• Təqvim

  • Maraq



Prezident İlham Əliyev: “Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır”


Cari ilin 1 mart tarixi Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibəsi ilə yaddaşlara yazıldı.

Ölkə Prezidenti bildirdi ki, Cənub Qaz Dəhlizi layihəsi ilə əlaqədar çoxlu müxtəlif ideyalar var idi. Nikbin düşünənlər də, bədbin düşünənlər də var idi. Həmçinin, elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik.

Dövlət başçısı qeyd etdi ki, layihəni reallaşdırmaq üçün geniş beynəlxalq əməkdaşlığa ehtiyac var idi. Ona görə də bizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq. Uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır. Layihə getdikcə daha çox ölkələri əhatə edir. Çünki bizim təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorlarımız var. Layihə həqiqətən də enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişir. On il bundan əvvəl başladılan təşəbbüsün yaxşı nəticələrini görəndə, əlbəttə ki, insan özünü hər zaman xoşbəxt hiss edir.

Dövlət başçısı vurğuladı ki, COP29 bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik.


Təhdid yaradan amildən söz açan ölkə başçısı bildirdi ki, biz iqlim dəyişikliyinin fəsadlarını, təhlükəli fəsadlarını görürük, çaylarımızda su azalır, dağlarımızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır. Əgər biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik.

Ölkə başçısı qeyd etdi ki, Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialımız 157 giqavat təşkil edir.

Dövlət başçısı söylədi ki, artıq mühüm yolu qət etməyə başlamışıq. Ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq. Azərbaycan neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardı. Neft və qaza malik ölkələr günahlandırılmamalıdır, qazıntı yanacağına sahib olmaq onların günahı deyil. Görülən işə gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verilməlidir. Nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq. Son 20 ildə Azərbaycanda yoxsulluğun səviyyəsini 50 faizdən 5 faizə enib.



Facebook-da paylaş