Bala Çaylı kəndindən Birinci Qarabağ müharibəsində 7 nəfərin torpaqlarımızın azadlığı uğrunda canından keçdiyini, 4 nəfərin öz sağlamlığını qurban verdiyini bildirib. 2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan və cəmi 44 günə tarixi Qələbə ilə başa çatan Vətən müharibəsindən artıq 4 il vaxt ötməsinə baxmayaraq xalqımızın həmin qələbəni bu gün də qürurla xatırladığını qeyd edib. Həmin müharibədə qanları ilə şanlı tarix yazan şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan söz açan icra başçısı illər ötsə belə şanlı zəfəri bizə bəxş edən oğullarımızın heç zaman unudulmayacağını qeyd edib. 44 günlük savaşda respublikamızın hər yerindən olduğu kimi, Qazaxdan da igid Vətən oğullarının Şəhidlik zirvəsinə ucaldığını, onlardan 2 nəfərinin Bala Çaylı kəndindən olduğunu, 2 nəfərin isə həmin döyüşdə sağlamlığını itirdiyini bildirib. 44 günlük Vətən müharibəsində Bala Çaylı kəndindən 26 nəfərin iştirak etdiyini, onlardan 17 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu söyləyib. Rayon rəhbəri şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. İstər Birinci Qarabağ, istər Vətən müharibəsi, istərsə də digər döyüşlərdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin heç zaman unudulmayacaqlarını vurğulayıb. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.


İcra başçısı ötən müddət ərzində Bala Çaylı kəndində keçirilən səyyar görüşlərdə qaldırılan məsələlərin zamanla müsbət həllini tapdığını, bugünkü görüşün də bu amala xidmət etdiyini qeyd edib. Bala Çaylı kəndində avtomobil yolu ilə bağlı məsələnin müsbət həllini tapdığını, uşaq bağçası ilə bağlı aidiyyəti orqanlar qarşısında məsələ qaldırıldığını qeyd edib. Həlli vacib olan məsələlərdən arxların beton üzlüyə alınması ilə bağlı məsələnin gündəmdə olduğunu söyləyib. Kənddə ATS quraşdırıldığını və yeni rabitə xətlərinin çəkildiyini, kəndarası yolların qum-çınqılla hamarlandığını, elektrik dayaqlarının dəyişdirildiyini, subartezian quyusunun qazıldığını qeyd edib. Kənddə internetin keyfiyyətinin yüksəldilməsi məqsədilə “Azəronline” şirkəti tərəfindən 95 abunəçiyə, “CityNet” şirkəti tərəfindən 120 abunəçiyə fiber optik internet xəttinin çəkildiyini, abonentlərin sürətli internetlə təmin olunduğunu söyləyib. 


Rayon rəhbəri dövlət başçısının qayğısı sayəsində respublika və yerli əhəmiyyətli yeni asfalt yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamların Qazaxda uğurla icra olunduğunu, son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər, Fərəhli kəndlərinə yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu kimi qeyd edib. Rayon rəhbəri Bala Çaylı kəndinin də həmin təmirli yollar arasında olduğunu bildirib. 

İcra başçısı bildirib ki, ADA Universitetinin "Bir müəllimin manifesti” layihəsi çərçivəsində milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab edilən Qazax Müəllimlər Seminariyasının yenidən bərpa olunması və Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzi kimi fəaliyyətə başlaması Qazaxda təhsil sahəsinə olan yüksək dövlət qayğısının bariz nümunəsidir. 

İcra başçısı son illər Qazaxda uşaqlara göstərilən qayğıdan da söz açıb. Həmin qayğının bariz nümunəsi olaraq bu gün rayonda mövcud olan 25 məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 19-u kənd üzrə) 21-nin müasir tələblərə cavab verən səviyyədə olmasını göstərib. İcra başçısı qeyd edib ki, bu gün rayonda 14 kənddə bağça yoxdur ki, həmin kəndlərdən biri də məhz Bala Çaylı kəndidir. İcra başçısı bu məsələnin də daim gündəmdə olduğunu diqqətə çatdırıb. 


Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Bala Çaylı kəndində də elektrik dayaqlarının yenilənməsinə, SİP kabelləşmə işinin davam etdirilməsinə, rabitə xətlərinin yenilənməsinə ehtiyac olduğunu vurğulayaraq bu sahədə işlərin nəzərdə tutulduğunu bildirib. 

Sonra sakinləri narahat edən məsələlər dinlənilib. Sakinlər onlarla görüşə gəldiyinə, göstərilən qayğıya görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər. Son illər rayonda, o cümlədən Bala Çaylı kəndində görülən işlərə, ən əsası da ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Sakinlərin kənddə elektrik xətlərinin sip kabellə əvəz olunması, kənddə uşaq bağçasının açılması və s. bağlı müraciətləri dinlənilərək səslənən hər bir məsələyə həssaslıqla yanaşılacağı, diqqətlə baxılacağı, aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılacağı bildirilib.

GOYEZEN.AZ



Facebook-da paylaş