• Təqvim

  • Maraq



Qazaxda müqəddəs Ramazan və Novruz bayramları ərəfəsində şəhidlərin məzarları ziyarət olunub


2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün sonra tarixi Qələbə ilə başa çatan İkinci Qarabağ müharibəsi son 200 ilin şanlı Zəfər salnaməsi kimi Azərbaycanın hərb tarixinə, xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı. Bu tarixi Qələbə isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın dəmir yumruq şəklində birləşməsi sayəsində mümkün oldu. Şəhidlərimizin qanı, canı bahasına əldə etdiyimiz bu Zəfər, tarixi Qələbə bütün dünyaya haqqın, ədalətin, beynəlxalq hüququn kimin tərəfində olduğunu bir daha nümayiş etdirdi. 

Bu gün fəxrlə söyəyirik ki, 2020-ci ilin Vətən müharibəsində müzəffər Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə bütün dünyaya qalib Azərbaycanı tanıtdı. Haqq savaşında “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şəhidlərimizin qisasını aldı, onların qanı yerdə qalmadı. Xankəndi və Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Respublika Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndidə və Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. 

30 illik həsrətə son qoyaraq düşmən tapdağında olan torpaqlarımızın işğaldan azad edilməsində respublikamızın bütün bölgələrindən olduğu kimi, Qazax rayonu da şəhidlər verdi. Vətən torpağı bütöv olsun deyə döyüşdə qəhrəmanlıq göstərən Qazaxın igid, mərd oğulları da Şəhidlik zirvəsinə yüksəldilər.

2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı respublikamızın hər yerindən olduğu kimi, Qazax rayonunun 5 nəfər igid oğlu da Şəhidlik zirvəsinə ucaldı. 

Yuxarı Salahlı kəndindən gizir Şəmşiyev İlham Şakir oğlu, Qarapapaq kəndindən gizir Əhmədov Elvin Qələndər oğlu, Qazax şəhərindən (MAHHXHQ) baş çavuş Hüseynov Ramin Rövşən oğlu, (MAHHXHQ) əsgər Nəbiyev Fərid Kamran oğlu, Canalı kəndindən əsgər Nəsibov Akşin Vasif oğlu antiterror tədbirləri  zamanı qəhrəmanlıq göstərərək adlarını xalqımızın, doğma qazaxlıların qəlbinə əbədi həkk etdilər.

Qarabağ adlı haqq savaşında tarixi ədaləti bərpa etmək üçün bütün qüvvəsi ilə səfərbər olan və sonunda xalqımıza Böyük Qələbə sevinci yaşadan şəhidlərimizə, qazilərimizə, Azərbaycan Ordusunun əsgərlərinə, zabitlərinə, hərbçilərimizə minnətdar olmaq hər bir vətəndaşın borcudur. 

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Fəaliyyətə başladığı ilk gündən cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğını əldə rəhbər tutan rayon rəhbərliyi müqəddəs Ramazan və qarşıdan gələn Novruz bayramları ərəfəsində Şəhidlik zirvəsinə yüksələn oğullarımızı da unutmayıb.

İcra başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə rayonun Yuxarı Salahlı kəndində olub, Aprel döyüşlərində, Tovuz hadisələrində, 44 günlük Vətən müharibəsində, Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də digər vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən Şəhidlik zirvəsinə yüksələn oğullarımızın əziz xatirələrini ehtiramla anıb. Şəhidlərimizin ailə üzvləri ilə birlikdə qəhrəman oğullarımızın məzarları ziyarət olunaraq ruhlarına dualar oxunub. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində, antiterror tədbirləri zamanı qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan icra başçısı həmin şanlı Zəfərdə payı olan qazaxlı oğullarımızın daim qəlblərdə yaşayacağını bildirib. Bu gün hər kəsin şəhidlərimizlə, qazilərimizlə fəxr etdiyini, Azərbaycan xalqı və dövləti var olduqca şəhidlərimizin unudulmayacağını qeyd edib. 

“İstər dövlət məmurunun, istərsə də hər bir Azərbaycan vətəndaşının borcudur ki, şəhidlərimizin xatirəsini əziz tutsun, ailələrinə sahib çıxsın, qayğı göstərsin. Bu gün bir dövlət məmuru olaraq deyil, həm də bir vətəndaş olaraq özümə borc bildim ki, həmişə olduğu kimi, şəhidlərimizi bayram ərəfəsində yad edim”, - deyən icra başçısı dövlətimiz, ölkə başçısı, eləcə də rayon rəhbərliyi tərəfindən şəhidlərimizin ailəsinə göstərilən qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.

Vətən müharibəsi şəhidi baş gizir Teymur Hacıyevin atası Zaur Hacıyev, Aprel döyüşlərinin şəhidi baş leytenant Elvin Namazovun atası Məmməd Namazov və başqaları şəhid ailəsi kimi hər zaman onlara göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Övladlarının doğum günlərində, əlamətdar günlərdə, bayramlarda yad olunmasını, daim qayğı göstərilməsini minnətdarlıq hissi ilə qarşılayıblar. Onlar üçün nə qədər çətin olsa da, bizləri, xalqımızı qalib ölkənin vətəndaşı edən oğulları ilə fəxr etdiklərini, qürur duyduqlarını vurğulayıblar. 

Vətən müharibəsi şəhidi, ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Yuxarı Salahlı kəndinin igid oğlu, baş gizir Hacıyev Teymur Zaur oğlunun məzarını ziyarət 


Vətən müharibəsi şəhidi, ölümündən sonra "Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Yuxarı Salahlı kəndinin igid oğlu, şəhid leytenant Bayramlı Elmar İsa oğlunun məzarını ziyarət

Vətən müharibəsi şəhidi, ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Yuxarı Salahlı kəndinin igid oğlu, şəhid (MAHHXHQ) əsgər Abdullayev Taleh Temraz oğlunun məzarını ziyarət 

Yuxarı Salahlı kəndinin igid oğlu gizir Abdullayev Hafiz Məhəd oğlunun məzarını ziyarət

2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə yüksələn Yuxarı Salahlı kəndinin igid oğlu, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” medalı ilə təltif olunmuş şəhid gizir Şəmşiyev İlham Şakir oğlunun məzarını ziyarət

Tovuz döyüşlərinin qəhrəman şəhidi, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuş, Yuxarı Salahlı kəndinin igid oğlu, mayor Əhmədov Namiq Hajan oğlunun məzarını ziyarət


Aprel döyüşlərinin qəhrəman şəhidi, ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunmuş, Yuxarı Salahlı kəndinin igid oğlu, baş leytenant Namazov Elvin Məmməd oğlunun məzarını ziyarət 

Yuxarı Salahlı kəndinin igid oğlu əsgər Əlləzov Əlləz Ələddin oğlunun məzarını ziyarət



Facebook-da paylaş