• Təqvim

  • Maraq



Qazaxda icra başçısının fevral ayında vətəndaşlarla keçirilən ilk səyyar görüşü Qazaxbəyli kənd sakinləri ilə olub


Prezident İlham Əliyev tərəfindən icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə keçirilən görüşlər zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr bir məqsədə xidmət edir ki, bunun kökündə vətəndaş amili dayanır. 

Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, vətəndaşların qayğılarına həssaslıqla yanaşılması, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə şəhər və kəndlərdə keçirilən səyyar qəbullar onu deməyə əsas verir ki, vətəndaş amili dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. 

Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının fevral ayında vətəndaşlarla nəzərdə tutulan ilk səyyar görüşü Qazaxbəyli kənd sakinləri ilə olub. 

Fevralın 1-də Qazax rayon Alı Mustafayev adına Qazaxbəyli kənd tam orta məktəbdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, əməkdaşlarının, kənd sakinlərinin iştirakı ilə keçirilən görüşdə dövlət-vətəndaş münasibətindən, ölkə rəhbəri tərəfindən vətəndaşlara göstərilən qayğıdan, respublikamızda və rayonda aparılan quruculuq işlərindən söhbət açılıb, sakinləri narahat edən məsələlər dinlənilib.

Görüşdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən igid Vətən oğullarının əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub. 


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayıb, kənddə keçirilən görüşün məqsəd və əhəmiyyətindən söz açıb. İcra başçısı bugünkü görüşün təməlində vətəndaş məmnunluğunun dayandığını, səyyar görüşün əsas məqsədinin sakinləri narahat edən məsələləri özlərinin dilindən öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etməyə, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmağa yönəldiyini bildirib. İcra başçısı ötən müddət ərzində Qazaxbəyli kəndində keçirilən səyyar görüşlərdə qaldırılan məsələlərin də zamanla müsbət həllini tapdığını qeyd edib. Qazaxbəyli kənd uşaq bağçasının yüksək səviyyədə təmir olunduğunu, kənddə su probleminin aradan qaldırıldığını qeyd edib.

Rayon rəhbəri 2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbədən danışıb. Həmin müharibədə qanları ilə tarix yazan şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan söz açan icra başçısı illər ötsə belə şanlı zəfəri bizə bəxş edən oğullarımızın heç zaman unudulmayacağını qeyd edib. Rayon rəhbəri şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. İcra başçısı Birinci Qarabağ müharibəsində Qazaxbəyli kəndindən 2 nəfərin şəhid verdiyini, 6 nəfərin müharibə əlili olduğunu qeyd edib. 44 günlük Vətən müharibəsində Qazaxbəyli kəndindən 17 nəfərin iştirak etdiyini, onlardan 11 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu, 3 nəfərin müharibə əlili olduğunu söyləyib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib. 


Son illər rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi, əkin sahələrinin genişləndirilməsi istiqamətində görülmüş işlərdən söz açan icra başçısı Qazaxbəyli kəndində də əkin sahəsinin artdığını qeyd edib. Rayon rəhbəri 2016-cı ildən bu yana Qazaxbəyli kəndində əkin sahəsinin 251,3 hektardan 309 hektara çatdırıldığını söyləyib. 

Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Kənddə 17 nəfərin "Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 1 nəfərin şəhid ailəsinin üzvü, 3 nəfərin Birinci Qarabağ müharibəsi iştirakçısı, 6 nəfərin Vətən müharibəsi iştirakçısı, 7 nəfərin isə aztəminatlı ailə olduğunu qeyd edib.

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Qazaxbəyli kəndində də elektrik dayaqlarının yenilənməsinə, SİP kabelləşmə işinin davam etdirilməsinə, rabitə xətlərinin yenilənməsinə ehtiyac olduğunu vurğulayaraq bu sahədə işlərin nəzərdə tutulduğunu bildirib. Kənddə internetin keyfiyyətinin yüksəldilməsi məqsədilə “Azəronline MB” LTD və “Citynet” şirkətləri tərəfindən fiber-optik internet xəttinin çəkildiyini və sakinlərin sürətli internetlə təmin olunduğunu bildirib.

Rayon rəhbəri bir neçə kənddə kəndarası yollara asfalt vurulmasının nəzərdə tutulduğunu, bunun bariz nümunəsi olaraq Ağköynək, Qarapapaq, İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Xanlıqlar kəndlərini göstərib. Növbəti illərdə Qazaxbəyli kəndində də nəzərdə tutulduğunu söyləyib. 


Rayon rəhbəri sakinlərlə keçirilən görüşdə narkomaniya və erkən nikahın törətdiyi fəsadlardan da danışıb, bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Narkomaniya və erkən nikahın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində valideynlərlə, müəllimlərlə yanaşı, hər kəsin üzərinə məsuliyyət düşdüyünü bildirib. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin, xüsusilə də ağsaqqalların bu işlərdə səfərbər olmasını, öz mövqelərini bildirmələrini tövsiyə edib. Rayon rəhbəri ailə dəyərlərinin təbliği, valideyn məsuliyyətinin artırılması, qızların təhsildən yayındırılması hallarına qarşı mübarizədə, erkən nikahın fəsadları ilə bağlı mübarizədə hər bir vətəndaşın səfərbər olmalı olduğunu vurğulayıb. Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın narkomaniyaya, eləcə də erkən nikaha qarşı mübarizədə barışmaz mövqedə olduğunu bildirib. Rayon rəhbəri erkən nikahla bağlı lazımi tədbirlərin görüldüyünü, qanunda dəyişiklik edildiyini, erkən nikah hallarına yol verən valideynlərin, şəxslərin cinayət məsuliyyətinə cəlb ediləcəyini söyləyib. 


Sonra icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. Sakinlər onlarla görüşə gəldiyinə, göstərilən qayğıya görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər. Son illər rayonda, o cümlədən Qazaxbəyli kəndində görülən işlərə, bağçada gələcəyimiz olan uşaqlar üçün yaradılan şəraitə, ən əsası da ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər. Ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, eləcə də “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş, Qazaxbəyli kənd sakini, 3-cü dərəcəli Vətən müharibəsi əlili (MAHHXHQ) Rəhimov Fəqan Fazil oğlunun yaşadığı evin təmir olunmasını dövlətin qazilərimizə olan qayğısının bariz nümunəsi kimi qiymətləndiriblər. 

Qazi Fəqan Rəhimov da öz növbəsində ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə şəhid ailələrinə, hərbçilərə, qazilərə göstərilən qayğıya görə minnətdarlığını bildirib. Yararsız vəziyyətdə olan evinin sökülərək yenidən tikilməsini minnətdarlıqla qarşılayıb, əziyyəti olan hər kəsə razılıq edib. 

Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərin su itkisinin qarşısının alınması məqsədilə kənddə olan suvarma arxlarının beton üzlüyə alınması, kənddə 1 ədəd subartezian quyusunun qazılması ilə əlaqədar müraciətlərini dinləyən rayon rəhbəri hər bir məsələyə həssaslıqla yanaşılacağını, səslənən məsələlərin diqqətdə saxlanılacağını, nəzarətə götürüləcəyini söyləyib. Qeyd edilən məsələlərlə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırıldığnı bildirib. 

GOYEZEN.AZ



Facebook-da paylaş